“…dünyanın bir çox ölkəsi Afrika ilə əlaqələr qurmağa maraq göstərir”— ÖZƏL

Milli Məclisdə keçirilən "Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu" mövzusunda iclasda deputat Zaur Şükürov Azərbaycanın Qoşulmama Hərəkatındakı fəallığının və Afrikaya yönəlik ədalətli yanaşmasının bu regionda nüfuzunu artırdığını bildirib. O, Cənubi Afrika İnkişaf Təşkilatına üzv 15 ölkə ilə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev ilin sonuna qədər Nigeriya, Zimbabve, CAR və Konqo ilə siyasi məsləhətləşmələrin planlaşdırıldığını açıqlayıb.

Maraqlıdır, Azərbaycanın Afrikaya yönəlik diplomatik fəallığı hansı konkret nəticələr və strateji üstünlüklər vəd edir?

Politoloq  Kazım Kazımov Olaylar.az-a açıqlamasında bildirib ki, Afrika qitəsi, şübhəsiz ki, dünyanın böyük və sürətlə böyüyən bazarlarından birinə çevrilməkdədir: "Uzun illər Qərb kolonizminin ağır nəticələrini yaşayan bu qitə, iqtisadi, sosial və digər sahələrdə bir sıra ölkələrin ciddi şəkildə geridə qalmasına məruz qalıb. Postkolonial dövrdə də Afrikada baş verən vətəndaş müharibələri və digər xoşagəlməz hadisələr bu qitənin inkişafının qarşısında əsas maneələrdən biri olmuşdur. Lakin müasir dövrdə Afrika ölkələrində daha çox sabitliyin bərqərar olduğunu və bu sabitliyin iqtisadi və siyasi sistemlərin inkişafına imkan yaratdığını müşahidə edirik. Bu meyillərin güclənməsi ilə paralel olaraq, dünyanın bir çox ölkəsi Afrika ilə əlaqələr qurmağa maraq göstərir. Onlardan biri də, şübhəsiz ki, Azərbaycandır.
Azərbaycanın bu məsələdə əsas fərqi ondan ibarətdir ki, ölkə heç zaman   Afrikaya keçmiş kolonist yanaşma ilə baxmamışdır. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə də, ondan öncəki mərhələlərdə də, ölkəmiz hər zaman sivil və ədalətli siyasəti müdafiə edib. Xüsusilə də  Afrika ölkələrinin suverenliyi və Fransa neokolonizminə qarşı mübarizə arzusu Azərbaycanın siyasi dəstəyini qazanıb.İqtisadi və ticarət baxımından da  Azərbaycanla  Afrika arasında əməkdaşlıq inkişaf etməkdədir. Xüsusilə kənd təsərrüfatı, energetika və təhsil sahələrində bu əməkdaşlıqlar diqqət çəkir. Azərbaycanın ticarət həcmi hələ böyük olmasa da, artmaqda davam edir. Bu sahədə Efiopiya, Sudan, Nigeriya və digər Afrika ölkələrində həyata keçirilən layihələri nümunə göstərmək olar.Eyni zamanda Azərbaycanın Afrika ölkələrində diplomatik nümayəndəliklərinin açılması da qarşılıqlı əlaqələrin genişlənməsinə təkan verir. Bu əməkdaşlığın bir hissəsi olaraq Afrikalı tələbələrin Azərbaycan universitetlərində təhsil aldığı və onlara xüsusi güzəştlər tətbiq olunduğu da məlumdur.
Bütün bunlar onu göstərir ki, Azərbaycan və Afrika ölkələri arasında müasir dünya standartlarına və yeni dövrün tələblərinə cavab verən iqtisadi, siyasi və diplomatik münasibətlər sürətlə güclənir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31