Azərbaycan-Aİ enerji əməkdaşlığı yeni mərhələyə keçir – ÖZƏL

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqının ali nümayəndəsi Kaya Kallasla Bakıda keçirdiyi görüş, ölkəmizin Aİ ilə enerji əməkdaşlığında yeni bir mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Prezident çıxışında Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu vurğulayaraq, Cənub Qaz Dəhlizinin qitənin enerji təhlükəsizliyindəki rolunu xüsusi qeyd edib. Hazırda Azərbaycan 10 Avropa ölkəsini, o cümlədən 8 Aİ üzvünü qazla təmin edir. İlham Əliyev həmçinin Xəzər dənizindəki külək enerjisi potensialı və Transxəzər enerji dəhlizi çərçivəsində əməkdaşlıq imkanlarının genişlənməsindən bəhs edərək, Azərbaycanın enerji siyasətində bərpaolunan enerji və beynəlxalq tərəfdaşlıq əsaslı yeni mərhələyə keçid etdiyini göstərib. Bu yanaşma, regionun geosiyasi dinamikasında Azərbaycanın artan rolunu və enerji diplomatiyasının strateji xətt kimi ön plana çıxdığını nümayiş etdirir.

Maraqlıdır, Azərbaycanın bərpaolunan enerji sahəsində təşəbbüsləri və Transxəzər enerji dəhlizi layihələrindəki rolu, ölkənin enerji siyasətində hansı yeni mərhələnin başlandığını göstərir?

"Azərbaycanın xarici siyasət doktrinasında balanslaşdırılmış siyasətə üstünlük verilir. Bu balanslaşdırma siyasəti həm iqtisadi, həm də siyasi sahələri əhatə edir. Azərbaycan həm Şimal, həm Cənub, həm Şərq, həm də Qərblə iqtisadi və siyasi maraqlarını uzlaşdırır və bu baxımdan Qoşulmama Hərəkatına güvənərək neytral siyasət kursunu davam etdirir. Avropa İttifaqı dünya siyasətinə təsir göstərmək gücünə malik bir qurumdur və bu kontekstdə Azərbaycan öz iqtisadi maraqlarını da Avropa ilə uyğunlaşdırmağa çalışır. Azərbaycanın bir çox Avropa ölkələri ilə, xüsusilə enerji təhlükəsizliyinin təmin olunması sahəsində imzaladığı müqavilələr mövcuddur. Eyni zamanda, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Orta Dəhliz layihəsi də məhz Azərbaycan üzərindən həyata keçirilir".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev bildirib:

"Azərbaycan bu məsələlərdə həm Avropanın iqtisadi maraqlarını, həm də Cənubi Qafqazdakı geosiyasi maraqları nəzərə alaraq davranır. Bununla belə, təəssüf ki, Avropa İttifaqının müvafiq qurumları tərəfindən Azərbaycana qarşı zaman-zaman qərəzli münasibət nümayiş etdirildiyini görürük. Bu siyasi qərəzli yanaşmaları AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) fəaliyyətində və ATƏT-in Minsk Qrupunun ötən illərdəki fəaliyyətində də müşahidə etmişik. Buna baxmayaraq, Azərbaycan Avropa ilə həm iqtisadi, həm də siyasi münasibətlərini möhkəmləndirməkdə davam edir. Çünki bu, Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin əsas tərkib hissəsidir".

Siyasi şərhçi vurğulayıb ki, Avropa rəsmilərinin Azərbaycana səfərləri, enerji əməkdaşlığı fonunda əlaqələrin gücləndiyini və qərəzli yanaşmaların aradan qalxacağına ümid yaratdığını göstərir.

"Avropa İttifaqının yüksək vəzifəli nümayəndələrinin Azərbaycana səfərləri bir daha göstərir ki, Avropa da Azərbaycana ehtiyac duyur. Bu baxımdan, həm neft-qaz kəmərləri, həm TANAP layihəsi, həm də alternativ enerji layihələri Azərbaycanın iştirakı ilə həyata keçirilir. Xüsusilə "yaşıl enerji" layihələri gündəmdədir və gələcək illərdə bu sahədə yeniliklər gözlənilir. Beləliklə, Azərbaycan Avropa üçün strateji əhəmiyyətə malik bir bölgədir və Avropa ilə əməkdaşlıqda maraqlıdır. Hesab edirəm ki, Avropa nümayəndələrinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə keçirilən görüşlər və aparılan fikir mübadiləsi Azərbaycan-Avropa münasibətlərində yeni mərhələnin başlanğıcını qoyacaq və Avropanın Azərbaycana qarşı qərəzli münasibətləri aradan qalxacaq. Təəssüf ki, bu gün də Avropanın bəzi dövlətləri Azərbaycana qarşı düşmənçilik siyasətini davam etdirir və bunu xüsusilə Fransanın timsalında aydın şəkildə müşahidə edirik".

Azad Məsiyev sonda əlavə edib ki, Avropanın müvafiq qurumları - istər AŞPA, istər ATƏT, istərsə də digər təşkilatlar gələcək fəaliyyətlərində nəzərə almalıdırlar ki, Avropanın enerji təhlükəsizliyi birbaşa Azərbaycanla bağlıdır. Bu baxımdan, Avropa rəsmilərinin Azərbaycan Prezidenti ilə görüşləri qarşılıqlı anlaşmaya xidmət etməli, Avropanın Azərbaycana baxışında dəyişiklik yaratmalıdır. Bu münasibətlər beynəlxalq hüquq və qarşılıqlı fayda prinsipləri əsasında qurulmalı və bərpa edilməlidir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31