“Artıq problem yoxdursa, Minsk Qrupunun gündəmdə qalması nəyə xidmət edir?” – Azad Məsiyev – ÖZƏL
18 Aprel 15:08 SiyasətErmənistanın Baş naziri Nikol Paşinyan Bakının irəli sürdüyü şərtlərlə razılaşmağa meyilli olduğunu açıq şəkildə ifadə edib.
Maraqlıdır, bu, bir manevrdir, yoxsa sülh sazişi ətrafında ciddi gəlişmə yaşanır?
Mövzu ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev Olaylar.az-a danışıb. O bildirib ki, Azərbaycan Ermənistanı sülh sazişi üçün ərazi iddialarından imtina edib, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanımağa çağırır:
"İkinci Vətən Müharibəsindən sonra Azərbaycan həm de-fakto, həm də de-yure ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Müharibədən dərhal sonra Azərbaycan Prezidenti Ermənistanla sülh sazişi imzalanması üçün 5 əsas prinsipdən ibarət təkliflə çıxış etdi. Ermənistan bu günə qədər Azərbaycanın təkliflərinə müsbət yanaşmır. Sülh sazişinin əsas prinsipi ondan ibarətdir ki, dövlətlər bir-birinin ərazi bütövlüyünü tanımalıdır. Təəssüflər olsun ki, Ermənistan hələ də rəsmi səviyyədə Azərbaycanın ərazi bütövlüyünü tanımayıb və Azərbaycanın ərazisinə iddiaları qalmaqdadır. Bu isə Azərbaycanın haqlı narazılığına səbəb olur. Azərbaycan tərəfinin ortaya qoyduğu məsələlər həm beynəlxalq hüquqa, həm də mövcud siyasi reallıqlara əsaslanır. Azərbaycanın tələblərindən biri odur ki, Ermənistan konstitusiyasına dəyişiklik edərək Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanısın və ərazi iddialarından imtina etsin. Burada məsələ təkcə Paşinyanla bağlı deyil. Azərbaycan dövləti Paşinyanla deyil, erməni xalqı ilə sülh sazişi imzalanmasına maraqlıdır. Çünki Paşinyan bu gün var, sabah ola bilər ki, olmasın. Əgər Ermənistan səmimi şəkildə sülh istəyirsə, erməni xalqı referenduma gedərək Azərbaycanın ərazi bütövlüyünə olan iddialarından imtina etməlidir".
Siyasi şərhçi əlavə edib ki, Azərbaycanın mövqeyinə görə, Ermənistan "Böyük Ermənistan" xülyasından və ərazi iddialarından imtina etməli, fəaliyyətsiz Minsk Qrupu isə artıq gündəmdən çıxarılmalıdır.
"Təəssüflər olsun ki, bu gün də erməni cəmiyyətində "dənizdən dənizə Böyük Ermənistan" xülyası mövcuddur. Onlar Azərbaycanın torpaqları hesabına bu xülyanı reallaşdırmaq istəyirlər. Bu gün Paşinyan hansısa sənədə imza ata bilər, lakin sabah başqa bir hakimiyyət gəlib həmin sənədi və konstitusiyanı dəyişdirə bilər. Ona görə də Azərbaycanın irəli sürdüyü prinsiplər fundamental və beynəlxalq hüquqa söykənən məsələlərdir. Əgər Ermənistan qonşularla dinc yanaşı yaşamaq prinsipini qəbul edirsə, bütün qonşulara qarşı ərazi iddialarından imtina etməlidir. İkinci mühüm məsələ isə, məlum olduğu kimi, ATƏT-in Minsk Qrupunun fəaliyyəti ilə bağlıdır. Bu qurum BMT-nin 4 qətnaməsinin icrası üçün yaradılmışdı. BMT-nin qətnamələrinə əsasən, Ermənistan işğalçı dövlət kimi tanınır və Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı idi. Minsk Qrupu bu problemi sülh yolu ilə həll etmək üçün yaradılmışdı. Lakin təəssüf ki, 30 ilə yaxın fəaliyyət göstərməsinə baxmayaraq, Minsk Qrupu heç bir konstruktiv addım atmadı. Əksinə, Azərbaycana təzyiq göstərərək, Ermənistanın işğalını qəbul etməyə çağırırdı. Təbii ki, Azərbaycan belə yanaşmanı qəbul etmədi. İkinci Vətən Müharibəsindən sonra Azərbaycan suverenliyini tam şəkildə bərpa etdi. Bu halda Minsk Qrupunun fəaliyyətinə ehtiyac qalmadı və qurum de-fakto funksiyasını itirdi. Əgər artıq problem yoxdursa, bu qurumun gündəmdə qalması nəyə xidmət edir?".
Azad Məsiyevin sözlərinə görə, Paşinyanın Qərbə xidmət edən siyasəti və Minsk Qrupuna arxalanması sülhə deyil, regionda gərginliyin davamına xidmət edir.
"Minsk Qrupunun həmsədrləri - ABŞ, Fransa və Rusiya - bu gün bir-biri ilə rəqabətdə və ya açıq qarşıdurmadadır. Belə bir şəraitdə bu dövlətlərin bir araya gələrək ortaq mövqe sərgiləməsi qeyri-mümkündür. Belə olan halda, bu qurumun fəaliyyəti yalnız siyasi alət kimi istifadə olunur. Qeyd olunmalıdır ki, Ermənistanı hakimiyyətə gətirən və dəstəkləyən əsas güclərdən biri Fransadır. Fransa və digər Qərb dövlətləri Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır və onu dəstəkləyirlər. Paşinyan isə bu dəstəklə arxalanaraq güc toplamağa, nəticədə Azərbaycana qarşı təzyiq kampaniyası aparmağa çalışır. Bu səbəbdən Ermənistan Minsk Qrupunun ləğvində maraqlı deyil. Halbuki Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanla sülh sazişinin imzalanması üçün vasitəçiyə ehtiyac yoxdur. İki dövlət birbaşa danışıqlar apararaq ortaq məxrəcə gələ bilərlər. Təəssüf ki, Paşinyanın apardığı siyasət reallıqdan uzaq, avantürist bir xətt daşıyır. O, Ermənistan xalqının deyil, Qərbin, xüsusilə Fransanın maraqlarına xidmət edir. Bu da göstərir ki, Qərb Cənubi Qafqazda sabitlikdə maraqlı deyil. Paşinyan sülhdən danışsa da, əməldə sürətlə silahlanma aparır, sərhəddə Qərbin müşahidə missiyalarını yerləşdirir və Avropanın digər strukturlarını Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir. Bunu AŞPA və ATƏT çərçivəsində də müşahidə edirik. Belə davranışlar səmimi deyil. Əgər Ermənistan həqiqətən sülh istəyirsə, baş nazir Paşinyan səmimi şəkildə referendum keçirərək Azərbaycanın beynəlxalq hüquqa və siyasi reallığa əsaslanan tələblərini qəbul etməlidir".
Səidə Ramazanova