Azərbaycan və Çin: Beynəlxalq münasibətlərdə ortaq yanaşmalar və strateji tərəfdaşlıq– ÖZƏL
13:01 Siyasət"Azərbaycan və Çin beynəlxalq münasibətlərdə bənzər prinsipial yanaşmalara əsaslanır. Təbii ki, iki ölkənin gücü və coğrafi çəkisi fərqli olsa da, beynəlxalq hüquqa və dövlətlərarası münasibətlərin əsas prinsiplərinə yanaşma baxımından onların mövqeləri demək olar ki, eynidir. Bu prinsiplərə dövlətlərin bir-birinin daxili işlərinə qarışmaması, güc tətbiq edilməməsi, dövlətlərin suveren bərabərliyinə hörmət göstərilməsi, sərhədlərin zorla dəyişdirilməsinin yolverilməzliyi və ərazi bütövlüyünün qorunması daxildir".
Bu fikirləri siyasi şərhçi Aydın Quliyev Olaylar.az-a açıqlamasında bildirib:
"Bu mövqelərin oxşarlığı səbəbindəndir ki, Azərbaycan Çinin Tayvan məsələsində mövqeyini, yəni onun daxili işlərinə müdaxilə edilməməsi prinsipini açıq şəkildə dəstəkləyir. Bu mövqe Çinlə imzalanmış strateji tərəfdaşlıq bəyannaməsində də öz əksini tapıb. Eyni şəkildə, Çin də Azərbaycanın ərazi bütövlüyünü və hazırda həyata keçirdiyi sülh gündəmini açıq şəkildə dəstəkləyir.
Pekində imzalanmış strateji sənədlər, xüsusilə də Ermənistanın Azərbaycanın sülh təşəbbüsünə qeyri-sabit yanaşma sərgilədiyi bir dövrdə, Çinin bu məsələdə Bakının mövqeyini dəstəkləməsi mühüm siyasi mesajdır. Bu, regionda və beynəlxalq aləmdə Azərbaycanın mövqeyinin güclənməsinə səbəb ola bilər.
Azərbaycan və Çinin əməkdaşlığı təkcə siyasi və diplomatik sahələrlə məhdudlaşmır, həm də iqtisadi və nəqliyyat baxımından əhəmiyyətli təsir göstərir. Xüsusilə də Çinin "Bir kəmər, bir yol" təşəbbüsü Azərbaycanın strateji mövqeyini daha da ön plana çıxarıb. Azərbaycan bu layihəni təkcə dəstəkləməklə kifayətlənməyib, həm də qabaqlayıcı infrastruktur addımları ataraq bu təşəbbüsə uyğun dəmir yolları, avtomobil yolları, hava və dəniz limanları inşa edib.
Nəticə etibarilə, layihə qlobal səviyyədə qəbul olunmağa başlamamışdan əvvəl Azərbaycan bu təşəbbüsə tam hazır idi. Bu gün həm Azərbaycan, həm də Çin bu əməkdaşlıqdan qarşılıqlı mənfəətlər əldə edirlər.
Azərbaycan və Çinin oxşar dəyərlərə və prinsiplərə söykənən yanaşmaları beynəlxalq təşkilatlarda da özünü göstərir. Hər iki ölkə BMT, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı kimi qurumlarda fəal əməkdaşlıq edir. Bu əməkdaşlıq yalnız ölkələrin deyil, həm də Avrasiya regionunun və bütövlükdə bəşəriyyətin inkişafına xidmət edən bir strategiya kimi qiymətləndirilə bilər.
Azərbaycan və Çinin ortaq prinsiplərə söykənən siyasət aparması bəşəriyyətin gələcək layihələrinə də tam şəkildə cavab verir".
Zeynəb Rzayeva