Azərbaycanlılarla bağlı strateji siyasət ortaya qoyulmalıdır- ÖZƏL
1 Aprel 2025 09:47 Siyasət"İran Dərbənddə və Borçalıda yaşayan azərbaycanlılar arasında siyasi və ideoloji iş aparır".
"Olaylar" xəbər verir ki, bumu politoloq Məhəmməd Əsədullazadə deyib: "Dərbənddə 500 mindən artıq azərbaycanlı yaşayır. Demək olar ki, Dərbənd azərbaycanlılarını unutmuşuq. Ola bilsin ki, Rusiyada yaşayan 2 milyon azərbaycanlıya görə bir qədər fikir vermirik. Rusiyada əmək miqrantları olan azərbaycanlılar öz milli kimliyi ilə bura bağlıdır. Amma, Dərbənd azərbaycanlıları ilə bağlı proseslər fərqlidir. İranın "Sahar azeri" televiziyasi Dərbənd azərbaycanlıları ilə bağlı verilişlər çəkir.
İran rejimi azərbaycanlılarla bağlı harada boşluq varsa, bundan istifadə edərək öz siyasi təsirini formalaşdirir. Uzun müddət məscidlərimizdən öz siyasi məqsədləri üçün istifadəyə fikir vermədik. Sonunda təhlükəni gördük. Hətta, İran kəşfiyyatı Rusiyada azərbaycanlıları da öz dini təsirinə almaq üçün məscidlər tikir, xütbələr təşkil edir.
Tehran rejimi boş oturmur. Uzun müddətdir ki, Gürcüstanda yaşayan azərbaycanlılar arasında məzhəb siyasətindən istifadə edərək, öz mövqeyini gücləndirir. Borçalıda İranın təsir qüvvəsi formalaşır. Azərbaycan dövləti Dərbənd azərbaycanlıları, Borçalı və Güney Azərbaycanla bağlı strateji siyasət ortaya qoymalıdır.
Artıq Qarabağ məsələsi bitib. İran, Rusiya bizi zəifləmək üçün öz soydaşlarımızdan istifadə edir. Sonradan Azərbaycan Respublikasına yönəldir. Faktiki soydaşlarımız yaşadığı ərazilərdə onlara sahib çıxmırıq. Deyirik İrəvana gedəcəyik. Tamam, İrəvana da gedək. Amma, İrəvana yol Dərbənddə, Təbrizdə yaşayan azərbaycanlilara sahib çıxmaqdan keçir. Sabah, Dərbənd azərbaycanlıları və Borçalı bizi tam unudacaq. Onsuz da Dərbənd azərbaycanlıları bizi unudub.
Güney Azərbaycan məsələsi ilə bağlı işləməliyik. Əlimizdə bu qədər imkanlar varkən.. Yeni dünya siyasi nizamı qurulur. Azərbaycan öz inzibati sərhədlərdən kənarda, tarixi Azərbaycan torpaqlarında yaşayan azərbaycanlılara sahib çıxmalıdır. Sonra gec ola bilər".