Çinlə əməkdaşlıq Azərbaycanın enerji resursları və beynəlxalq təsirini gücləndirir- Turan Rzayev- ÖZƏL 

"Prezident İlham Əliyevin Çinə səfəri hər tərəfdən mühüm bir addım kimi qiymətləndirilir. Çini artıq dünyanın ikinci ən böyük supergüc ölkəsi olduğunu deyə bilərik.  Çinin ciddi mənada inkişaf edən bir sənayesi var və bu sənaye həm də böyük ölçüdə xammal tələb edən bir sahədir".
Bu fikirləri politoloq Turan Rzayev Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq bilidirib ki,  Çinlə əməkdaşlıq Azərbaycanın enerji resursları və beynəlxalq təsirini gücləndirir:

"Xüsusən də xammal dedikdə, burada yanacaq və enerji resursları ilə bağlı  söhbət gedir. Azərbaycan isə neft və qaz ehtiyatları ilə zəngin bir ölkədir və belə bir zamanda, şübhəsiz ki, Çinlə bu istiqamətdə əməkdaşlıq perspektivləri mövcuddur. Bundan başqa, Azərbaycan Qarabağın bərpa prosesində ciddi investisiyaya ehtiyac duyur.
Təbii ki, biz bunu öz daxili resurslarımızın hesabına təmin edirik, amma xarici resursların olması da arzu olunan amillərdən biridir və bu prosesin sürətlənməsində mühüm rol oynayır. Belə olan halda Çin investorlarının və Çin şirkətlərinin Qarabağa gəlməsi, burada bərpa işlərini həyata keçirməsi həm ucuz, həm də keyfiyyətli işin ortaya qoyulması baxımından mühüm addım ola bilər. Hesab edirəm ki, Çinlə bu sahədə edilən razılaşmalarda da bu məsələ özünəməxsus yer tutur.
Çin beynəlxalq təşkilatlar baxımından da aktiv bir ölkədir. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir və veto hüququna malikdir. Bu baxımdan Azərbaycanın xarici siyasətində Çin dəstəyini hiss edirik. Əvvəllər də bu olub. Qarabağ məsələsində hər zaman Çin Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Eyni zamanda, Azərbaycan da Çinin ərazi bütövlüyünü tanıyıb.
Yəni, Tayvan münaqişəsində Azərbaycanın məsələyə yanaşması beynəlxalq hüququn norma və prinsiplərinə tamamilə uyğundur. Hesab edirəm ki, bu da Çin üçün məqbuldur. Bu səfərdən diqqətəlayiq məqamlardan biri, mənə görə, Naxçıvan və Uyğur bölgəsindən paytaxtı olan Urumçinin qardaş şəhər elan edilməsi oldu.
Məlum olduğu kimi, Naxçıvan Çinin bir kəmər və yol təşəbbüsündə mühüm bir yerə sahibdir. Həmçinin, Naxçıvan-Türk dünyasını birləşdirən mühüm bir qovşaq rolunu oynayır. Belə bir şəhərlə, Türk dünyasının qədim yurdu olan Şərqi Türkistanın və Uyğur soydaşlarımızın Urumçinin qardaş şəhəri elan edilməsi həm simvolikdir, həm də ölkələrarası münasibətlərdə çox mühümdür.
Təbii ki, dünya ictimaiyyətində Uyğurlara bağlı müəyyən problemlər qabardılır. Çində Uyğurlara qarşı və ya başqa formada etnik diskriminasiya iddiaları hər zaman mövcud olub və olacaq. Lakin ümumiyyətlə, bu tip problemlərin həlli heç vaxt həmin ölkələri sərt tənqid etmək və onlara qarşı şərhi çıxarmaqla mümkün olmur. Mən hər zaman deyirəm ki, Çinlə ortaq dialoq yolu tapmaq Uyğurlara daha çox dəstək edir, nəinki onu işğalçı ölkə adlandırmaq.
Azərbaycanın bu məsələdə tutduğu xətt daha məqbuldur və daha məqsədəuyğundur. Hesab edirəm ki, Azərbaycan bu məsələdə daha da irəliləyiş əldə edə bilər. Təbii ki, bir çox sahələrdə, ölkələr arasında münasibətlərin inkişaf perspektivləri var. Çinin əlindəki resurslar Azərbaycanın üçün də çox mühümdür.
Eyni qaydada, Azərbaycanın Asiya bazarına çıxışı, neft və qazın Avropa bazarından başqa Asiya bazarına çıxması bizim üçün alternativ yaradır. Yəni, biz Avropa İttifaqı ilə daha çox əməkdaşlıq edirik. Amma indi Çin bazarına çıxmağımız da bizim üçün Avropa İttifaqı ilə qarşı müəyyən təzyiqlər yaradacaqdır".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31