Bolqarıstan hər zaman çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə tərəfdar olub - XİN rəhbəri
13:41 SiyasətBolqarıstan hər zaman çoxtərəfli əməkdaşlığın gücləndirilməsinə tərəfdar olub.
Olaylar.az xəbər verir ki, bunu Bolqarıstanın Xarici İşlər naziri Georq Georqiyev XII Qlobal Bakı Forumu çərçivəsində bildirib.
"Bu forum, qlobal problemlərin həlli üçün çoxtərəfli yanaşmaya dəstəyimizi bir daha təsdiqləmək üçün yaxşı bir fürsətdir. Biz BMT Nizamnaməsinə və beynəlxalq hüququn prinsiplərinə və normalarına hər zaman sadiq qalırıq", - deyə XİN başçısı bildirib.
O, həmçinin, mövcud münaqişələrin, o cümlədən Ukraynadakı müharibənin diplomatik həll yollarını tapmağın son dərəcə çətin bir vəzifə olduğunu vurğulayıb. Ancaq onun dedyinə görə, bu ümumilikdə qlobal təhlükəsizliyin təmin edilməsi üçün zəruridir.
"Avropa İttifaqının üzvü olan bir ölkə kimi, Bolqarıstan ümumi dəyərləri və prinsipləri, o cümlədən sülh, rifah, insan ləyaqəti, demokratiya, düzgün idarəetmə, hüququn aliliyi, insan hüquqlarına hörmət, dialoq və əməkdaşlığa bağlılığı müdafiə etməyə borcludur. Bu dəyərlər tez-tez "Avropa" və ya "Qərb" dəyərləri adlandırılır, amma onlar beynəlmilləl deyilmi? Yəqin ki, heç kim onlaırn əhəmiyyətini inkar etməz", - Georqiev bildirib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.