Ermənistan və Azərbaycan liderlərinin yeni görüşü istisna edilmir – ÖZƏL

Ermənistan və Azərbaycan liderlərinin yaxın vaxtlarda yenidən görüşə biləcəyi ehtimalı var. 

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, tərəflər sülh prosesi ilə bağlı müzakirələri davam etdirmək niyyətindədir: "Bu müzakirələr həm dövlət başçıları, həm də iki ölkənin xarici işlər nazirlikləri səviyyəsində davam edə bilər".

Eyni zamanda Simonyan konkret razılaşmalar barədə məlumata malik olmadığını, bunun yalnız ehtimallar olduğunu vurğulayıb.

"Hazırkı proseslər sülh sazişinin imzalanma yeri və vaxtının müəyyənləşdirilməsinə yönəlib. Həm Ermənistan tərəfi, həm də beynəlxalq tərəfdaşlar bu müqavilənin gerçəkləşməsi üçün çalışırlar", - deyə spiker əlavə edib.

Xatırladaq ki, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev sonuncu dəfə 16 mayda Avropa Siyasi Birliyi sammiti çərçivəsində Tiranada görüşüblər. Görüş zamanı münasibətlərin normallaşması və sülh sazişinin imzalanması məsələləri müzakirə olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31