Azərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib - Kamran Əliyev
10:16 SiyasətAzərbaycan son illər qlobal təşəbbüslərə ev sahibliyi edən mühüm beynəlxalq mərkəzə çevrilib. Təkcə ötən il ölkəmiz BMT-nin COP29 İqlim Konfransına və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik toplantısına ev sahibliyi etmiş, hüquq-mühafizə orqanlarının ətraf mühit cinayətlərinə qarşı mübarizəsinə dair yüksək səviyyəli sessiya da daxil olmaqla, bir sıra vacib tədbirlər uğurla təşkil olunub. Azərbaycan GlobE Şəbəkəsinin fəal üzvü olaraq bu platformanı yüksək qiymətləndirir. Bu şəbəkə beynəlxalq əməkdaşlığın möhkəmlənməsinə, dürüstlüyün təşviqinə və transmilli korrupsiyaya qarşı birgə mübarizəyə töhfə verir.
Olaylar.az xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev BMT-nin Korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanlarının Qlobal Əməliyyatlar Şəbəkəsi - "GlobE Network" çərçivəsində Bakıda keçirilən altıncı plenar iclasının açılış mərasimində çıxış edərkən deyib.
Baş prokuror qeyd edib ki, bu təşəbbüsün yaranması və inkişafında Səudiyyə Ərəbistanı Krallığının və xüsusilə onun korrupsiyaya qarşı mübarizə orqanı olan "Nazaha" təşkilatının əvəzsiz rolu olub. Biz bu mühüm qlobal təşəbbüsə verdikləri töhfəni və göstərdikləri liderliyi yüksək dəyərləndiririk:
"Dünya miqyasında sərhəd tanımayan korrupsiyaya qarşı mübarizə birgə, əlaqələndirilmiş və qətiyyətli yanaşma tələb edən mürəkkəb, lakin zəruri bir çağırış olaraq qalır. Bugünkü plenar sessiya bu qlobal iradənin təzahürüdür. Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır. Cəza təqibi ilə yanaşı, institusional islahatlar, ictimai maarifləndirmə, rəqəmsal texnologiyaların tətbiqi və vətəndaş cəmiyyətinin iştirakı ilə birgə geniş tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin müraciətində də qeyd edildiyi kimi, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu sahədə əlaqələndirici və aparıcı rola malikdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyində şəffaflıq və qanunun aliliyi prinsipləri, bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdirilərək korrupsiyaya qarşı sıfır tolerantlıq mövqeyi ilə davam etdirilir. Dövlət başçısının siyasi iradəsi, konkret hədəfləri və prinsipial mövqeyi bu sahədə əldə etdiyimiz nəticələrin əsas təməlini təşkil edir".
Baş prokuror xatırladıb ki, ölkəmizdə 2012-ci ildə yaradılmış və artıq beynəlxalq səviyyədə tanınan "ASAN xidmət" modeli vətəndaşlar üçün şəffaf və sürətli xidmət nümunəsi, korrupsiyanın qarşısının alınmasında və ictimai idarəçiliyə etimadın gücləndirilməsində mühüm rol oynayır. Bu innovativ yanaşma rəqəmsallaşma və şəffaflıq üzərində qurulmuş uğurlu dövlət siyasətinin göstəricisidir:
"12-ci əsrdə yaşayıb-yaratmış dahi Azərbaycan şairi Nizami Gəncəvi "Şərəfnamə" əsərində demişdir: "Dünyanı namusla olur saxlamaq, onunla ucalır dövlət və bayraq". Bu dərin və müdrik fikrin işığında anlayırıq ki, korrupsiya təkcə qanunun pozulması deyil. O, cəmiyyətin ruhuna, insanın inamına, gələcək nəsillərin ümidlərinə zərbədir. Məhz buna görə də bugünkü plenar sessiyanın əhəmiyyəti ölçülməzdir. Biz birgə səylərlə daha şəffaf, daha dürüst və sabaha inamla baxan bir dünya qurmağa çalışırıq. Gələcək nəsillərə ədalətli cəmiyyət və aydın sabahlar miras qoymaq üçün bu mübarizədə bir addım da irəli getməliyik" , - Baş prokuror diqqətə çatdırıb.