“Tiranadakı davranış güc balansını ortaya qoydu” – Əli Mustafa – ÖZƏL

Tiranada keçirilən Avropa Siyasi Birliyi Zirvəsində Paşinyanın "gedək kofe içək" təklifi və Əliyevin "görüşlərim var, sonra" cavabı Bakı-İrəvan münasibətlərində güc balansını necə göstərir?

"Tiranada Prezident İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü və danışıqları baş tutdu. Bu görüşdə müəyyən məsələlərin, xüsusilə də mühüm istiqamətlərin müzakirə olunması üçün imkanlar yarandı. Amma konkret olaraq bu sualda qeyd olunduğu kimi, məsələyə kontekst baxımından yanaşsaq, Cənubi Qafqazda artıq həll edilmiş və hələ də həllini gözləyən məsələlər var. Bu məsələlərin əsas iştirakçıları isə məhz Azərbaycan və Ermənistandır. Təbii ki, hər iki dövlətin öz maraqları mövcuddur, lakin eyni zamanda regionla və dünyayla bağlı maraqlar və gözləntilər də var".

Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Əli Mustafa deyib. O qeyd edib ki, Ermənistan daxili və beynəlxalq təzyiqlər arasında manevr etməyə çalışsa da, güc balansının Azərbaycanın xeyrinə dəyişməsi fonunda sülh prosesində daha zəif və çətin vəziyyətdə görünür.

"Münasibətlərin sülh danışıqlarına gəlməsi üçün Azərbaycan kifayət qədər böyük enerji və zaman sərf edib. Hazırda isə güc balansı dəyişib. Bu günə qədər "güclü tərəf" kimi görünən Ermənistan, indi daha güclü Azərbaycan qarşısında həm manevr etməyə çalışır, həm də daxili auditoriyası ilə yanaşı, beynəlxalq münasibətlərdə - səhnə arxasında baş verən proseslərdə uyğunluq tapmağa çalışır. Azərbaycan isə bu gün haqlı mövqelərini reallaşdırmaq istəyərkən, Ermənistanın daxili ictimaiyyətində müəyyən müqavimətlə qarşılaşır. Əgər Ermənistan daxili auditoriyanın istəklərini reallaşdırmaq istəsə, bu dəfə də Azərbaycanın daha güclü siyasi çəkisi, diqtəsi və təsiri ilə qarşılaşır. Bu mənada Ermənistanın manevr imkanlarının məhdud olduğunu, çabaladığını görmək mümkündür. Azərbaycan isə daha rahat, daha özünəinamlı təsir bağışlayır. Prezidentin davranışlarında da bu açıq-aşkar hiss olunur. Müqavilənin imzalanması ilə bağlı tərəflərin müxtəlif fikirləri mövcuddur. Azərbaycanın konkret təklifləri və tələbləri var. Ermənistanın baş naziri də bu reallığı anlayır və Azərbaycanın haqlı olduğunu qəbul edir. Lakin o, eyni zamanda həm daxili auditoriyanın tələblərini nəzərə almalıdır, həm də qarşıda onu seçki gözləyir. Bu baxımdan Ermənistan bir qədər zəif tərəf kimi diqqəti cəlb edir. Ermənistan bu gün nə hərbi, nə də siyasi baxımdan Azərbaycanla eyni səviyyədə deyil. Azərbaycanın daha haqlı və əsaslandırılmış iddialarla çıxış etdiyini görmək mümkündür və bunu beynəlxalq ictimaiyyət də anlayır".

Siyasi şərhçinin sözlərinə görə, Ermənistanın müəyyən jestlərdən istifadə edib münasibətləri yumuşaltmağa, ciddi məsələləri daha yüngül və qeyri-rəsmi mühitlə əvəzləməyə çalışdığı müşahidə olunur. Bu isə həm maraqlı, həm də Azərbaycanın haqlı mövqeyinə adekvat reaksiya kimi qiymətləndirilə bilər.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31