Mədəniyyətlərarası dialoq davamlı sülhün təşviqi üçün vacib mexanizmdir-Özəl
10:23 Siyasət"Bu gün dünya ictimaiyyəti bir sıra mürəkkəb problemlərlə üz-üzədir. Müharibələr, humanitar böhranlar, dini dözümsüzlük, ayrı-seçkilik və informasiya məkanında yayılan yanlış təsəvvürlər xalqlar arasında etimadın zəifləməsinə səbəb olur. Belə şəraitdə dialoq yalnız diplomatik ünsiyyət vasitəsi deyil, həm də qarşıdurmaların qarşısının alınması və davamlı sülhün təşviqi üçün vacib mexanizmdir". "Olaylar" xəbər verir ki, bunu YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov deyib: "Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu beynəlxalq gündəmdə diqqət mərkəzinə çıxması Azərbaycanın bu məsələlərin müzakirəsinə töhfə vermək niyyətini nümayiş etdirir. Eyni zamanda, 100-dən çox ölkədən nümayəndələrin iştirak etdiyi forumun Bakıda keçirilməsi mədəniyyətlərarası dialoqun qlobal əhəmiyyətini bir daha nümayiş etdirir. Tədbir müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələrinə aktual problemləri müzakirə etmək, fərqli mövqeləri dinləmək və əməkdaşlıq imkanlarını araşdırmaq üçün şərait yaradır.
Azərbaycanın bu sahədəki təşəbbüsləri ölkənin beynəlxalq humanitar əməkdaşlığa verdiyi önəmi göstərir. Bakı prosesi və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu fərqli mədəniyyətlər arasında əlaqələrin inkişafına xidmət edən platformalar kimi fəaliyyətini davam etdirir. "Ortaq gələcək naminə dialoq" mövzusu da məhz bu həqiqəti ifadə edir: gələcəyin daha təhlükəsiz və sabit olması üçün dövlətlər və xalqlar fikir ayrılıqlarını müzakirə etməyi, qarşılıqlı hörməti qorumağı və ümumi problemlərin həlli naminə əməkdaşlıq etməyi bacarmalıdırlar. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu bu məqsədlərin müzakirəsi üçün beynəlxalq platforma rolunu oynayır və Azərbaycanın qlobal dialoq təşəbbüslərində iştirakının davam etdiyini göstərir".