Azərbaycanın çağırışı: Sülh yolu ilə həll, müharibə ssenarisinin qarşısını almaq- ÖZƏL

Mayın 6-dan etibarən Hindistanla Pakistan arasında gərginlik daha da artıb və hazırda toqquşmalar davam edir. Bu fonda diqqət çəkən suallardan biri Azərbaycanın mövqeyinin nə olacağıdır.

Politoloq Tofiq Abbasov Olaylar.az-a açıqlamasında bildirib ki, Pakistan bizim strateji müttəfiqimizdir, digər tərəfdən Hindistanın apardığı siyasət çox mənfur bir siyasətdir:

"Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, bu qarşıdurma dinc yolla həll olunsun və tərəflər silah-sursata əl atmadan razılığa gəlsinlər. Çünki dialoqun yerini heç nə verə bilməz.
Burada, əlbəttə ki, Azərbaycan dövlətinin çağırışı BMT-nin Baş katibi Quterreşin mövqeyi ilə üst-üstə düşür. Çünki Azərbaycan bu proseslərdə hər zaman çalışır ki, sabitliyin qorunmasını təmin etsin. Bu isə təkcə bir-iki dövlət üçün yox, bütün dünya üçün vacib məsələdir. Digər tərəfdən  görürük ki, hər iki dövlətin çox böyük, artıq zəngin potensialı var. Əgər onların hərbi maşınları işə düşsə, bu, çox böyük fəlakətlərlə nəticələnə bilər. Bəzi mənbələr bildirir ki, əgər toqquşma baş tutarsa və müharibəyə çevrilərsə, ən azı 200 milyon insan tələf ola bilər. Proqnozun özündə belə bir həyəcan doğuran məqam var ki, tərəflər nüvə başlıqlarından istifadə edə bilərlər. Bu isə heç kimə lazım olmayan bir vəziyyətdir. Təbii ki, Pakistan bizim strateji müttəfiqimizdir, digər tərəfdən Hindistanın apardığı siyasət çox mənfur bir siyasətdir.
Hindistan əhalisinin kifayət qədər böyük müsəlman kəsimi var. Orada təxminən 200 milyon civarında müsəlman yaşayır və onlara qarşı hindu millətçiləri tərəfindən təzyiqlər göstərilir. İndiki hakimiyyətdə olan Bharatiya Janata Partiyası və onun rəhbəri Narendra Modi bir neçə dəfə milli və dini zəmindəki ziddiyyətlərdən sui-istifadə edərək öz partiyasına seçki qələbəsi qazandırıb. Son iki parlament seçkisində bu texnologiyadan istifadə olunub.
Bu, əlbəttə ki, yol verilməzdir. Belə mənfur siyasət, belə vəhşilik - insanları diri-diri yandırmaq, onların mal-mülkünü ələ keçirmək, müsəlmanların ofislərinə basqınlar təşkil etmək, uşaqları öldürmək və s. - bu kimi dəhşətlər orada baş verir.
Biz bilirik ki, Hindistan özü mürəkkəb bir məmləkətdir. Yüz milyonlarla insan orada işıq, ev, tavan, normal yaşayış görmür. Onlar küçədə dünyaya göz açır, küçədə də həyatlarını başa vururlar.
Belə bir vəziyyətdə müsəlmanların durumu daha çox narahatlıq doğurur. Onlar özlərini taleyin hökmünə buraxılmış bir toplum kimi hiss edirlər. Onların müdafiəsində duran heç bir qüvvə yoxdur. Hökumət dairələri onları sıxışdırır, onlara qarşı təqib və təzyiq kampaniyaları aparılır. Onlar ən zəif bənd kimi çıxış edirlər. Odur ki, bu proseslərdə Azərbaycan çalışır ki, bu qarşıdurma müharibəyə çevrilməsin, sülh yolu ilə həll olunsun. Amma nəzərə alsaq ki, sərhəd bölgəsində hər iki tərəf artıq hərbi texnika cəmləşdirir və Hindistanın ritorikası olduqca aqressivdir - bu ritorikadan açıq-aşkar müharibə iyi gəlir. İstər-istəməz düşünürsən ki, vəziyyət çox gərgindir. Mən elə düşünürəm ki, hər halda bu iki dövlət arasında vasitəçilər ola bilər. Bilmirəm bunu BMT öz üzərinə götürəcək, ya yox, amma bölgə dövlətlərindən bəziləri bu prosesə qoşula bilər.
Elə dövlətlər varmı ki, həm İslamabad, həm də Dehli onlara inansın və etimad göstərsin? Belə olan halda vasitəçilik də nəticə verə bilər. Amma hazırda yüksək tonla aparılan danışıqlar və qarşıdurma meyillərinin artması göstərir ki, başlar qızıb, vəziyyət hər an partlaya bilər. Çox mürəkkəb vəziyyətdir və mən elə düşünürəm ki, burada Çin heç bir rol oynaya bilməz. Çünki Çin daha öncə İslamabadın strateji tərəfdaşı olub. Amerika isə Hindistana yaxınlıq edir.
Rusiya bu prosesə nisbətən yaxınlaşa bilər, amma onun öz daxilində müharibə problemi var. Qalır Böyük Britaniya, Fransa və digər ölkələr. Amma bu ölkələrin də nüfuzu əvvəlki kimi deyil, son illərdə siyasi imic baxımından zəifləyiblər.
Mənə elə gəlir ki, həm İslamabad, həm də Dehli özləri bu prosesdə daha ayıq və məsuliyyətli davranmalıdırlar ki, vəziyyət kritik həddi keçməsin. Çünki Ukrayna tipli bir müharibə başlasa, bu, həqiqətən də böyük fəlakətə səbəb olacaq.Yüzminlərlə milyonlarla insan humanitar böhranla üz-üzə qalacaq. Dağıntılar, infrastrukturun məhv edilməsi, insan tələfatı və digər itkilər - bunlar böyük bir bədbəxtliyin göstəricisidir. İndi çalışmaq lazımdır ki, bəzi ölkələr, xüsusilə də bölgə dövlətləri bu məsələdə diplomatik imkan və potensiallarını sərf etsinlər ki, arada müəyyən yüngüllük yaransın, sabitlik qorunsun və nəhayət, müharibə ssenarisi arxa plana keçsin".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31