Ərdoğandan sensasion Zəngəzur anonsu

Türkiyə liderinin bəyanatı İstanbul görüşünün şifrələrini açır; İrəvan dəhlizin açılmasına razılaşıbsa, hansı rejimdə işləyəcək?

"Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, bütün region üçün yeni imkanlar yaradacaq". "Yeni Müsavat" xatırladır ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan qayıdarkən jurnalistlərə açıqlamasında deyib. Türkiyə lideri Zəngəzur dəhlizini təkcə geosiyasi deyil, həm də geoiqtisadi inqilabın tərkib hissəsi kimi gördüyünü bildirib: "Zəngəzur dəhlizinin açılışı həm də Orta dəhliz üçün strateji inkişaf olacaq. Dəhliz açıldığı zaman türk malları Xəzər dənizindən keçərək Mərkəzi Asiyaya və Çinə daha sürətlə çatacaq, Avropadan Çinə mallar da Türkiyədən keçməyə başlayacaq. Orta dəhlizin açılması cənubdan bizə və Azərbaycana qədər bir çox ölkələri əhatə edir".

Ərdoğan əlavə edib ki, Ermənistan əvvəlcə Zəngəzur dəhlizinə qarşı olsa da, iqtisadi inteqrasiyada iştirak etmək naminə hazırda daha çevik yanaşma nümayiş etdirir: "Bu regionun inkişafı təkcə Azərbaycan üçün deyil, Ermənistan, Türkiyə, İran və digər ölkələr üçün də bir fürsətdir".

 "Yeni Müsavat" yada salır ki, bir qədər öncə ABŞ-dakı tanınmış "beyin mərkəzəri"ndən olan Kornegi Fondu Amerikanın Zəngəzur dəhlizinin ABŞ şirkətinin nəzarətinə verilməklə açılması təklifi irəli sürdüyünü iddia etmişdi.

Ərdoğan nəyə işarə vurur? İrəvan Zəngəzur dəhlizinə artıq razılaşıb? Razılaşıbsa, dəhliz hansı rejimdə işləyəcək? Qardaş Türkiyə hansı variantı məqbul sayacaq? Bəs Rusiyanın reaksiyası?

Bu arada Türkiyənin beynəlxalq münasibətlər üzrə tanınmış analitiki, dosent Mustafa Özalp deyib ki, Zəngəzur dəhlizinin açılması istiqamətində ciddi addımların atılması Putini ciddi şəkildə narahat edir. "Putin istəyir ki, qazanan tək Rusiya olsun. Buna görə də Rusiya prezidenti regionu xaosa sürükləyir", - əlavə edib.

Belədirmi?

Qabil Hüseynli: "Amerikalılar öz talelərini kimə həvalə etdikərinin  fərqində deyillər" | KONKRET

Qabil Hüseynli

Professor Qabil Hüseynli "Yeni Müsavat"a açıqlamasında dəhlizin açılması prosesi istiqamətində bir dinamika olduğunu bildirib. Bu hərəkətliliyin Paşinyanın Türkiyə səfərindən sonra daha da sürətləndiyini deyən Q.Hüseynli dinamikanın hələlik bəyanatlarda olduğunu müşahidə edir. Onun fikrincə, Ermənistanın əməli addımı hələ də yoxdur və regionda yaranmış qarışıq vəziyyət onu konkret qərarlar verməkdən çəkindirir. Rusiyanın və İranın təzyiqlərini vurğulayan politoloq hesab edir ki, Zəngəzur dəhlizinin hansı şəraitdə və şərtlərdə açılması əsas mübahisə predmetidir. "Ermənistanda gərginlik davam edir və gələn il seçkilər keçiriləcək. Bu zaman kəsiyində dəhlizin açılmasını gözləmirəm. Əvvəla, Ermənistan özünə aid hissədə tikinti aparmayıb. İkincisi, Moskvanın yola nəzarəti, Tehranın isə ümumiyyətlə, bu koridora qarşı çıxması İrəvanı çətin vəziyyətə salıb. Ona görə Paşinyan məsələni sanki Türkiyə və ABŞ-ın öhdəsinə buraxır. Yəni demək istəyir ki, Rusiya və İranla bacarmır, qoy onun yerinə böyük güclər mübahisəni həll etsinlər", -  Q.Hüseynli belə qiymətləndirir.

Onun fikrincə, bu məsələdə Türkiyə Rusiyanı narazı salacaq model təklif etmək istəmir: "Hazırda iki ölkə münasibətləri yaxşıdır. Cənab Ərdoğan da qeyd edib ki, bu dəhlizdən Rusiya və digər ölkələr də fayda görəcək. O deməkdir ki, Türkiyə Rusiyanı da bu dəhlizdə görür. Sadəcə, dəhlizə nəzarət problemi həllini tapmalıdır. Bu məsələdə ortaq variant hələ ki yoxdur".

Onun qənaətinə görə, Paşinyan əlini tam gücləndirdikdən sonra Rusiya Federal Təhlükəsizlik Xidmətinin iştirakı olmadan bu layihənin reallaşmasına razılaşacaq: "Zənnimcə, proses bu yöndə gedir. ABŞ və Türkiyə kömək etməlidir. Rusiya isə bölgədə mövqelərini o dərəcədə itirməlidir ki, Zəngəzur dəhlizi ilə bağlı diktə edə bilməsin. Hazırda bu hədəfə çatmaq üçün iş aparılır. Azərbaycana gəldikdə, yola kimin nəzarət etməsindən asılı olmayaraq, Naxçıvana maneəsiz gediş-gəlişi təmin olunmalıdır. Ümumiyyətlə, bu işi rəqabətdə olan qüvvələr çox uzadırlar. Onların logistikalar uğrunda qarşıdurması prosesi tormozlayır, yoxsa çoxdan açılmışdı. Halbuki bütün tərəflər iqtisadi dividentlər əldə etmiş olacaqlar".

Elxan Şahinoğlu son çıxışı ilə özünü və "ağalarını" belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

Analitik Elxan Şahinoğlunun sözlərinə görə, Tramp administrasiyasının Zəngəzur dəhlizinə nəzarət və yük tranzitinin monitorinqi funksiyasının amerikalı şirkətə verilməsini nəzərdə tutan planı barədə xəbər saytlarda geniş yayılıb: "Ağ Evdən və Dövlət Departametindən yayılan xəbərlə bağlı şərh verilməyib. Ancaq böyük ehtimalla Vaşinqton adı çəkilməyən mənbənin yaydığı xəbər vasitəsilə Azərbaycanın, Ermənistanın, Türkiyənin və Rusiyanın nəbzini yoxlayır. Azərbaycan və Ermənistan Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmir. Eyni zamanda ABŞ-ın da Zəngəzur dəhlizinə nəzarətinə bölgə ölkələrinin ehtiyacı yoxdur. Söhbət qısa məsafədən gedir və Zəngəzur dəhlizini Azərbaycan və Ermənistan daxili resursları hesabına inşa edə bilərlər. Digər tərəfdən, dəhlizlə əsas daşınacaq yüklərin sahibi Çin də ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etməsini istəməz. ABŞ-ın dəhlizə nəzarət etməsi halında Çin öz mallarının daşınmasında bu marşruta üstünlük verməyəcək. Türkiyə də Çinlə eyni mövqedə olar. Bir sözlə, Rusiyanın, ABŞ-ın və ya Avropa İttifaqının Zəngəzur dəhlizinə nəzarət etməsi bölgə ölkələrinin maraqlarına cavab vermir".

Siyasi icmalçı Aqşin Kərimov isə hesab edir ki, Ermənistan ya özünü Türk Dövlətləri Təşkilatının strateji vizyonuna daxil edilmiş Zəngəzur dəhlizinin açılmasına razı salmalıdır, ya da geniş əməkdaşlıq bucağından kənarda qalmalıdır. "Ona görə də yaranan imkanlar Ermənistanın izolyasiyadan çıxması üçün mühüm çağırış kimi şərh oluna bilər", - sitatın sonu.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31