"Prezidentin çətir jesti diplomatik incəlik və siyasi mesaj daşıyır"- Turan Rzayev- ÖZƏL
16:48 Siyasət"Prezident İlham Əliyevin Avropa İttifaqının ali rəsmisi ilə yağışlı hava şəraitində birgə çəkilmiş görüntüsü diqqət çəkir. Prezidentin əlindəki çətirin Avropa rəsmisini də yağışdan qoruması bir anlıq səhnə kimi görünsə də, əslində ciddi siyasi və simvolik mesajlar özündə ehtiva edir".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib:
"Hesab edirəm bu sadəcə protokol nəzakəti deyil. Əslində bu foto Azərbaycan diplomatiyasının yönünü və geosiyasi strateji xəttini izah edən incə, lakin güclü bir rəmzdir.
Aydın məsələdir ki, geosiyasətdə simvolizmin rolu heç vaxt az olmayıb. Xüsusilə də protokol səviyyəsində verilən jestlər çox zaman konkret diplomatik məzmun daşıyır. Prezident İlham Əliyevin çətir tutaraq Aİ-nin xanım rəsmisini yağışdan qoruması rəmzi mənada, Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərdə daha etibarlı və inamlı tərəfdaş kimi çıxış etdiyini göstərir.
Burada diqqət çəkən əsas məqam Avropa rəsmisinin "Azərbaycanın çətiri altına keçməsi"dir. Məsələyə bu baxış bucağından yanaşdıqda belə nəticəyə gəlmək olar ki, Bakı ilə Brüssel arasında münasibətlərin əvvəlkindən daha isti və qarşılıqlı anlaşmaya əsaslanır. Bunu həm də yeni mərhələnin başlağıcı kimidə demək mümkündür.
Prezident İlham Əliyev sadəcə rəsmi çıxışlarında deyil, davranış və jestlərində də yüksək siyasi incəlik nümayiş etdirən liderdir. Bu jest həm protokol baxımından nəzakətli davranış, həm də Azərbaycanın Aİ ilə əməkdaşlıqda nə qədər səmimi, balanslı və müstəqil xətt yürütdüyünün göstəricisidir.
Bu görüntü beynəlxalq ictimaiyyətə bir mesajdır. Yəni Azərbaycan daha artıq təkcə enerji tərəfdaşı və nəqliyyat qovşağı deyil, həm də siyasi baxımdan dialoq aparmaq, etimad qurmaq və əməkdaşlıq təklif etmək gücündə olan bir dövlətdir. Bu cür jestlər fonunda Azərbaycanın Avropa platformalarında fəallığının artması, Cənubi Qafqazda gedən proseslərə Avropa tərəfindən fərqli baxışın formalaşması ehtimalı da yüksəlir.
Çətir detalı Azərbaycanın diplomatiyada "yumşaq güc" alətlərindən necə effektiv istifadə etdiyini göstərən nümunədir. Son illərdə rəsmi Bakı təkcə enerji və təhlükəsizlik sahəsində deyil, həm də siyasi mədəniyyət, liderlik davranışı və səmimiyyət kimi sahələrdə də uğurlu xətt yürüdür. Prezidentin bu davranışı Azərbaycanın öz diplomatik kimliyini təkcə siyasi bəyanatlarla deyil, həm də konkret və rəmzi addımlarla necə möhkəmləndirdiyinin göstəricisidir.
Unutmayaq ki, diplomatiyada jestlər bəzən rəsmi sənədlərdən daha artıq şey deyə bilir. Bu jestin fonunda Azərbaycanın Avropa İttifaqı ilə danışıqlarda daha əlverişli mövqeyə keçməsi mümkündür. Eyni zamanda, Rusiya ilə münasibətlərin müəyyən gərginlik fonunda Avropa ilə artan isti təmaslar Azərbaycanın çoxvektorlu siyasətini real müstəvidə davam etdirdiyini sübut edir".
Zeynəb Mustafazadə