Azərbaycan-İran münasibətlərində reallıqlar, risklər və perspektivlər– ÖZƏL

"Azərbaycan və İran arasındakı münasibətlər Pezeşkianın səfərinə qədər - hamıya bəlli olduğu kimi - bir qədər rəqabət, bəzən isə gərginlik mühitində davam edirdi. Amma Pezeşkiyanın səfəri onu deməyə əsas verir ki, İranda artıq Azərbaycan reallığı ilə barışıblar".

Bu fikirləri siyasi şərhçi Həşim Səhrablı Olaylar.az-a açıqlamasında bildirib:

"Bu reallıq nədən ibarətdir?
Bu reallıq Azərbaycanın artıq müstəqil bir dövlət olması, suveren hüquqlara sahib olması və dünya siyasətində müəyyən bir mövqeyə malik olmasıdır. Və məhz İran tərəfi də artıq bu reallıqla barışmağa başlayıb, atdığı addımlarda Azərbaycanın dövlət kimi mövcudluğunu, onun hüquqlarını, milli suverenliyini və maraqlarını nəzərə almağa başlayıb.

Əvvəllər biz İranın tamamilə Azərbaycana qarşı anti-Azərbaycan mövqeyində dayandığını görürdüksə, bu gün artıq Pezeşkian iqtidarı simasında İranın Azərbaycanla əlaqələr qurmaq, münasibətləri inkişaf etdirmək, biznes mühiti yaratmaq, strateji ortaqlıq və tərəfdaşlıq formalaşdırmaq istəyində olduğunu müşahidə edirik. Bütün bunlar həmin yeni formalaşan reallığın təzahürüdür.

Eyni zamanda mən bunu daha əvvəlki açıqlamalarımda dəfələrlə bildirmişəm və yenə də təkrar etmək yerinə düşər ki, rəsmi Tehran artıq görür ki, Azərbaycan təkcə İranın düşmənləri ilə deyil, həmçinin İranın dostları ilə də - yəni dünyanın həm o tərəfi, həm bu tərəfi ilə - xoş münasibətlər içindədir, yaxşı əlaqələr qurur, tərəfdaşlıqlar yaradır, müttəfiqliklər formalaşdırır.

Buna görə də İran tərəfi anlayır ki, Azərbaycana qarşı atacağı istənilən addım, müəyyən mənada, onun yaxşı münasibətlər saxladığı ölkələrin maraqlarına da zərbə vura bilər. Bu da İranın həmin tərəflərlə münasibətlərində gərginliyə səbəb ola bilər.

Yəni, bu gün ortada bir Azərbaycan reallığı var. Bu reallıq Şərqlə Qərbi, Cənubla Şimalı birləşdirir. Azərbaycanın dünyanın bütün güc mərkəzləri - Avropa Birliyi, Britaniya, ABŞ, Rusiya, Çin, Türkiyə - ilə əlaqələri var. Azərbaycan, müstəqilliyini bərpa etdiyi ilk illərdən etibarən, İranla da yaxşı münasibətlər qurmağa çalışıb. Amma bu günə qədər bütün bu xoş niyyətlər, əsasən İranın atdığı anti-Azərbaycan addımlar səbəbilə nəticəsiz, yarımçıq qalıb.

Bu gün isə deyə bilərik ki, artıq Məsud Pezeşkian iqtidarı həmin bu səhvi aradan qaldırmağa çalışır. Lakin bu o demək deyil ki, biz bunu tam səmimi şəkildə qəbul etməliyik. Razıyam ki, bütün tərəflərlə olduğu kimi İranla da münasibətlər inkişaf etdirilməlidir. Bura enerji təhlükəsizliyi, bölgədəki və ümumi regional təhlükəsizlik, ticarət və tranzit təhlükəsizliyi məsələləri daxildir.

Əgər bu əlaqələr doğrudan da normallaşarsa, həm Azərbaycan, həm də İran bundan fayda götürən tərəf olacaq. Amma bir riski heç vaxt nəzərdən qaçırmaq olmaz: Pezeşkianın soy kökü etibarilə Azərbaycan türkü olması onun Azərbaycana qarşı münasibətində radikal, ənənəvi anti-Azərbaycan mövqeyinin olmamasına səbəb ola bilər. Lakin bu, o demək deyil ki, İranda hər kəs Azərbaycan reallığı ilə barışıb.

Əgər fikir vermisinizsə, Pezeşkianın Azərbaycan səfərinə, xüsusilə də Məmməd Hüseyn Şəhriyarın "Heydər Babaya Salam" poeması əsasında səsləndirdiyi şeirə qarşı İranda radikal dairələr etiraz səsini ucaltdılar. Hətta o, İrana qayıtmamışdan əvvəl belə, bu səsləri eşidirdik.

Bu da onu göstərir ki, İranda hələ də gücü əlində saxlayan dairələr mövcuddur və onlar Azərbaycan siyasətinə ənənəvi düşmənçilik mövqeyindən yanaşırlar. Onlar Azərbaycanı sevmirlər, ölkəmizin suveren hüquqlarına və milli maraqlarına hörmətlə yanaşmırlar.

Ona görə də indi elə bir siyasət xətti izlənilməlidir ki, əgər Pezeşkian doğrudan da səmimidirsə, onun təklif etdiyi inkişaf trayektoriyası izlənilsin. Əməkdaşlıq qurulsun, biznes mühiti formalaşsın və həm Azərbaycan, həm də İran bu münasibətlərdən faydalansın. Regional sabitlik təmin edilsin.

Amma bu reallığı da unutmamalıyıq: Pezeşkian əbədi olaraq iqtidarda olmayacaq və İranda prezident vəzifəsi ali dini liderin səlahiyyətləri qarşısında daha az gücə malikdir.

Bütün bu müsbət məqamlarla yanaşı, Azərbaycan tərəfi hər zaman o riski də göz önündə saxlamalıdır ki, sabah prezident və digər yüksək vəzifələr radikal dairələrin - mollakratiyanın, farsçılığın nümayəndələrinin əlinə keçə bilər. Bu halda Azərbaycana qarşı düşmənçilik siyasəti yenidən aktuallaşa bilər.

Bu ehtimal daim canlı saxlanılmalı, Azərbaycan tərəfi münasibətləri inkişaf etdirməklə yanaşı, ehtiyat tədbirlərini də hər zaman gündəmdə saxlamalıdır".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31