Dünyanın taleyi Türkiyədə həll olunur

Rəsmi  Ankaranın regional və qlobal oyunçuya çevrilməsi kimləri narahat edir?

Yeni dünya düzənində daha çox pay sahibi olmaq uğrunda gedən müharibələrin sonu görünmək bilmir. Hətta beynəlxalq siyasətin, daha doğrusu münaqişələrin cizgisini cızan nəhəng dövlətlərin özləri belə yaratdıqları "barıt çəlləyi"ni dağıdaraq sülh əldə etməkdə ümidsiz görünürlər. Hazırda Rusiya-Ukrayna müharibəsində, eləcə də Yaxın Şərqdəkı savaşda barışın əldə edilməsi müşkül məsələyə çevrilib. Başqa sözlə, Avropa dövlələri-ABŞ koalisiyasının barış təklifləri fiaskoya uğrayıb. Belə bir şəraitdə beynəlxalq münaqişələrin çözülə biləcəyi məkan kimi Türkiyə amili gündəmə gəlib. Hətta münaqişə tərəfləri də daxil olmaqla vasitəçi dövlətlər bu təklifi daha uğurlu seçim kimi dəyərləndirirlər. Rusiya Federasiyasının prezidenti Vladimir Putun görüşdən imtina etsə də, dövlət nümayəndələrinin Ukrayna ilə bir masa arxasında əyləşməsi məqbul sayılır. Düzdür, sözügedən görüşdə ciddi nəticənin əldə olunacağına şübhəli yanaşılsa da danışıqlar prosesinə startın verilməsinin özü irəliyə doğru atılmış addam kimi dəyərləndirilir. Məlum məsələdir ki, danışıqlar aparacaq dövlət nümayəndələri söz sahibi olmadıqlarından onların ortaq məxrəcə gələcəkləri barədə konkret fikir söyləmək sadəlövhlük olardı. Buna baxmayaraq, artıq dünyanın diqqəti Ankaraya fokuslanıb. Çünki, Türkiyədə dünyanın taleyi həll olunur. 

Bu arada xatırladaq ki, 50 ilə yaxın dövrdə fəaliyyəti ilə bölgədə təhlükəsizliyə təhdid yaradan Kürdüstan Fəhlə Partiyası (PKK) kimi tanınan silahlı qruplaşma mayın 12-də özünün buraxıldığını elan edib. PKK-nın yaydığı bəyənatda bildirilib ki, "Partiyanın buraxıldığını, silahların yerə qoyulduğunu və Türkiyə ilə silahlı qarşıdurmanın dayandırıldığını elan edirik". Ardınca da PKK rəhbərliyi rəsmi olaraq partiyanın buraxılması, silahlı qarşıdurmanın dayandırılması və tərksilah edilməsi barədə qərar qəbul edib. PKK-nin özünü ləğv edib silahları təhvil verməsi Türkiyəyə diqqətin artmasına səbəb olub. Siyasi ekspertlər hesab edirlər ki, PKK-nin özünü tamamilə ləğv edib silahları buraxması barədə verdiyi qərar Türkiyənin sadəcə "Terrorsuz Türkiyə" hədəfinə çatmaq istiqamətində uğurlu addımı deyil, həm də beynəlxalq münasibətlər sistemində Ankaranın nüfuzu baxımından ciddi tarixi siyasi əhəmiyyət kəsb edən məsələdir. Belə ki, fəaliyyəti regionda qeyri-sabitlik və təhlükənin yaradılması və yayılmasında faktor olan PKK qruplaşmasının ləğv olunduğunun rəsmi elan edilməsi ilə gərginlik və müharibədən azad bir bölgənin formalaşmasına ümidlər artıb. Hesab edilir ki, PKK-nın ləğv olunması bölgədəki proseslərə əhəmiyyətli dərəcədə mücbət təsir göstərəcək. Məhz bu amil Ankaranın nüfuzu baxımından ciddi tarixi siyasi əhəmiyyət kəsb edir. Başqa sözlə, Ankaranın bu qələbəsi yeni dünya düzəninin formalaşmasında qlobal sabitliyin, təhlükəsizliyin təmin olunması prosesində mühüm hadisə hesab olunur. Təkcə bu fakt deməyə əsas verir ki, Rusiya prezidenti Vladimir Putinin mayın 15-də İstanbulda Rusiya-Ukrayna arasında atəşkəsin əldə edilib sülh danışıqlarına başlanması istiqamətində verdiyi təklif təsadüfi deyil. Belə məlum olur ki, Rusiya hesab edir ki, müharibənin sona çatması, ədalətli sülhün əldə olunması Türkiyəsiz mümkün deyil. 

Birmənalı şəkildə qeyd etmək olar ki, PKK-nın ləğv olunması və Rusiya-Ukrayna danışıqlarının İstanbulda baş tutması Türkiyənin regional və qlobal oyunçu olduğu faktını təsdiq etmiş olur. Söhbət yeni dünya düzənindən getdiyindən yaddan çıxarmaq olmaz ki, prosesdə maraqlı olan dövlətlər Ankaranın bu uğurundan çox narahatdırlar və Türkiyənin qlobal oyunçuya çevrilməsini həzm edə bilmirlər. Nəzərə almaq lazımdır ki, bir sıra söz sahibi olan dövlətlər ötən 50 ilə yaxın müddət ərzində PKK vasitəsilə bölgədə min cür oyundan çıxırdılar. Təbii ki, belə bir kartın itirilməsi beynəlxalq güclərin regionda təsir mexanizmindən məhrum olması deməkdir. Bu baxımdan, şübhəsiz ki,  maraqlı dairələr PKK-nın tez bir zamanda tərksilah olmasına əngəllər yaradacaqlar. Bu əngəllər təxribatlardan tutmuş ayrı-ayrı etnik qruplara qarşı silahı hücumlara qədər müşahidə oluna bilər. Ona görə, prosesin qanlı-qadasız axıra qədər başa çatması üçün Türkiyənin təhlükəsizlik tədbirləri görməsi təbii qarşılanmalıdır. 

Paralel olaraq Rusiya-Ukrayna danışıqlarının İstanbulda gerçəkləşməsi Ankaranın qlobal güc rolunda çıxış etməsi baxımından mühüm rol oynayır. Xatırladaq ki, Türkiyənin bu prosesdə iştirakı ilk dəfə deyil. Hələ müharibənin ilk günlərindən rəsmi Ankara sülh və barış təklif edərək tərəflərin ortaq razılığa gəlmələri üçün əlindən gələni edib. Məhz Ankaranın səyi ilə ilk dəfə Rusiya və Ukrayna ən yüksək səviyyədə bir araya gələ biliblər. Sadəcə Qərbin təzyiqi ilə Kiyev danışıqlardan boyun qaçırıb. Dünyanın taxıl böhranından xilas olması istiqamətində Qara dənizdə taxıl dəhlizinin yaranması ancaq Ankaranın səyi nəticəsində mümkün olub. İndi isə həm Kiyevi, həm də Zelenskini danışıqlardan kənarlaşdıran Qərb də daha əlverişsiz şərtlərlə  çarəsiz şəkildə masa arxasında əyləşmək məcburiyyətində qalıb. Putin isə Kollektiv Qərbi prosesdən tamamilə kənarlaşdırmaq üçün belə bir təkliflə çıxış edib. Putin təklif edib ki, danışıqlar ləngimədən İstanbulda əvvəllər keçirildiyi və dayandırıldığı yerdən başlansın: "Məlum olduğu kimi, türkiyəli həmkarlarımız dəfələrlə belə danışıqların təşkilində kömək təklif ediblər və Prezident Ərdoğan onların təşkili üçün çox iş görüb. Mən ondan Türkiyədə danışıqların keçirilməsi üçün belə bir imkan yaratmasını xahiş etmək istəyirəm", - Putin söyləyib. Kremlin bu təklifi ABŞ və Avropa ölkələri tərəfindən də müsbət qarşılanıb. Ukrayna prezidenti Volodimir Zelenski də görüşə hazır olduqlarını bəyan edib. Qalır, danışıqlarda hansı müsbət nəticənin əldə edilməsi məsələsi. Siyasi ekspertlər hesab edirlər ki, son anda Putinin danışıqlardan imtina etməsi müharibənin davam etməsi anlamına gəlir. Lakin nəzərə almaq lazımdır ki, Kremlin müharibəni uzun müddət davam etdirmək qabliyyəti tükənmək üzrədir. Çünki Ukrayna cəbhəsində müttəfiqləri olan əsasən Çin və İranın uzun müddət Rusiyaya yardım etməsi mümkün olmayacaq. Rusiyanın uzunməsafəli cəbhəyə nəzarət etməsi elə də asan məsələ deyil. Bu təkcə hərbi resurs, texnika baxımından yox, həm də maliyyə baxımından böyük vəsaitlər tələb edir. Odur ki, danışıqlarda hansısa orta nöqtənin tapılması hər iki tərəfin xeyrinə ola bilər.

Nurlan

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31