Bəhruz Quliyev: " Bu səfər münasibətlərin yeni mərhələyə qədəm qoymasının göstəricidir" – ÖZƏL
14:46 Siyasət"İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın yaxın günlərdə Azərbaycana rəsmi səfəri iki qonşu ölkə arasında mövcud olan münasibətlərin yeni mərhələyə qədəm qoymasına, siyasi, iqtisadi və regional əməkdaşlığın daha da gücləndirilməsinə təkan verəcək".
Bu sözləri siyasi ekspert, Səs Media Qrupunun rəhbəri Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib.
Ekspert əlavə edib ki, səfər çərçivəsində dövlət başçıları arasında keçiriləcək görüşlərdə ikitərəfli münasibətlərin inkişafı, enerji, nəqliyyat, ticarət, mədəni və humanitar sahələr üzrə əməkdaşlıq məsələlərinin müzakirəsi nəzərdə tutulur. Xüsusilə regional layihələrdə - o cümlədən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, enerji mübadiləsi və sərhəd ticarəti sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində real nəticələrin əldə olunacağı proqnozlaşdırılır.
Ekspertə görə, İran Prezidentinin Azərbaycana səfəri təkcə ikitərəfli münasibətlərin deyil, həm də regional əməkdaşlıq formatlarının inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır. Bu kontekstdə Azərbaycan-Türkiyə-İran üçtərəfli əməkdaşlıq modelinin formalaşması, "Bir millət - üç dövlət" yanaşması çərçivəsində bölgədə təhlükəsizlik, sabitlik və iqtisadi inteqrasiyanın möhkəmləndirilməsi perspektivləri gündəmə gələ bilər. Rəsmi Bakının və Tehranın qarşılıqlı maraqlarını nəzərə alan, praqmatik və səmərəli dialoqu gələcəkdə həm regionun sabitliyi, həm də beynəlxalq əməkdaşlıq mühitinin gücləndirilməsi üçün mühüm platformaya çevrilə bilər.
Səfərin yekunlarına dair birgə bəyanatın və əməkdaşlıq sənədlərinin imzalanması da gözlənilir.
B. Quliyev əlavə edib ki, əgər İran münasibətlərində, qonşuluq siyasətində səmimi olarsa regionda yeni formatların yaranmasına, regional layihələrin həyata keçirilməsinə öz töhfəsini verə bilər.
Səidə Ramazanova