Dünənki zəlzələ 8 bal gücündə imiş - Bu vaxtadək risk var
14:10 DünyaÖtən gün İstanbulda baş verən zəlzələ ilə bağlı hesabat yayımlanıb.
Hesabatı Boğaziçi Universitetinin Kandilli Rəsədxanası və Zəlzələ Araşdırma İnstitutu hazırlayıb.
İnstitutun rəhbəri professor Nurcan Meral Özelin verdiyi məlumata görə Silivri sahillərində qeydə alınan zəlzələnin gücü dənizdə 8, quruda isə 4-5 bal arasında olub.
Hesabata əsasən, zəlzələnin episentri Marmara dənizində - 40.8327° şimal enliyi və 28.2267° şərq uzunluğunda yerləşib. Zəlzələnin ocağı 15.2 kilometr dərinlikdə qeydə alınıb. Ən yaxın yaşayış məntəqəsi Silivri olub, daha sonra Marmara Ereğlisi, Böyükçekmece və Beylikdüzü gəlir.
Zəlzələdən 6 dəqiqə sonra AFAD-a sunami xəbərdarlığı göndərilib. Dəniz suyunun səviyyəsinin Silivri müşahidə stansiyasında 3 sm, Marmara Ereğlisində 2 sm, Erdekdə 6 sm, Esenköydə 4 sm və Şarköydə 5 sm dəyişməsi müşahidə edilib.
Özel əlavə edib ki, bu zəlzələ dəniz mərkəzlidir və ona görə də quruda hiss edilməsi daha zəif ola bilər. O, 2019-cu ildə baş verən 5.9 bal gücündəki zəlzələnin afterşoklarının 1.5 ay davam etdiyini xatırladaraq, bu dəfəki 6.2 bal gücündəki zəlzələnin təsirinin 1.5-2 ay çəkə biləcəyini, lakin onun da dənizdə baş verəcəyini vurğulayıb.
Rəsədxanadan bildirilib ki, Marmara dənizində baş verə biləcək zəlzələlər üçün erkən xəbərdarlıq sistemi üzərində pilot layihə həyata keçirilir və bu günkü zəlzələdə həmin sistem işə düşüb. Bu isə müsbət hal kimi qiymətləndirilib.