ABŞ-nin vitse-prezidenti Vens hərbi əməliyyatlar səbəbindən İsrail səfərini ləğv etdi- ÖZƏL

ABŞ-nin vitse-prezidenti Ceym Devid Vens İsrailin Qəzza zolağında apardığı genişmiqyaslı hərbi əməliyyatların intensivləşməsi fonunda bu ölkəyə planlaşdırılan səfərini ləğv edib. Olaylar.az xəbər verir ki, bu barədə ABŞ-nin yüksək vəzifəli rəsmisinə istinadən "Axios" platformasına əsaslanaraq məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Vens bu addımı, ABŞ Prezidenti Donald Trampın administrasiyasının İsrailin genişləndirilmiş hərbi əməliyyatına dəstək verdiyi təəssüratını yaratmamaq üçün atıb. Vaşinqton tərəfləri atəşkəsə razılaşmağa və girovların azad olunmasına çağırır.
Qeyd edək ki, Tramp administrasiyası daha öncə İsrailə Vensin mayın 20-də Papa XIV Levonun tacqoyma mərasimindən sonra bu ölkəyə səfər edə biləcəyini bildirmişdi. Trampın Yaxın Şərqə səfəri zamanı İsraili ziyarət etməməsi ölkə daxilində tənqidə səbəb olmuşdu.
ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff isə HƏMAS və İsrailə Qəzzada saxlanılan girovların azad olunması və atəşkəsə dair yenilənmiş təklif təqdim edib və tərəflərə bu təklifi qəbul etmələri üçün təzyiqlər göstərməyə çalışır.
Mayın 16-sı gecə İsrail Müdafiə Qüvvələri "Gideonun arabaları" kod adlı genişmiqyaslı əməliyyata başladığını elan edib. Əməliyyatın məqsədi HƏMAS-ın nəzarətində olan Qəzzada strateji ərazilərin ələ keçirilməsi, girovların azad olunması və təşkilatın məhv edilməsidir. Mayın 19-u səhər saatlarında isə ordu Qəzzanın cənubunda yerləşən Xan Yunis şəhərinə zərbələri daha da intensivləşdirib.
İsrailin Baş naziri Benyamin Netanyahunun sözlərinə görə, İsrail ordusu Qəzza zolağının bütün ərazisinə nəzarət etməyi planlaşdırır: "Əsgərlərimiz Qəzzada işi mükəmməl yerinə yetirir", - deyə o, əlavə edib.
Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumlarına cavab olaraq Qəzzada hərbi əməliyyatlara başlayıb. Qəzzanın Səhiyyə Nazirliyinin məlumatına görə, bu müddət ərzində 53 339 fələstinli həlak olub, 121 034 nəfər isə yaralanıb. HƏMAS-ın hücumu zamanı İsraildə 1 200-ə yaxın insan ölüb, təxminən 250 nəfər isə girov götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31