ABŞ universitetləri 1 milyard dollar itirə bilər – Xarici tələbələrin axını dayanır- ÖZƏL

ABŞ universitetləri, xüsusilə kiçik ali təhsil müəssisələri, xarici tələbələrin ölkəyə gəlməkdən imtina etməsi və ya gələ bilməməsi səbəbilə təxminən 1 milyard dollar təhsil haqqı itirmək riski ilə üz-üzədir. Olaylar.az xəbər verir ki, bu barədə Financial Times qəzeti ABŞ Milli Təhsil Statistika Mərkəzinin (NCES) məlumatlarına istinadən xəbər verir.
Xəbərdə qeyd olunur ki, prezident Donald Trampın administrasiyası tərəfindən həyata keçirilən bir sıra tədbirlər - tələbə vizalarının verilməsində gecikmələr, qəbul zamanı aparılan yoxlamaların sərtləşdirilməsi və həm sərhədlərdə, həm də universitet kampuslarında miqrantların saxlanılması halları - xarici tələbələr arasında narahatlıq doğurur. Bu isə ali məktəblərdə narahatlıqla qarşılanır.
Tədqiqat göstərir ki, xüsusilə 1000-dən az tələbəsi olan və tələbələrin 15%-dən çoxunun xarici ölkələrdən olduğu 162 universitet risk altındadır. 2025-ci ildə ABŞ universitetlərinin 75%-i xarici tələbə sayında azalma gözləyir və bu azalma əksər hallarda ən azı 10% təşkil edəcək.
Təhsil sahəsi üzrə ixtisaslaşmış Shorelight Analytics konsaltinq şirkətinin məlumatına görə, yalnız yeni qəbul olunan xarici tələbələrin sayında gözlənilən azalma birbaşa olaraq 900 milyon dollarlıq gəlir itkisinə səbəb ola bilər. Əgər ABŞ-də artıq təhsil alan xarici tələbələrin 10%-i ölkədən ayrılsa, bu zaman ümumi maliyyə itkisi 3 milyard dollara çata bilər.
Bundan əlavə, 2024-cü ildə ABŞ universitetlərinin kampuslarında baş verən fələstin tərəfdarı etirazlar da vəziyyəti gərginləşdirib. Prezident Tramp yanvar ayında bildirmişdi ki, bu etirazlarda iştirak edən vətəndaşlığı olmayan xarici tələbələr ölkədən çıxarılacaq. Etirazlar zamanı polislə toqquşmalar, kütləvi həbslər və İsraili dəstəkləyən qruplarla qarşıdurmalar qeydə alınıb. Aksiyaların əsas tələbi ABŞ hökumətinin İsrailə maliyyə dəstəyini dayandırması olub.
May ayında isə ABŞ administrasiyası yeni tələbə vizaları üçün müsahibələrin keçirilməsini dayandırıb. Politico qəzeti bu qərarın tələbə vizası almaq istəyən şəxslərin sosial media hesablarının yoxlanılması planları ilə əlaqədar olduğunu yazıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31