Avropa İttifaqının siyasəti Azərbaycan–Aİ münasibətlərinin ruhuna ziddir- ÖZƏL 

Ermənistanın Avropa İttifaqı ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirməsi və hərbi yardım alması Bakının narazılığına səbəb olub. Brüsseldə keçirilən görüşdə tərəflər hərbi sənaye layihələrini və Aİ-nin dəstək mexanizmlərini müzakirə ediblər.
Mövzu ilə bağlı politoloq  Tural İsmayılov Olaylar.az-a açıqlama verib. 
Siyasi şərhçi bildirib ki, Avropa İttifaqının siyasəti Azərbaycan-Aİ münasibətlərinin ruhuna ziddir:

"Bu gün Avropa İttifaqının Sülh Fondu və müxtəlif adlar altında dayanmadan Ermənistana yardımlar ayırması, bu ölkəni maliyyələşdirməsi ciddi şəkildə Azərbaycanı narahat edir. Çünki bu gün Azərbaycan Avropa İttifaqının üçdə biri ilə enerji sahəsində strateji müttəfiqdir. Eyni zamanda Azərbaycan Cənubi Qafqaz regionunda sülhün, barışın və etimad mühitinin formalaşmasında maraqlıdır və daim sülhlə bağlı Ermənistana çağırışlar edir. Amma bütün bunların fonunda Ermənistanın silahlanması və Azərbaycanın sülhlə bağlı çağırışlarının bir növ sabotaja uğradılması müşahidə olunur. Bu gün Sülh Fondunun müxtəlif bəhanələrlə Ermənistana maliyyə yardımı ayırması Cənubi Qafqazda rifah və sabitliyə mənfi təsir göstərir. Bu vəziyyət Azərbaycanın xüsusilə Qərbi Avropa ölkələri ilə siyasi münasibətlərində narazılıq elementlərinin artmasına səbəb olur. Avropa İttifaqı Ermənistan ərazisində "mülki müşahidə missiyası" adı altında fəaliyyət göstərir. Eyni zamanda Ermənistana müxtəlif adlar altında saxta maliyyə axınları həyata keçirir ki, bu da Azərbaycan-Avropa İttifaqı münasibətlərinin ruhuna ziddir. Təbii ki, Avropa İttifaqı təkcə Fransa və Belçika kimi ölkələrdən ibarət deyil, amma biz açıq şəkildə görürük ki, Mərkəzi və Cənub-Şərqi Avropa ölkələri də Avropa İttifaqının daxilində Brüsselin və Parisin basqın və daha güclü görünən mövqeləri qarşısında səssiz qalırlar. Avropa İttifaqının Ermənistandakı monitorinq missiyası və silah dəstəyi, fikrimcə, sülh prosesi üçün ciddi təhdiddir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31