Oqtay Qasımov: "Vardanyanın işi ilə sülh müqaviləsi arasında heç bir əlaqə yoxdur"

Vardanyanın vəkili Jared Genser absurd fikirlər səsləndirib. İddia edir ki, Bakıda məhkəməsi gedən erməni əsilli şəxslər azadlığa buraxılmasa ABŞ prezidenti D.Tramp Ermənistanla Azərbaycan arasında sülh sazişini dəstəkləməyəcək.   

Olaylar.az  bildirib  ki siyasi şərhçi Oqtay Qasımovun  qənaətincə   Ruben Vardanyanın vəkili davamlı şəkildə əsassız və absurd iddialarla çıxış edir və bu çıxışları ilə məhkəmənin gedişatını və hüquqi prosedurları yanlış formada təqdim edir. Onun sözlərinə görə, vəkil vəkillikdən daha çox siyasi funksiyanı yerinə yetirən bir fiqur kimi çıxış edir.

Oqtay Qasımov qeyd edib ki, hazırda məhkəmədə hələ faktların araşdırıldığı mərhələdir və bu fonda müdafiə etdiyi şəxsin açıq-aşkar cinayətlərini görməzdən gəlib, onu "siyasi məhbus" kimi təqdim etmək və dərhal azadlığa buraxılmasını tələb etmək tamamilə qeyri-ciddi yanaşmadır.

"Vəkilin Ermənistan hakimiyyətinə və ictimaiyyətinə müraciətlər edərək onları bu prosesə aktiv müdaxiləyə çağırması da hüquqi çərçivədən kənara çıxmaqdır," - deyə siyasi şərhçi vurğulayıb.

Oqtay Qasımov əlavə edib ki, sülh müqaviləsinin dəstəklənməsi və ya dəstəklənməməsinin Ruben Vardanyan işi ilə heç bir əlaqəsi yoxdur. Əksinə, bu məsələ Vardanyanın əleyhinə işləyə bilər.

Şərhçiyə görə, ABŞ-nin prezidenti Donald Trampın şəxsi olaraq nifrət etdiyi şəxslərdən biri olan Samantha Power ilə Ruben Vardanyan arasında əlaqələrin, onun maliyyəsi hesabına həyata keçirilmiş layihələrin Trampa məlum olması, prosesin gedişatına mənfi təsir göstərə bilər: "Bu, məsələni tamamilə başqa bir müstəviyə daşıya bilər."

Oqtay Qasımov hesab edir ki, vəkilin səsləndirdiyi fikirlər daha çox Ruben Vardanyanın yaxınlarının və erməni diasporasının diqqətini cəlb etməyə, onlardan daha çox dəstək və qonoror toplamağa yönəlib.

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31