“Binokl diplomatiyası” Avropa İttifaqı-Azərbaycan münasibətlərində soyuqluq yaradıb- ÖZƏL

"Son bir neçə ildə Avropa İttifaqı Azərbaycanla münasibətlərin sərinləşməsinə gətirib çıxaran addımlar atıb. Xüsusən Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən sonra bu qurumun Ermənistanı müdafiə edən mövqe ortaya qoyması, Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində müşahidə missiyası adı altında həyata keçirdiyi  "binokl diplomatiyası" əlaqələrdə soyuqluq yaradıb. Bu məsələdə əsas rolu Avropa İttifaqının əvvəlki administrasiyasının Azərbaycana qarşı ədalətsiz münasibəti oynayıb". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Mübariz Qurbanlı deyib: "Lakin dəyişikliklərə məruz qalan dünya nizamı Avropa İttifaqını bu cür siyasi fəaliyyətdən imtinaya vadar edir. Hazırda özünün iqtisadi və enerji təhlükəsizliyi ətrafında daha çox düşünməyə məcbur olan Avropa İttifaqının yeni administrasiyası bu məsələlərdə Azərbaycanla tərəfdaşlığın mühüm əhəmiyyət kəsb etdiyini, Ermənistanın isə Avropanın maraqları baxımından heç bir rol oynamadığını başa düşür. Hələ aprel ayında Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana səfərinin də əsas səbəbi budur. Xatırladım ki, bu vəzifəni ötən ilə qədər daşıyan Cozef Borel ermənipərəst siyasət yürüdürdü.

Prezident İlham Əliyevin mayın 16-da Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşündə də Azərbaycanla tərəfdaşlığa verilən önəm aydın ifadə olundu. Həm Antonio Koşta, həm də Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirdilər. Bununla yanaşı, Azərbaycanın Orta Dəhlizdə aparıcı rolu, regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da görüşdə məmnunluqla qeyd edildi. Bütün bunlar bir daha göstərir ki, Avropa İttifaqı Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq siyasətinin həyata keçirilməsində Azərbaycanın etibarlı tərəfdaş olduğunu anlayır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31