Rusiya ilə münasibətlərdə pərdəarxası narazılıqlar artır" – Turan Rzayev- ÖZƏL
14:32 SiyasətUkrayna müharibəsi fonunda Azərbaycan-Rusiya münasibətlərində gərginlik artır. Bakı Qələbə paradında iştirak etmədiyi üçün Kreml narazıdır. Rus mediasında və sosial şəbəkələrdə Azərbaycan əleyhinə kampaniya başlayıb. Ekspertlər Moskvanın təzyiq alətlərini işə sala biləcəyini deyirlər.
Mövzu ilə bağlı politoloq Turan Rzayev Olaylar.az-a açıqlama verib. Politoloq qeyd edib ki, Rusiya ilə münasibətlərdə pərdəarxası narazılıqlar artır:
"Azərbaycan-Rusiya münasibətlərində son dövrlərdə müşahidə olunan soyuqluq, təkcə diplomatik səviyyədəki jestlərlə deyil, konkret hadisələrlə də özünü göstərir. Prezident İlham Əliyevin bu il Moskvada keçirilən 9 May - Faşizm üzərində Qələbənin 80 illik yubileyinə həsr olunan hərbi paradda iştirak etməməsi bu münasibətlərdəki gərginliyin bariz göstəricisidir. Bu qərar təsadüfi deyil və arxasında kifayət qədər ciddi səbəblər dayanır.
Əvvəla, Azərbaycanın milli aviadaşıyıcısına məxsus sərnişin təyyarəsinin Rusiyada qəzaya uğramasından aylar keçsə də, Rusiya hələ də hadisə ilə bağlı nə əməli istintaq aparıb, nə də rəsmi izahat verib. Bu, qəza ilə bağlı şəffaflığın olmaması və məsuliyyətin üstünün ört-basdır edilməsi kimi qiymətləndirilir.
Bundan əlavə, Azərbaycanın bir sıra media platformalarına qarşı həyata keçirilmiş kiberhücumların Rusiya mənşəli olması da sübuta yetirilib. Bu, informasiya təhlükəsizliyi sahəsində ciddi narahatlıq doğurur və iki ölkə arasında inam boşluğunu daha da dərinləşdirir.
Digər bir məqam isə Azərbaycan Milli Məclisinin deputatı Azər Badamovun Moskvada saxlanılaraq səbəbsiz deportasiya edilməsidir. Diplomatik münasibətlər baxımından bu, olduqca qeyri-dost hərəkət kimi qiymətləndirilir.
Sadaladığım və digər amillər göstərir ki, Bakının Moskvaya olan inamı ciddi şəkildə sarsılıb. Üstəlik, rəsmi səviyyədə təmkinli ritorika və zahiri sakit fon müşahidə olunsa da, pərdəarxasında ciddi narazılıqlar mövcuddur. Kremlin "keçmişi unudaq" yanaşması, baş verənləri soyuq şəkildə ötüb keçməsi Azərbaycanda bu münasibətlərin gələcək etibarlılığına dair ciddi suallar yaradır.
Əlbəttə, rəsmi Moskva bu kimi hallarda öz ənənəvi təzyiq alətlərinə - informasiya hücumları, separatçı təsirlər və ya iqtisadi rıçaqlara əl ata bilər. Lakin nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın əsas diqqəti Ukrayna müharibəsinə yönəlib. Bu isə onun Azərbaycana qarşı genişmiqyaslı addımlar atmaq imkanlarını məhdudlaşdırır. Hərçənd, informasiya və diplomatik səviyyədə müəyyən təzyiq formalarının artması mümkündür. Amma bunlarında effektivliyi sual altındadır. Nəticə etibarilə, münasibətlər zahirən normallaşsa belə, Azərbaycanın Moskva ilə bağlı narahatlıqları və inamsızlığı bir müddət daha qalacaq. Bu inamsızlıq bəlkə də açıq ritorikaya çevrilməyəcək, amma gələcəkdə diplomatik davranışlarda, rəsmi yanaşmalarda özünü göstərəcək".
Zeynəb Mustafazadə