Heydər Əliyev və Azərbaycan səhiyyəsi

May yazın ən xoş ayı ayı olduğu kimi, həm də əlamətdar aylardan biridir. May ayının 9-da faşizm üzərində qələbə qazanmış babalarımızı xatırlayır, onların ruhlarına dualar oxuyuruq. 10 mayda Ümummilli Lider Heydər Əliyev dünyaya gəlib. Bu günü hər il təntənəli surətdə qeyd edirik. 28 may Azərbaycan Xalq Cumhuriyyətinin yarandığı gündür. 28 may da bizim üçün əziz günlərdən olduğu üçün hər il dövlət səviyyəsində qeyd olunur...

Biz Ümummilli Lider, dünya şöhrətli siyasi xadim, müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu Heydər Əliyevin doğum günü ərəfəsindəyik. 1923-cü ilin 10 mayında qədim Naxşıvanda dünyaya gəlmiş Heydər Əliyevin Azərbaycanın ictimai, siyasi, iqtisadi həyatında oynadığı rol heç zaman yaddan çıxmayacaqdır.

Sovetlər zamanı Azərbaycan Respublikasına rəhbərlik etmiş bu dahi insan ölkəmizin simasını dəyişmiş, sorağını dünyaya yaymağı bacarmışdır. Hələ 1970-ci illərdə tibb müəssisələri yararsız binalarda yerləşirdi. 1970-1980-ci illərdə respublikada bir çox mühüm səhiyyə obyektləri inşa edildi. Təkcə uşaq poliklinikalarının sayı 1970-1975-ci illərdə 150-dən 185-ə çatdırıldı. Yeni istifadəyə verilən səhiyyə müəssisələri arasında Uroloji Kliniki Xəstəxana, neyrocərrahiyyə, toksikologiya, yanıq mərkəzləri kimi tibb ocaqları var idi. Elmi-Tədqiqat Oftolmologiya və Elmi-Tədqiqat Onkologiya institutları üçün yeni binalar da o zaman tikilməyə başladı.

Müasir səhiyyə müəssisələri müvafiq yüksək səviyyəli kadr potensialının olmasını da tələb edirdi. Həkimlərin və orta tibb  işçilərinin çatışmazlığını aradan qaldırmaq üçün Heydər Əliyevin təşəbbüsü ilə ilk növbədə Azərbaycan Tibb İnstitutuna və tibb  məktəblərinə tələbə qəbulu planı artırıldı, tibbi kadrlara ehtiyac olan ucqar bölgələrdən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi. Bununla da rayonların səhiyyə müəssisələrində kadr çatışmazlığı tədricən aradan qalxmağa başladı.

Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərliyi illərində respublikada həkim kadrlarının və təbabət alimlərinin hazırlığı yüksək vüsət aldı, yeni elmi mərkəzlər açıldı, təbabət üzrə elmi-tədqiqat institutlarının fəaliyyəti canlandırıldı, ölkədə tibb  elminin müxtəlif istiqamətləri üzrə konfranslar, forumlar keçirildi. Fizioloq və patofizioloqların (1970, 1981), uroloqların (1972), nevropatoloqların (1974), oftalmoloqların (1977), hematoloq və transfuzioloqların (1978), tibbi bioloqların (1979), nefroloqların (1980), mikrobioloq, epidemioloq və parazitoloqların (1982) və digər sahə mütəxəssislərinin Bakıda keçirilən qurultay və konfransları yüksək hazırlıqlı tibbi kadrların imkanlarını və qabiliyyətlərini səfərbər etmək məqsədi daşıyırdı.

Heydər Əliyevin səhiyyə sahəsinə diqqəti və onun inkişafı üçün gördüyü işlər Azərbaycanı tezliklə tək ümumittifaq miqyasında deyil, həm də beynəlxalq arenada qabaqcıl mövqelərə çıxardı. Belə ki, 1970-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının regionlararası seminarının, iki il sonra isə Beynəlxalq Tibbi Avadanlıqlar Sərgisinin məhz Bakıda keçirilməsi respublikamızın bu sahədə artan rolundan xəbər verirdi. Sonralar respublikamızın bu cür tədbirlərə ev sahibliyi etməsi ənənəvi hal almışdı...

1993-cü ildən sonra  Heydər Əliyev xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdaraq ölkəmizi parçalanmaqdan qurtardı və dövlətimizi sıfırdan qurdu.

Azərbaycanın ictimai həyatının tərkib hissəsi olan səhiyyə sahəsi də onun sayəsində yenidən formalaşdırıldı və inkişaf etdirildi. Bir həkim kimi bu gün mən məhz Heydər Əliyevin 1993-2003-cü illərdə yürütdüyü səhiyyə siyasətindən ağızdolusu danışa bilərəm.

Heydər Əliyevin səhiyyə siyasəti Azərbaycanda səhiyyə sisteminin inkişafında çox mühüm rol oynadı.  O, Azərbaycanda səhiyyə infrastrukturunun bərpasına və gücləndirilməsinə xüsusi diqqət ayırdı.

1990-cı illərin əvvəllərində müharibə, iqtisadi çətinliklər və siyasi qeyri-sabitlik səbəbindən səhiyyə sistemi böyük problemlərlə üzləşmişdi. Məhz  onun prezidentliyi dövründə, xüsusilə regionlarda səhiyyə xidmətlərinin keyfiyyətini artırmaq məqsədilə yeni səhiyyə müəssisələrinin tikilməsi, mövcud xəstəxanaların təmiri və yenidən qurulması, müasir  tibbi avadanlıqla təchiz edilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirildi. Bu siyasət kənd və şəhər arasında səhiyyə xidmətlərinin balanslaşdırılmasını təmin etmiş oldu.

Heydər Əliyev Azərbaycan səhiyyəsinin inkişafını beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq çərçivəsində dəstəklədi. Bu əməkdaşlıq, ölkənin səhiyyə sistemində innovativ təcrübələrin tətbiqinə, eləcə də beynəlxalq səhiyyə layihələrinə qoşulmağa imkan yaratdı. Ümumdünya Səhiyyə Təşkilatı (DST) ilə sıx əməkdaşlığa başlanıldı. Bu əməkdaşlıq müxtəlif səhiyyə problemlərinə dair beynəlxalq təcrübənin tətbiqinə və ölkənin səhiyyə sisteminin inkişafına kömək etmiş oldu.

Heydər Əliyev əhali arasında immunizasiya proqramlarının gücləndirilməsinə, o cümlədən vaksinasiya kampaniyalarının genişləndirilməsinə xüsusi diqqət yetirdi. Bu, bir çox infeksion xəstəliklərin qarşısının alınmasına və əhalinin sağlamlıq səviyyəsinin yaxşılaşdırılmasına kömək etdi.

Aztəminatlı ailələrə və yaşlılara səhiyyə xidmətlərini asanlaşdırmaq üçün Heydər Əliyev sosial proqramların həyata keçirilməsinə göstəriş verdi. Bu, xüsusilə kəskin ehtiyacı olan insanlar üçün səhiyyə xidmətlərinin əlçatanlığını artırdı.

Azərbaycanda səhiyyə qanunvericiliyinin inkişafı və təkmilləşdirilməsi sahəsində mühüm addımlar atıldı. Səhiyyə sahəsində qanunvericilik bazasının genişləndirilməsi və təkmilləşdirilməsi əsasən əhalinin sağlamlığının qorunması, tibbi xidmətlərin keyfiyyətinin artırılması, səhiyyə sisteminin modernləşdirilməsi və sosial ədalətin təmin edilməsi məqsədini güdürdü.

1997-ci ildə qəbul edilmiş "Səhiyyə haqqında" Azərbaycan Respublikasının Qanunu Azərbaycanın səhiyyə sahəsindəki ən əhəmiyyətli qanunvericilik aktlarından biridir. Bu qanun, səhiyyə sisteminin strukturunu müəyyən etdi. Qanun, səhiyyə xidmətlərinin təşkili və göstərilməsi ilə bağlı müxtəlif vacib məsələləri tənzimləyirdi.

Qanunda dövlətin səhiyyə sahəsindəki əsas funksiyaları müəyyən edilərək, dövlət tərəfindən səhiyyə xidmətlərinin maliyyələşdirilməsi, səhiyyə müəssisələrinin idarə edilməsi və nəzarət olunması məsələləri təsbit olunmuşdur.

1999-cu ildə qəbul edilən "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanunu, əhalinin sağlamlığının qorunması sahəsində dövlət siyasətinin əsas istiqamətlərini müəyyən etmişdir. Bu qanun Ümummilli Lider Heydər Əliyevin səhiyyə sahəsindəki sosial yönümlü siyasətinin bir hissəsi olaraq, əsasən sağlamlıq xidmətlərinin əlçatanlığını və keyfiyyətini artırmağa yönəlmişdir.

Qanun səhiyyə sahəsində dövlətin sosial yükünü müəyyən etmiş tibbi xidmətlərin təmin edilməsini sosial bir məsuliyyət olaraq tanımışdır. Həmçinin, səhiyyə sahəsində ixtisaslı kadrların hazırlanması və onların təhsili ilə bağlı qanuni baza yaradılmışdır.

Ümummilli Lider Heydər Əliyevin səhiyyə siyasəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. İlham Əliyevin səhiyyə siyasəti tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və görülən digər tədbirlər respublikamızı dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və pereparatlarla təmin edilməsi, onların müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsi, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunması səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.

Heydər Əliyev Fondunun diabetli, talassemiyalı xəstələrə göstərdiyi qayğı və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunmasının yaxşılaşdırılmasında gördüyü işlər də böyük razılıq və rəğbət doğurur.

Özbəkistanın Qarşi Dövlət Universitetinin

Fəxri Professoru, məhkəmə-tibb eksperti

Qismət Quliyev               

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31