Azərbaycan–Gürcüstan strateji tərəfdaşlığı: 30 illik dinamik inkişafın nəticələri— ÖZƏL
18 Aprel 11:01 Siyasət"Azərbaycan-Gürcüstan münasibətləri 1990-cı illərdən bu günə qədər dinamik şəkildə inkişaf edib. Gürcüstan bu gün Azərbaycanın strateji tərəfdaşıdır.
Enerji, nəqliyyat, infrastruktur, investisiyalar, kənd təsərrüfatı və digər sahələrdə çoxşaxəli və dərin əməkdaşlıq mövcuddur. Azərbaycan Gürcüstanın dost mövqeyinə və tranzit imkanlarına yüksək dəyər verir. Məhz Gürcüstan sayəsində Azərbaycanın neft və qazı Türkiyəyə və oradan Avropa bazarlarına çatdırılır".
Bu fikirləri siyasi şərhçi Sultan Zahidov Olaylar.az-a açıqlamasında bildirib:
"Digər tərəfdən, Gürcüstan üçün də Azərbaycan etibarlı tərəfdaş kimi böyük əhəmiyyətə malikdir. Gürcüstanın Xarici İşlər Naziri Antalya Diplomatik Forumunda bildirmişdi ki, Azərbaycan Gürcüstan üçün böyük dəyərdir. Gürcüstan hər zaman Azərbaycanla olan münasibətlərə xüsusi önəm verib.
Azərbaycan-Gürcüstan münasibətlərinin səviyyəsini dövlət başçılarının mütəmadi təmaslarından da aydın görmək olur. Gürcüstanın yeni seçilmiş Baş naziri İrakli Kobaxidze ilk rəsmi xarici səfərini məhz Azərbaycana edib. Eləcə də, Gürcüstanın yeni seçilmiş Prezidenti Mixeil Saakaşvili ilk dövlət səfərini Azərbaycana reallaşdırıb.
Azərbaycan Prezidenti ilə keçirilən görüşdə Gürcüstan tərəfi bir daha ölkəsinin Azərbaycana verdiyi dəyəri vurğulayıb. Prezident İlham Əliyev də öz növbəsində Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının gələcəkdə daha da dərinləşəcəyini bildirib.
Bu gün Avropanın enerji təhlükəsizliyində Azərbaycan və Gürcüstan mühüm rol oynayırlar. Regional nəqliyyat axınında hər iki ölkənin əhəmiyyətli payı var. Bakı-Tbilisi-Qars dəmir yolu xətti Avropadan Çinə və əks istiqamətdə daşınan yüklər baxımından strateji əhəmiyyətə malikdir.
Bu baxımdan, iki ölkə arasındakı əməkdaşlıq təkcə Cənubi Qafqaz üçün deyil, bütövlükdə Avrasiya məkanı üçün də böyük dividendlər vəd edir".
Zeynəb Rzayeva