Tramp Putinə meydan oxudu: ABŞ Ukraynaya silah axınını bərpa etdi!

ABŞ prezidenti Donald Tramp bir daha Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı müharibə ilə bağlı mövqeyindən narazı olduğunu açıqlayıb.

Olaylar.az xarici agentliklərə istinadən xəbər verir ki, o, Ağ Evdə İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşü zamanı jurnalistlərə açıqlamasında Putinin dayanmaq istəməməsindən məyus olduğunu bildirib.

Bundan əlavə, ABŞ prezidenti Ukrayna ordusuna silah göndərilməsinin bərpa olunduğunu bəyan edib:

"Daha çox silah göndərəcəyik. Məcburuq. Onlar özlərini müdafiə etməyi bacarmalıdırlar. Hazırda çox qəddar atəş altındadırlar."

ABŞ Müdafiə Nazirliyi də Ağ Ev administrasiyasının Ukraynaya əlavə "müdafiə silahları" ötürmək planlarını təsdiqləyib. Müdafiə nazirinin ictimai məsələlər üzrə köməkçisi Şon Parnell TASS-ın müvafiq planları şərh etmək istəyinə cavab olaraq bildirib:

"Prezident Donald Trampın göstərişi ilə Müdafiə Nazirliyi Ukraynaya əlavə müdafiə silahları göndərir ki, biz dayanıqlı sülhə nail olmaq və qətli dayandırmaq üçün çalışarkən ukraynalılar özlərini müdafiə edə bilsinlər."

O əlavə edib ki, Pentaqon hələ də "bütün dünyaya hərbi təchizatların yoxlanması" planlarına sadiq qalır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31