İran-Ermənistan yaxınlığı: Bölgədə yeni güc oyunu – ÖZƏL

ABŞ-də nəşr olunan "Long War Journal" yazır ki, İran Zəngəzur dəhlizi ilə bağlı mümkün Azərbaycan-Ermənistan qarşıdurmasında İrəvanı dəstəkləyə bilər. Nəşr bildirir ki, 2022-ci ildə İran sərhədyanı ərazilərdə SEPAH-ın iştirakı ilə hərbi təlimlər keçirib və Araz çayı üzərində müvəqqəti körpü inşa edib. Bu, Tehran-Ermənistan yaxınlığının mümkün hərbi əməkdaşlıq səviyyəsinə çatdığını göstərir. Ermənistan baş naziri Paşinyan sülhə ümid etsə də, sərhəddə hərbi texnika toplanması regionda yeni gərginliyin istisna olunmadığını deməyə əsas verir. 

Mövzu ilə bağlı Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev Olaylar.az-a danışıb. O bildirib ki, Sülh danışıqlarında əsas maneə Ermənistan Konstitusiyasındakı ərazi iddialarıdır, digər məsələlər üzrə isə ümumi razılıq mövcuddur:

"Bu gün Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında əsas fikir ayrılığı Ermənistan Konstitusiyasındakı Azərbaycana və qardaş Türkiyəyə qarşı ərazi iddialarının mövcudluğu ilə bağlıdır. Azərbaycan tərəfi həmin maddələrin konstitusiyadan çıxarılmasını təklif edir. Eyni zamanda artıq yekunlaşmış olan Qarabağ münaqişəsinə görə 90-cı illərdə formalaşmış ATƏT-in Minsk qrupunun buraxılması məsələsi də gündəmdədir. Hər iki ölkə arasında imzalanmağa hazır olan 17 maddəlik sülh müqaviləsi üzrə ümumilikdə razılıq mövcuddur. Zəngəzur dəhlizi də bu gün Azərbaycanla Ermənistan arasında müzakirə olunan məsələlərdən biridir və bu istiqamətdə ciddi fikir ayrılığı müşahidə olunmur. Hətta  Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə dəmir yolu xətti vasitəsilə yükdaşımaların həyata keçirilməsi və münasibətlərin normallaşdırılması istiqamətində müəyyən təşəbbüslərlə çıxış edir. Lakin qeyd etdiyim kimi, Azərbaycan üçün prinsipial xarakter daşıyan məsələlərdə Ermənistan tərəfinin hələ də qətiyyətli addımlar atmaması bu prosesin irəliləməsini ləngidən əsas səbəblərdəndir".

Siyasi şərhçi qeyd edib ki, İran-Ermənistan birgə hərbi təlimləri, Tehranın mümkün qarşıdurmada İrəvanı dəstəkləyə biləcəyi ehtimalını gücləndirir.

"O ki qaldı İranla Ermənistan arasında keçirilən birgə hərbi təlimlərə - bu cür təlimlərin gələcəkdə Azərbaycanla Ermənistan arasında mümkün hərbi qarşıdurma zamanı İranın Ermənistanı dəstəkləyə biləcəyi ehtimalını gündəmə gətirməsi narahatlıq doğurur. İkinci Qarabağ müharibəsi zamanı da İranın separatçı rejimlə əlaqələri və Zəngilan-Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun qarşısını almağa çalışdığına dair müəyyən məlumatlar mövcud idi. Müharibədən sonra da İranın Qarabağdakı qanunsuz silahlı birləşmələrlə hərbi təlimlər keçməsi, onlara dəstək verməsi, o cümlədən terrorçuların bölgəyə göndərilməsi ilə bağlı faktlar məlumdur".

Taleh Əliyev vurğulayıb ki, İranın Ermənistanı dəstəkləyəcəyi halda, Azərbaycan da öz müttəfiqləri ilə adekvat cavab verməyə hazırdır.

"Bütün bu hadisələrdən sonra İran rəsmilərinin şimal sərhədlərinin dəyişdirilməsini "qırmızı xətt" elan etməsi də bir daha göstərir ki, əhalisinin əksəriyyəti şiə olan Azərbaycan deyil, xristian Ermənistana dəstək vermə ehtimalı daha yüksəkdir. İran dəfələrlə açıq şəkildə Ermənistanla tərəfdaşlıq niyyətini bəyan edib. Əgər belə bir hal baş verərsə, yəni hərbi qarşıdurma yenidən başlayarsa və İran Ermənistanın yanında yer alarsa, təbii ki, Azərbaycan da öz müttəfiqləri ilə birlikdə adekvat mövqe sərgiləyəcək. Belə bir ssenaridə Azərbaycan tərəfi də cavab tədbirləri görmək üçün hazırlıq işləri aparır. Əlbəttə, müharibə bəşəriyyətə, xüsusilə də günahsız insanlara - uşaqlara, qadınlara, yaşlılara və xəstələrə fəlakətlər gətirir, ona görə də heç vaxt alqışlanmalı hal deyil. Amma bəzən olur ki, şərəfli və ləyaqətli yaşamaq üçün müharibə yeganə çıxış yolu olur. Əgər  Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməsə, o zaman Azərbaycan həm İkinci Qarabağ müharibəsinin başlanğıcında göstərdiyi qətiyyətli mövqeyi, həm də 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri zamanı nümayiş etdirdiyi prinsipiallığı bir daha ortaya qoya bilər".

Siyasi şərhçi sonda əlavə edib ki, bütün bu halların fonunda İran İslam Respublikasının Ermənistanı dəstəkləyəcək tərəf kimi çıxış etməsi Azərbaycan tərəfinin nəzərindən qaçmır. Bu ehtimal nəzərə alınaraq, Azərbaycan aidiyyəti dövlət qurumları səviyyəsində mümkün təhlükələrə qarşı qabaqlayıcı hazırlıq işlərini davam etdirir.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31