Tramp vaxt qoydu - Müharibə bu gün bitir?

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə ayrı-ayrılıqda apardığı telefon danışıqlarının Ukraynadakı müharibədə atəşkəsin əldə olunması istiqamətində irəliləyişə səbəb olacağına ümid etdiyini bildirib. 

Tramp həftəsonu sosial şəbəkədə paylaşdığı açıqlamasında bazar ertəsini "məhsuldar gün" adlandıraraq, atəşkəslə bağlı nəticə əldə olunacağına ümid etdiyini qeyd edib. Onun diplomatik səylərinə NATO liderləri ilə əlaqələr də daxildir.

Trampın məhz bu gün üçün atəşkəs qərarı nə ilə əlaqəlidir? NATO Zelenskini qəbul edəcəkmi?

Olaylar.az xəbər verir ki, sözügüdən məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Elçin Xalidbəyli ABŞ Prezidenti Donald Trampın Ukrayna müharibəsini dayandırmaq məqsədilə başlatdığı prosesin artıq nəticəsiz qaldığını deyib. Onun sözlərinə görə, bu təşəbbüsün başlanğıcında, həmçinin ondan əvvəl Ağ Ev emissarlarının vasitəçiliyi ilə əldə olunmuş Tramp-Putin razılaşması da pozulub:

"Bunun nəticəsində, ABŞ Ukraynanın təbii resurslarının istismarı ilə bağlı razılaşma imzaladıqdan sonra bu ölkədəki münaqişənin həlli prosesində vasitəçilik rolundan geri çəkilib. Bu isə o deməkdir ki, ABŞ artıq formal olaraq vasitəçi statusunda çıxış etmir və danışıqlarda əsas siyasi iradə mərkəzi hesab olunmur. Şübhəsiz ki, telefon danışıqları diplomatik əməkdaşlıqda müəyyən əhəmiyyət kəsb edir. Lakin bu, prosesə həlledici təsir göstərmir. Çünki Ukrayna ilə Rusiyanın maraqları tamamilə fərqlidir. Rusiya faktiki olaraq "sülh sazişi" adı altında Ukraynaya təslim şərtlərini qəbul etdirmək istəyir. Ukrayna isə bu tələblərlə razılaşmır və öz ərazilərinin tam şəkildə Rusiya hərbi qüvvələrindən azad olunmasını tələb edir".

Politoloq Moskvanın növbəti sülh danışıqlarında Kiyevi əlavə ərazi işğalı ilə hədələdiyini qeyd edib. E.Xalidbəyli bildirib ki, belə bir şəraitdə Rusiya və Ukrayna arasında yaxın zamanda sülh razılaşmasının əldə olunması və atəşkəsin elan olunması real görünmür:

"Trampın ümidlərinin hansı əsaslara söykəndiyi isə hələlik aydın deyil. Mövcud vəziyyətdə tərəflər arasında mövqelərin yaxınlaşmasına dair heç bir əlamət müşahidə edilmir. Bu baxımdan demək olar ki, Tramp növbəti dəfə populist çıxışlarla gündəmi zəbt etməyə çalışır. O hələ də Rusiyanı danışıqlar masasına oturtmağın mümkün olduğuna inanır. Lakin Kremlin ritorikası və Rusiya tərəfinin sərgilədiyi aqressiv mövqe göstərir ki, müharibə davam edəcək. Buradan belə qənaətə gəlmək olar ki, ABŞ Rusiyanı dilə tutmaq əvəzinə, Kiyevə hərbi dəstəyi bərpa etməyə yönəlsə, bu daha məqsədəuyğun addım olar. Çünki NATO üzvü olan Avropa dövlətləri İstanbul görüşünün uğursuzluğundan sonra Rusiyaya qarşı yeni sanksiyalar paketi üzərində işə başlayıblar. Gözlənilir ki, bu tədbirlər Moskva üçün daha ağır nəticələrə səbəb ola bilər. Paralel olaraq, ABŞ-də də Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqinə hazırlıq gedir. Hətta Donald Tramp belə, bu barədə xəbərdarlıq edib və bildirib ki, növbəti tədbirlər dağıdıcı xarakter daşıyacaq".

Müsahibimiz Rusiyanı sülhə məcbur etməyin yeganə yolunun sərt təzyiqlərin artırılması, eyni zamanda ABŞ və NATO-ya üzv olan Avropa ölkələrinin Ukraynaya həm maliyyə, həm də hərbi yardımını gücləndirməsi ola biləcəyini vurğulayıb:

"Belə olan halda, Kiyev Rusiyaya qarşı mübarizədə üstünlük qazana bilər. Ehtimal olunur ki, qarşıdakı mərhələdə proseslər məhz Ukraynaya hərbi dəstəyin artırılması istiqamətində inkişaf edəcək. Lakin Ukraynanın yaxın zamanda NATO-ya rəsmi üzvlüyü ilə bağlı perspektivlər real görünmür. Hazırda Ukraynanın əsas dayağı ABŞ və Qərbin davamlı dəstəyidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31