İstanbul görüşündə Qafqaz faktoru: Zəngəzur dəhlizi üçün son həmlə - MÜSAHİBƏ

ReAl Partiyasının sədri Natiq Cəfərli "Teleqraf" İnformasiya Agentliyinin suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Natiq bəy, Rusiya-Ukrayna danışıqları üçün Türkiyənin seçilməsi təsadüfi deyil. Ankaranın güclənən mövqeyi regional proseslərin həllində nə dərəcədə təsirli ola bilər?

- Qardaş Türkiyənin Cənubi Qafqazda aparıcı mövqeyə sahib olması, Suriya məsələsindəki vacib rolu, Liviyada öz siyasətini yürütməsi, Yaxın Şərqdə, Orta Asiyada artan nüfuzu Azərbaycan üçün də sevindirici haldır. Hazırda dünyada transformasiya baş verir. Faktiki olaraq qlobal fraqmentallaşma gedir. Artıq qlobal deyil, fraqmentallaşan dünyada lider ölkələr meydana çıxır.

Türkiyənin nüfuzu məhz fraqmentallaşan dünyada olan liderlik davranışlarıdır. İranla Avropa İttifaqı arasında görüşün məhz Türkiyədə keçirilməsi onun mövqeyini nümayiş etdirir. Türkiyənin nüfuzu və etibarı bir çox beynəlxalq problemlərin bu məkanda həll olunmasına və müzakirəsinə imkan yaradır.

Nəticə etibarı ilə bu, Türkiyənin fraqmental dünyanın regional liderlərinə çevrildiyini sübut edir. Dünyada Türkiyənin mövqeyi ciddi şəkildə nəzərə alınacaq bir səviyyəyə yüksəlir. Bu, türk dünyasına, Türk Dövlətləri Birliyinin gələcəkdə regional mərkəzlərdən birinə çevrilməsi üçün şərait yaradır.

- PKK-nın silahı buraxması ətrafında fərqli yanaşmalar var. 40 illik savaşın bitdiyini söyləməyin hələ tez olduğunu iddia edirlər...

- Türkiyədə müxalif fikirləri əks etdirən media məkanlarında belə fikirlərə rast gəlinir. Hətta müxalif partiya liderləri də bu fikri bölüşürlər. Amma bütün bunlar XX əsrin tezisləridir. Müasir dünyada Türkiyənin əlində o qədər ciddi nəzarət mexanizmləri var ki, bu tipli məsələlərdə kimlərinsə oyun oynaması mümkün deyil. PKK-nın üzdə silahı buraxırıq deyib, əks-hərəkətlərdə bulunması qeyri-mümkündür. Bu, dərhal bilinən bir hal olacaq.

Ona görə də terror probleminin birdəfəlik həlli Türkiyə üçün çox böyük fürsətlərin açılmasına və genişlənməsinə gətirib çıxaracaq. PKK-nın qarşısına qoyulan tezislər ideoloji bir görüntü yaratsa da, onlar əslində maşa rolunu oynayırdılar.

- PKK-nın yaranmasında məqsəd nə idi? Bununla Türkiyəyə hansı məsələlərdə təsir etmək niyyətləri vardı?

- PPK keçmiş sovet imperiyasının yaratdığı bir təşkilat idi. 1978-ci ildə Yevgeni Primakov tərəfindən onun "ideyası" irəli sürülmüşdü. SSRİ dağıldıqdan sonra isə bu terror təşkilatında Türkiyəyə qarşı istifadə olunurdu. Daha buna ehtiyac qalmayıb. Artıq İrana bağlı proksi qüvvələr də getdikcə zəiflədilir. Bunlar isə qlobal tendensiyaların təzahürləridir. PKK-nın terror təşkilatı kimi qalıb Türkiyəyə qarşı hansısa şərtləri diktə etməsi mümkün deyil.

- Türkiyənin qlobal və regional miqyasda aparıcı mövqeyi regional kommunikasiya xətləri, Zəngəzur dəhlizi kimi vacib bir bağlantının işə düşməsində rolunu necə dəyərləndirmək olar?

- Bu region yaxın gələcəkdə kontinental dəhlizlərin əsas mərkəzi olacaq. Türkiyə artıq bu mərkəz funksiyasını yerinə yetirir. O, Avropa və Asiyaya açılan qapı hesab olunur.

Tarixi yanaşma odur ki, keçmiş yoldan asılılıq prinsipi inkar olunmur. Min illər öncə karvan yolları haradan keçirdisə, ona uyğun olaraq müasir dəhlizlərin marşrutu müəyyənləşir.

Türkiyə və Azərbaycan tarixən mühüm karvan yollarının kəsişdiyi nöqtə olub. İndi bunun müasir formada həyata keçirilməsinin şahidi oluruq. Hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı problem Rusiya ilə əlaqəlidir. Moskva bu dəhlizin açılmasına müəyyən maraq göstərsə də, bundan özü üçün yararlanmağa çalışır. Kremlin istəyi və gözləntisi ondan ibarətdir ki, yolun yeganə nəzarətçisi və moderatoru Rusiya olsun. Prosesdə düyün nöqtəsi də məhz bununla bağlıdır.

Faktiki olaraq, bu gün Rusiya Ermənistan dəmir yolu şəbəkəsinin sahibidir. Moskva məhz Zəngəzur dəhlizinə birbaşa nəzarət etməklə Azərbaycan, Türkiyə və Ermənistan üzərində təsir imkanlarını saxlamağa çalışır.

Sözsüz ki, Rusiyanın sona qədər bu prosesi aparması mümkün deyil. Çünki Kremlin Azərbaycan və Türkiyədən asılılığı getdikcə artır. Bu gün İstanbulda baş tutan Rusiya-Ukrayna görüşü də bunun təzahürüdür. Sanksiyalar altında olan Rusiya öz mallarını ancaq Türkiyə vasitəsi ilə bazarlara çıxara bilir. Ona görə də gec-tez Rusiya da reallığı anlayaraq qarşılıqlı güzəştlərlə Zəngəzur dəhlizinin açılmasına razılıq verəcək. Bununla regional dəhlizlər qlobal layihələrə çevriləcək.

Azərbaycan da öz növbəsində bu istiqamətdə xeyli investiya yatırıb. Zəngəzur dəhlizinə gedən yolların təmiri və hazır vəziyyətə gətirilməsi Bakı-Tbilisi-Qars, Ələt dəniz limanı kimi mühüm layihələr bu prosesin tərkib hissəsidir. Bütün bunlar Azərbaycanın Zəngəzur dəhlizi layihəsini qardaş Türkiyə ilə birlikdə rellaşdırmağa imkan yaradacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31