Azərbaycan beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru kimi çıxış edir
15:33 SiyasətBu, dövlət başçısının diplomatiyasının daha bir parlaq nailiyyətidir
"Hazırda beynəlxalq münasibətlər sistemində çox ciddi geostrateji dəyişikliklər baş verir. Məhz bu dəyişikliklər və digər proseslərin fonunda beynəlxalq müstəvidə yeni çağırışlar meydana gəlir. Yeni geostrateji şəraitdə milli dövlətlərin beynəlxalq münasibətlər sistemində yeri və rolu məhz həyata keçirilən müstəqil siyasətin önəmindən asılıdır. Belə bir situasiyada müstəqil siyasət həyata keçirən, güclü siyasi iradəyə və maliyyə imkanlarına malik olan dövlətlər sabitliyə və inkişafa nail olur, beynəlxalq mövqelərini mütəmadi olaraq möhkəmləndirirlər. Bu kontekstdə müasir beynəlxalq münasibətlər sisteminin müstəqil aktoru və Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın yaratdığı mənzərə unikal, mütərəqqi nümunə kimi çıxış edir".
Bu fikirləri "Olaylar"a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində Azərbaycan böyük inkişaf yolu keçib, ölkəmizin qarşısında yeni perspektivlər açılıb. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin iqtisadi, siyasi və hərbi qüdrətinin, bütövlükdə, isə milli gücünün artmasını təmin edib. Bununla yanaşı, tarazlaşdırılmış və milli maraqlara əsaslanan siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycanın beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənib. Hazırda regional güc mərkəzi olan Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır və dünyada böyük etimad qazanıb. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə həm də regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Digər tərəfdən, milli maraqlara uyğun olaraq reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlərini, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini uğurla davam etdirir.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin mötəbər beynəlxalq tədbirlərə dəvət olunması da Azərbaycanın və onun liderinin böyük nüfuzunun göstəricisidir. Bu baxımdan, Azərbaycan Prezidentinin Tiranada keçirilən Avropa Siyasi Birliyinin 6-cı Zirvə toplantısına dəvət olunması da bu reallığı təsdiqləyir. Bütövlükdə, Azərbaycan Prezidenti İlham Əliyevin adı, fəaliyyəti və siyasəti inkişaf və sabitlik anlayışları ilə assosiasiya olunur. Azərbaycan Prezidentinin çoxşaxəli və mütərəqqi xarici siyasət kursu müasir dünyanın, xalqlararası əməkdaşlığın inkişafında və sivilizasiyalararası dialoqda mühüm rol oynayır. Cənab İlham Əliyevin praqmatik strategiyası, təklif və təşəbbüsləri dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə, bəşəri dəyərlərin təbliği və təşviqinə, qlobal xarakterli problemlərin həllinə dəyərli töhfələr verir.
"Dövlətimizin başçısının son illər müxtəlif beynəlxalq tədbirlərə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitinə, Ərəb Dövlətləri Liqasının Zirvə toplantısına, Mərkəzi Asiya ölkələrinin liderlərinin sammitinə və digər beynəlxalq tədbirlərə dəvət olunması dövlətimizin liderinin yüksək nüfuzunun ifadəsidir. Bu baxımdan, Avropa Siyasi Birliyinin növbəti sammitində iştirak da xüsusi vurğulanmalıdır. Sammit çərçivəsində Avropa İttifaqı Şurasının Prezidentinin və Avropa Komissiyasının rəhbərinin, eləcə də müxtəlif ölkələrin liderlərinin Prezident İlham Əliyevlə görüşü Azərbaycanın və onun rəhbərinin beynəlxalq münasibətlər sistemində önəmli rolundan xəbər verir. Bütövlükdə, cənab İlham Əliyevin Avropa Siyasi Birliyinin növbəti sammitində yüksək səviyyədə iştirakı dövlətimizin başçısının diplomatiyasının daha bir parlaq nailiyyətidir".