Deputat: Ermənistan və Azərbaycan Rusiya bazasının çıxarılmasını razılaşdırmış ola bilər – ÖZƏL
19 May 2025 11:59 SiyasətOlaylar.az xəbər verir ki, Ermənistan parlamentinin müxalif "Şərəfim var" fraksiyasının deputatı Tiqran Abramyan hesab edir ki, İrəvan və Bakı Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsini koordinasiya etmiş ola bilərlər.
Abramyan sosial şəbəkədə yazıb ki, Azərbaycan Prezident Administrasiyasının əsas fiqurlarından biri olan Hacızadə Ermənistanla danışıqlardan danışarkən, regionda xarici hərbi qüvvələrin qalmasına artıq ehtiyac olmadığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Ermənistan ərazisində digər ölkənin hərbi mövcudluğundan imtinanı sülh üçün ilkin şərt kimi irəli sürür.
Deputat qeyd edib ki, Bakı açıq şəkildə bildirir: sülhün əldə olunması üçün Rusiya hərbi bazasının Ermənistandan çıxarılması vacibdir. O, həmçinin əlavə edib ki, Azərbaycan və Türkiyə regiondakı rollarını yenidən formalaşdırır və bu prosesdə Ermənistana yalnız "əlavə" rolu ayrılır.
Xatırladaq ki, Rusiya hərbi bazası 1995-ci il dövlətlərarası sazişə əsasən Gümrüdə yerləşdirilib. 2010-cu ildə müqaviləyə edilən dəyişikliklə bazanın qalma müddəti 2044-cü ilə qədər uzadılıb. Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədləri isə hələ də Rusiyanın FSB sərhəd xidməti tərəfindən qorunur.