Asiyada böyük müharibə ehtimalı artır: Maraqlar toqquşur? – ÖZƏL

"Hindistan-Pakistan müharibəsinin başlanması haqqında bu gün danışmaq hələ tezdir. Ancaq məsələyə daha geniş, arxa plandan baxmaq lazımdır. Çünki bu gün baş verən bütün müharibələr - istər Ukrayna-Rusiya savaşı, istərsə də İsrail-Fələstin münaqişəsi - əslində bölgələrdəki maraqlar üzərində gedən mübarizənin nəticəsidir. Burada əsas məsələ, regionlarda hansı tərəfin daha çox nə əldə edəcəyi, hansı gücün hegemonluq qazanacağı ilə bağlıdır. Hazırda Pakistanla Hindistan arasında yaşanan gərginlik də bu çərçivədə qiymətləndirilə bilər".

Bu sözləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Ramiyə Məmmədova deyib. O qeyd edib ki, Qəzzadakı gərginlik və Kəşmirdəki hadisələr böyük güclərin strateji maraqları fonunda baş verir:

"Bugünkü Qəzza hadisələri ilə bu gərginlik arasında oxşarlıqlar mövcuddur və bu paralelləri dərindən incələdikdə daha aydın görünür. Məsələn, Qəzzanın boşaldılması məsələsi gündəmdədir. Burada ABŞ-nin hərbi bazasının yerləşdirilməsi, limanların açılması kimi planlar mövcuddur. Bu isə həm İsrailin, həm də ABŞ-nin iqtisadi və strateji maraqlarına xidmət edir. Qəzzada yerləşən liman, onun nəqliyyat əhəmiyyəti, oradan keçən gəmilər və sair bu maraqların bir hissəsidir. Belə olan halda, 7 oktyabrda baş vermiş hadisələrin - yəni Fələstin-İsrail müharibəsinin - qəfil başlaması təsadüfi görünmür. Eyni yanaşmanı Pakistan-Hindistan məsələsində də tətbiq etmək olar. Kəşmir bölgəsində yaşanan hadisələr də bu kontekstdə nəzərdən keçirilməlidir"

Siyasi şərhçi vurğulayıb ki, Kəşmir bölgəsindəki gərginlik böyük güclərin iqtisadi və strateji maraqlarının toqquşduğu təhlükəli nüvə qarşıdurması meydanıdır.

"Kəşmir regionu həm strateji, həm də iqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Məsələn, Qəzzada HƏMAS-ın israilli turistlərə qarşı hücumlarını xatırlasaq, Kəşmirdə də oxşar hadisələrin baş verdiyini görürük. Burada da bəzi silahlı qruplar tərəfindən turistlərə hücumlar təşkil olunur və bu, gərginliyi daha da artırır. Son hadisələrdə 27 nəfərin həlak olması bu gərginliyin nə qədər təhlükəli olduğunu göstərir. İkinci bir tərəfdən baxsaq, Kəşmir bölgəsindəki proseslər təkcə Hindistan və Pakistanla məhdudlaşmır. Bu, eyni zamanda böyük güclərin - ABŞ, Çin və İsrailin - maraqlarının toqquşduğu bir məkandır. Məsələn, Çinin Pakistana 60 milyard dollar həcmində yatırım yatırması, limanlara sahib olması və Çin-Pakistan iqtisadi koridorunun inkişafı bu maraq savaşının bir hissəsidir. Eyni zamanda Hindistanın ABŞ və İsrail tərəfindən dəstəklənməsi, Çinin bölgədə irəliləməsinin qarşısının alınması cəhdləri də bu böyük güclər arasındakı rəqabəti daha da gücləndirir. Hindistanın Amerikanın dəstəyi ilə regionda daha fəal rol almağa çalışması da diqqətdən yayınmamalıdır. Bütün məsələlərə diqqətlə baxdıqda görmək mümkündür ki, bugünkü müharibələrin başlanma və ya genişlənmə ehtimalı hansı səbəblərə dayanır. Məsələn, Çinin Pakistana etdiyi yatırımların qarşısının alınması bu səbəblərdən biridir. Unutmayaq ki, həm Pakistan, həm də Hindistan nüvə silahına sahib ölkələrdir. Xüsusilə də, müsəlman ölkəsi olan və yeganə nüvə silahlı İslam dövləti hesab edilən Pakistanın bu gücə sahib olması Qərb və xristian dövlətləri tərəfindən birmənalı qarşılanmır".

R. Məmmədova əlavə edib ki, Asiyada baş verən münaqişələr dini, etnik və geosiyasi maraqların toqquşduğu genişmiqyaslı və çoxtərəfli bir prosesə çevrilib.

"Bu məsələyə təkcə bir baxış bucağından yanaşmaq olmaz. Həm iqtisadi, həm də siyasi aspektlərdən təhlil etmək lazımdır. Hindistanda hazırda daxildə baş verən proseslər də bu kontekstdə əhəmiyyətlidir. Bildiyiniz kimi, Hindistan getdikcə daha çox monoetnik və monodini bir dövlət modelinə yaxınlaşır. Müsəlman əhalinin çox olduğu bu ölkədə, son illərdə onlara qarşı təzyiqlər artmaqdadır və bu da Hindistanın daxili siyasətində ciddi dönüşləri göstərir. Din və etnik məsələlər bu tip münaqişələrdə həmişə ön plandadır. Necə ki, Fələstin məsələsində, yaxud Rusiya-Ukrayna müharibəsində olduğu kimi, burada da dini və etnik səbəblər arxa plana deyil, ön plana çıxarılır. Bu amillər münaqişələrin alovlanmasında mühüm rol oynayır. Çin isə açıq şəkildə bildirib ki, Pakistanın yanındadır. Beləliklə, Asiya regionunda baş verən hadisələr artıq tək bir ölkənin problemi deyil. Bu, çox geniş bir ərazini əhatə edən proseslərdir. Buraya Türkiyə, Əfqanıstan, İran, Çin, Hindistan və ABŞ kimi ölkələr də dolayısı ilə cəlb olunur".

Siyasi şərhçinin sözlərinə görə, regionda maraqların toqquşması genişmiqyaslı müharibə riskini artırır.

"Regionda baş verə biləcək münaqişə artıq lokal səviyyədən çıxaraq daha genişmiqyaslı bir qarşıdurmaya çevrilə bilər. Məhz buna görə məsələyə iqtisadi baxış bucağından yanaşmaq vacibdir. Müharibənin nə qədər davam edə biləcəyini və ya nə qədər irəliləyə biləcəyini iqtisadi maraqların toqquşması müəyyən edir. ABŞ, Çin və digər dövlətlərin Pakistan üzərindən keçən strateji koridorlara olan maraqları bu məsələdə önəmli faktorlardır. Əgər bölgədə müharibə başlayarsa, bu, digər ölkələrin də prosesə cəlb olunmasına səbəb ola bilər. Məsələn, Pakistan, Türkiyə və Azərbaycan bu gün strateji tərəfdaşdırlar. Bu baxımdan, onların da münaqişəyə birbaşa və ya dolayı şəkildə cəlb olunma ehtimalı var. Nəticə etibarilə, əgər bu gedişat davam edərsə, regionda daha genişmiqyaslı, hərtərəfli və əhatəli bir müharibənin baş verməsi istisna deyil".

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31