“Orta Dəhliz “Bir kəmər, bir yol” təşəbbüsü ilə uzlaşan bir layihə kimi qiymətləndirilir”— ÖZƏL
14:26 SiyasətBelçika-Azərbaycan Ticarət Palatasının sədri Stef Qoris bildirib ki, Orta Dəhliz ənənəvi ticarət yollarına sürətlə alternativə çevrilir. Azərbaycanın logistika, enerji və texnoloji mərkəzə çevrilmək ambisiyası, eləcə də strateji-coğrafi mövqeyi bu dəhlizin inkişafında əsas rol oynayır. Qorisə görə, geosiyasi qeyri-müəyyənliklər fonunda Orta Dəhliz sabitlik və təhlükəsizlik təmin edir və Avropa üçün yeni iqtisadi imkanlar yaradır.
Maraqlıdır, Orta Dəhlizin inkişafı fonunda Azərbaycanın gələcək siyasi rolunu necədir?
Mövzu ilə bağlı politoloq Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib ki, Orta Dəhlizin inkişafında Azərbaycanın siyasi rolunu qiymətləndirməmək mümkün deyil. Çünki bu dəhlizin həm təşəbbüskarıdır, həm əsas bəndlərindən biridir, həm də bu gün bu dəhlizin istifadəsində böyük tələbat mövcuddur:"Bu gün, bilirsiniz, Şimal Dəhlizi Rusiya-Ukrayna müharibəsinə görə axsayan vəziyyətdədir. Cənub dəniz yolları isə xüsusilə Qırmızı dənizdə baş verən hadisələr və fəaliyyətlər səbəbindən təhdid altındadır. Bu vəziyyət Orta Dəhlizi daha da aktual edir və burada da Azərbaycanın rolu danılmazdır.
Orta Dəhliz Çin-Avropa və əks istiqamətdə yüklərin qısa zamanda daşınmasını nəzərdə tutur. Bunun üçün nə lazımdır? Bunun üçün imkanlar, təhlükəsizlik, logistika və infrastruktur tələb olunur.
Bu gün biz bu amillərin hər birini Orta Dəhliz timsalında görə bilərik. Yəni digər dəniz yollarına nisbətən daha təhlükəsiz bir mühit, geniş logistik imkanlar mövcuddur. O cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolunu bu dəhlizin əhəmiyyətli bir zəncirinin mühüm bəndi kimi qeyd edə bilərik.
İnfrastruktur layihələri reallaşmaqdadır. Azərbaycan öz növbəsində Xəzər dənizində gəmiçilik imkanlarını artırmaqdadır. Bakı Dəniz Limanının yükötürmə qabiliyyəti genişləndirilir. Eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolunun da yük tutumu artırılıb. Əlavə olaraq müxtəlif infrastruktur layihələri və proqramlar həyata keçirilməkdədir. Bu, ölkəmizin Orta Dəhlizə verdiyi strateji əhəmiyyətin göstəricisidir.
Çünki Azərbaycan həm tranzit imkanları baxımından, həm də ticarətin inkişafı kontekstində bu layihənin perspektivinə yüksək dəyər verir. Bu layihə təkcə regiona deyil, bütün Avrasiyaya inkişaf, sabitlik və əməkdaşlıq imkanları gətirməkdədir.Çinin bu məsələyə dair uzunmüddətli vizyonu mövcuddur - "Bir kəmər, bir yol" layihəsi. Orta Dəhliz də məhz bu təşəbbüslə uzlaşır. Azərbaycan Prezidentinin Çinə səfəri zamanı tərəfdaşlığın dərinləşdirilməsi haqqında yeni bir bəyanat imzalanıb. Həmin bəyanata əsasən, Orta Dəhliz "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşan bir layihə kimi qiymətləndirilir. Bu isə Çinin də Orta Dəhlizdə maraqlı olduğunun göstəricisidir.
Avropa İttifaqı da bu layihədə maraqlıdır. Estoniya Baş naziri Kaya Kallasın səfəri zamanı bir daha Azərbaycanın Orta Dəhlizin bir hissəsi kimi Avropa-Çin arasında əhəmiyyətli mövqeyə malik olduğu vurğulandı. Almaniya Prezidenti Frank-Walter Steinmeier də Almaniya-Çin əlaqələrində Orta Dəhlizin və Azərbaycanın roluna toxundu.
Yəni, bu layihə bütün dünya, xüsusilə də Avrasiya üçün strateji əhəmiyyətə malikdir. Ona görə də Azərbaycan burada önəmli bir pay sahibi kimi çıxış edir və düşünürəm ki, bu layihə regiona və Avrasiyaya böyük perspektivlər vəd edir".