Azərbaycan-Özbəkistan qardaşlığının tarixi kökləri
14 May 2025 12:16 SiyasətAzərbaycan-Özbəkistan arasındakı qardaşlıq münasibətləri dərin tarixi köklərə əsaslanır. Bu münasibətlər təkcə müasir dövrdə deyil, yüzilliklər öncə başlayan ortaq tarix, dil, din və mədəniyyətə dayanır.
Həm azərbaycanlılar, həm də özbəklər türkdilli xalqlardır.Onların etnik mənşəyi ortaq türk tayfalarına gedib çıxır. Bu xalqlar Orta Asiya, Qafqaz və Xəzər bölgəsində əsrlər boyu bir-birilə sıx əlaqədə olublar.
VIII əsrdə İslamın bölgədə yayılmasından sonra Azərbaycan və Özbəkistan ərazisindəki xalqlar İslam mədəniyyətini qəbul etdilər. Bu da onları dini, mədəni və elmi baxımdan daha da yaxınlaşdırdı.
XVI əsrdə Səfəvilər dövləti ilə Özbəkistanda qurulan Şeybani xanlığı arasında siyasi hərbi münasibətlər olmuşdur.
XX əsrdə Azərbaycan və Özbəkistan Sovet İttifaqının tərkibində birləşdirildikdən sonra hər iki xalq arasında əməkdaşlıq və dostluq daha da dərinləşdi. Hər iki xalqın nümayəndələri bir-birinin bölgəsində təhsil aldı, işlədilər və beləliklə də mədəni əlaqələr gücləndi.
Müasir dövrdə Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı birbaşa Ümummilli Lider Heydər Əliyevin və Özbəkistanın sovet dövründə rəhbəri olmuş Şərəf Rəşidovun adıyla bağlıdır. İki liderin münasibətlərinin əsas prioriteti daha çox mədəni tədbirlərin təşkil edilməsi olub. Cənab Heydər Əliyev həmişə özbək xalqının böyük dostu olaraq qardaşlıq münasibətlərinin inkişaf etdirilməsinə çox ciddi önəm verirdi.
Hələ 1973-cü ilin iyununda Azərbaycanda Özbəkistan Ədəbiyyatı Günləri keçirildi. Bakıdakı Axundov adına Kitabxanada Özbəkistanda nəşr edilmiş 700 nüsxədən çox kitabdan ibarət sərgi təşkil olundu. Həmin il Bakıda və Moskvada Azərbaycan dilində poeziya nümunələrinin banisi İmadəddin Nəsiminin 600 illiyi ilə əlaqədar yubiley tədbirləri keçirildi. Bu tədbirlərdə Özbəkistanın ədəbiyyat və incəsənət xadimləri fəal surətdə iştirak etmişdilər.
1973-cü ilin oktyabrında Özbəkistan Elmlər Akademiyasının Əlişir Nəvai adına Ədəbiyyat muzeyində Nəsiminin 600 illiyinə həsr olunan sərgi keçirildi. Yenə həmin il keçirilən Biruninin 1000 illiyinə həsr olunan tədbirlərə azərbaycanlı alimlərin geniş nümayəndə heyəti qatıldı. Azərbaycanda Abdulla Qədiri, Oybek, Şərəf Rəşidov, Pard Dursun kimi şair və yazıçıların əsərləri tərcümə edilərək nəşr olundu.
1975-ci ildə Özbəkistandan olan geniş nümayəndə heyətinin iştirakı ilə Azərbaycanda Özbəkistan Ədəbiyyatı Günləri təşkil olundu. Daha sonra- 1980-ci ilin oktyabrında isə Bakıda Özbəkistan alimlərinin geniş tərkibdə qatıldıqları "Xalqların qardaşlığı-ədəbiyyatların qardaşlığı" adlı konfrans keçirildi. Özbəkistan Ədəbiyyatı və Mədəniyyəti Günləri çərçivəsində Azərbaycan ictimaiyyəti özbək xalqının bədii ustalığı ilə yaxından tanış olmaq imkanı qazandı. Azərbaycan Dövlət Rəsm Qalereyasında Özbəkistan təsviri incəsənətinə məxsus 200-dən çox mənzərə, qrafika və heykəltəraşlıq nümunəsi sərgiləndi. Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinin zallarında Özbəkistan dekorativ-tətbiqi sənətini əks etdirən 400-dən artıq xalça, tikmə-toxuma işləri və başqa əsərlər nümayiş etdirildi. Eyni zamanda Sumqayıt şəhərində özbək ustalarının taxta-oyma, toxuma işləri, həmçinin çox sayda zəruri ev alətlərinin sərgisi gerçəkləşdirildi.
Vəcihə Səmədova adına qalereyada isə Özbəkistan haqqında fotohekayə, o cümlədən, monumental incəsənət və memarlıq nümunələri ilə tanışlıq yaradıldı. Bu sərgilərdə nümayiş etdirilən çoxsaylı eksponatlar iki qardaş xalqın həyatı və məişəti, onların tarixi nailiyyətləri haqqında hərtərəfli təsəvvür formalaşdırırdı. Beləliklə, Azərbaycan və Özbəkistanın o vaxtkı liderləri Heydər Əliyev və Şərəf Rəşidov arasında olan qardaşlıq münasibətləri ikitərəfli əlaqələrin genişlənməsinə əlverişli zəmin yaradır və münasibətlərin dinamik inkişafına stimul verirdi.
1991-ci ildə hər iki ölkə müstəqillik əldə etdikdən sonra Azərbaycan və Özbəkistan arasında diplomatik, iqtisadi, mədəni və siyasi əməkdaşlıq sürətlə inkişaf etdi. Müstəqillik dövründən sonra da Heydər Əliyev Azərbaycan-Özbəkistan arasında diplomatik münasibətlərin qurulmasının təşəbbüskarı olub. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 855 illiyi ilə əlaqədar 1996-cı ilin sentyabrında Bakıda tədbir keçirildi.
Tədbirdə Özbəkistan nümayəndə heyəti də iştirak edirdi. Heydər Əliyev Özbəkistan Ali Məclisinin sədri İrkin Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etdi. Azərbaycan lideri səmimi şəraitdə keçən o görüşdə Azərbaycan-Özbəkistan dostluq münasibətləri haqqında geniş danışdı.
Heydər Əliyev 1996-cı ilin oktyabrında Daşkənddə təşkil olunan Türkdilli Dövlət Başçılarının 4-cü Forumuna və böyük dövlət xadimi Əmir Teymurun 660 illiyinə həsr edilən tədbirlərə qatıldı. Forumda çıxış edən Heydər Əliyev bildirdi ki, türkdilli dövlətlərin müntəzəm görüşləri ölkələrimiz arasında əlaqələrin inkişafına təkan verir, mədəni-mənəvi bağları gücləndirir, müstəqilliyi daha da möhkəmləndirir.
Heydər Əliyevin Özbəkistana 1997-ci il iyulun 18-19-da baş tutan növbəti rəsmi səfərini ikitərəfli münasibətlərin inkişafında yeni mərhələ kimi qiymətləndirmək olar.
Həmin səfər çərçivəsində Daşkənddə əməkdaşlığın inkişafına, Azərbaycan və Özbəkistan arasında dostluq və tərəfdaşlığın möhkəmləndirilməsinə yönəlik 19 müqavilə imzalandı. Azərbaycan Prezidenti Heydər Əliyev sənədlərin imzalanması mərasimində çıxış edərək dedi: "Biz Azərbaycanda özbəkistanla etibarlı tərəfdaşlıq münasibətlərinin mövcudluğu və münasibətlərimizin möhkəmliyi, inkişafı üçün lazım olan hər şeyi edəcəyik".
Azərbaycan və Özbəkistanın ümumi sərhədləri olmasa da, ölkələri birləşdirən bir çox məqamlar vardır. Bura səmimi münasibətləri, tarix, dil, din, mədəniyyət və adət-ənənələrin yaxınlığı və ümumiyyətlə, Cənubi Qafqazın və Orta Asiyanın artan geosiyasi və geoiqtisadi potensialı və s. aiddir. Özbəkistanın xarici siyasət kursu dövlətin milli mənafelərinin qorunması və həyata keçirilməsi üçün effektiv vasitədir. Müstəqilliyin ilk günlərindən başlayaraq Özbəkistan Cənubi Qafqaz regionunda əsas tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla əməkdaşlığın dərinləşməsinə xüsusi əhəmiyyət verir.
2004-cü ilin martın 23-də Azərbaycan Prezidenti İlham Əliyevin səfəri zamanı Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsinin açılışı oldu. Özbəkistanın mərhum prezidenti İslam Kərimov bu abidəni "qardaş Azərbaycan xalqına olan hörmət və inamın, onun qədim tarixi və mədəniyyətinin, ölməz ruhu, iradəsi və əsrlərin sınağından keçmiş mətanətin, parlaq gələcəyin rəmzi" adlandırmışdır.
Mədəni-humanitar sahədə münasibətlərin tarixində daha bir mühüm hadisə 2010-cu ilin sentyabrın 27-də Daşkənddə Azərbaycan xalqının görkəmli oğlu, ikitərəfli əlaqələrin inkişafına misilsiz töhfələr vermiş özbək xalqının böyük dostu, Ümummilli Lider Heydər Əliyevin adına Azərbaycan Mədəniyyət Mərkəzinin açılışı olmuşdur.
Azərbaycan və özbək mədəni əlaqələri müasir dövrümüzdə daha geniş vüsət almışdır. 2010-cu ilin aprelin 20-23-də Özbəkistanda " Azərbaycan kinosu günləri" keçirildi. Qarşılıqlı olaraq 2010-cu ilin 25-28 oktyabrında Azərbaycanda "Özbəkistan kinosu günləri" keçirildi. Bu iki qardaş ölkə arasında olan əməkdaşlığın bariz nümunəsidir.
Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında olan səmimi münasibətlər ölkələrarası əlaqələrin daha da dərinləşməsinə zəmin yaradır. Son illərdə bir çox strateji sənədlər, əməkdaşlıq memorandumları, nəqliyyat və enerji layihələri imzalanıb. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının (TDT) üzvüdür və bu çərçivədə bir çox regional təşəbbüslərdə birgə iştirak edirlər.
Qismət Quliyev
Özbəkistanın Qarşi Dövlət Universitetinin
Fəxri Professoru, məhkəmə-tibb eksperti