Türkiyə ilə əməkdaşlıq gücümüzü artırır” - Tofiq Abbasov- ÖZƏL
16:59 SiyasətTürkiyənin milli müdafiə naziri Yaşar Gülərin Bakıya səfər etməsi və ölkə rəhbərliyi ilə görüşü ekspertlər tərəfindən gündəmin mövzusuna çevrilib. Politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında Türkiyə ilə əməkdaşlığın gücümüzü daha da artırdığını bildirib:
"İndiki dövrdə hamı deyir ki, dünya nizamı pozulur, yenisi isə hələ meydana gəlmir. Biz görürük ki, artıq hüququn gücü işləmir, gücün hüququ işlək bir halə çevrilir.
Bəli, bu təbii olmalıdır, çünki məkan boşluğu sevmir. Bu təbii qarşılanmalıdır. Biz gördük ki, Azərbaycanın işğal olunmuş torpaqları 30 ilə yaxın BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi ola-ola, bir dənə institut, bir dənə beynəlxalq qurum Azərbaycanın haqq hissəsində səs vermədi. Nəticədə biz özümüz o qətnamələrin tələblərini uğurla həyata keçirdik. Bu onu göstərir ki, bəli, güc ədaləti bərpa etməkdən ötrü, qayda-qanunu qüvvəyə mindirməkdən ötrü istifadə oluna bilər və bəlkə də istifadə olunmalıdır. Türkiyə və Azərbaycan - demək olar ki, bir çox məsələlərdə oxşar taleyi yaşamış iki qardaş xalq, iki qonşu dövlətdir. Yadımdadır bir məqam - Rəcəb Tayyib Ərdoğan hələ prezident olmadığı dövrdə çox böyük ilə qeyd edirdi ki, bizim ölkəmizdə özlərini vətənpərvər sayanlar qoymurdular ki, Türkiyənin hərbi sənaye sistemi formalaşsın, otursun və xalqın maraqlarına qulluq etsin.
Bəli, o, həqiqətdən xəbər verirdi. Çünki Türkiyəyə uzun müddət rəhbərlik edən konformist, kosmopolit qruplar, dəstələr, partiyalar - onlar sanki qərbin bəzi institutlarının, bəzi dairələrinin sifarişlərini yerinə yetirirdilər. Ad olaraq milli qüvvələr sayılırdılar, amma əməldə qətiyyən milli yanaşmadan bir əsər-əlamət nümayiş etdirmirdilər. Lazım idi ki, məhz Rəcəb Tayyib Ərdoğan kimi qeyrətli dövlət xadimləri iş başına gəlsinlər və ölkənin maraqları istiqamətində tutarlı, mahiyyəti dərin olan bir siyasəti yerinə yetirsinlər. Azərbaycanda da bu yol keçilib. Bəli, bizdə bir qədər fərqlidir vəziyyət. Çünki biz nisbətən gənc hərəkat olaraq, artıq özümüzdə anladıq ki, Dövlət rəhbəri - prezident, rəhmətlik Heydər Əliyev, ondan sonra da İlham Əliyev anladılar ki, bəli, gücün olmasa, ordun olmasa, sən hesaba alınmırsan. Əlbəttə ki, bu istiqamətdə həqiqətən də biz bir-birimizə möhtacıq, bir-birimizə dəstəyik və arxayıq. Ona görə də indi dediyiniz Yaşar Gülərin Bakıya gəlməsi həqiqətən də böyük hadisədir.
Xüsusilə də bizim regionda, burada Ermənistan kimi qeyri-adekvat, qeyri-sağlam siyasət yeridən məmləkətə bənzər coğrafiya var. Ermənistana dövlət demək mümkünsüzdür, çünki onlar müstəqil siyasət yeritməkdə acizdirlər. Onların açarları xarici qüvvələrdir. Xarici qüvvələrin də istəkləri ondan ibarətdir ki, Qafqazda, Yaxın Şərqdə, Orta Şərqdə, Asiya qitəsində - xüsusilə müsəlmanların yaşadığı ərazilərdə daim çaxnaşma yaratsınlar, insanları bir-birinə toqquşdursunlar və bundan xeyir, alsınlar.
Biz öz müharibəmizdə də göstərdik ki, yeni texnologiyalara yiyələnmək nə dərəcədə vacib məsələdir. Onların qarşısında Ermənistan və onun havadarları demək olar ki, təslim olub diz çökdülər.
Bəli, amma indi elə bir dövrdür ki, texnologiyalar durmadan inkişaf edir. Çünki rəqəmsallaşma texnologiyaları, sistemləri geniş vüsət alır. Onların üzərində beyin mərkəzləri, texnoloqlar, elektronika sahəsində ixtisaslaşmış mütəxəssislər çalışırlar və hər gün demək olar ki, yeni tapıntılar artıq işıq üzü görür.
Odur ki, Azərbaycan Prezidentinin də bu məsələyə diqqəti böyükdür. İnsan kapitalının artması, zənginləşməsi məhz belə bir məqsədə qulluq edir ki, biz beyin göstəricilərində, geri qalmayaq, əksinə, irəli gedək. Yerləşdirilən sərmayələr, rəqəmsallaşmaya verilən diqqət, ağıllı şəhərlərin, ağıllı kəndlərin təsis olunması, inşası, tikilməsi - əlbəttə ki, bu zəmində bizim ehtiyaclarımızı həm ödəyir, həm də ödəməlidir. Elə düşünürəm ki, biz düz yoldayıq. Türkiyə ilə Azərbaycan texnologiya sahəsində də göstərdi ki, nə dərəcədə vacibdir bizim əməkdaşlığımız. Ona görə də çalışacağıq ki, bundan sonra da bu istiqamətdə, bu zəmində əlaqələrimizi gücləndirək və heç kəsin qarşısında nə zəif, nə də gözü kölgəli görünək".
Zeynəb Mustafazadə