Azərbaycanın sabit inkişafının təməlində cəmiyyətimizdəki dərin ahəngdarlıq dayanır-Özəl

"Dünya sürətlə dəyişir, proqnozlaşdırılması çətinləşən qlobal geosiyasi proseslər, təəssüf ki, yeni münaqişələrin və dərinləşən ziddiyyətlərin yaranması ilə müşayiət olunur. Belə bir mürəkkəb tarixi dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki dərindən düşünülmüş, strateji baxışlarla zəngin çıxışı həm ölkəmizin keçdiyi tarixi yolu, həm də müasir beynəlxalq münasibətlər sistemindəki aparıcı rolunu bir daha nümayiş etdirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Ötən 15 il ərzində Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətləri, sivilizasiyalararası təmasları və digər əlaqədar məsələləri həll etmək üçün olduqca səmərəli və əhatəli platformalardan birinə çevrilmişdir. 100-dən artıq ölkədən 500-dən çox qonağın, ümumilikdə 2000-dən artıq iştirakçının qatıldığı bu mötəbər tədbir Azərbaycanın sülhə, həmrəyliyə və dialoqa verdiyi dəyərin bariz nümunəsidir.

Müasir Azərbaycanın uğurlu və sabit inkişafının təməlində cəmiyyətimizdəki dərin ahəngdarlıq dayanır. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı və bu gün də yüksək qiymətləndirdiyi əsas meyarlardır. Əsrlər boyu Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olan ölkəmizdə bütün etnik və dini qruplar bərabər hüquqlara malikdir və bir ailə kimi yaşayırlar. Vətən müharibəsi və 2023-cü ildə keçirilmiş antiterror əməliyyatları Azərbaycan xalqının birliyini, "Dəmir yumruq" kimi birliyini bütün dünyaya nümayiş etdirdi. Biz 30 il ərzində işğal altında qalmış torpaqlarımızı azad etdik, BMT Təhlükəsizlik Şurasının kağız üzərində qalmış dörd qətnaməsini təkbaşına icra edərək beynəlxalq hüququ və öz ləyaqətimizi bərpa etdik".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31