Azərbaycanın beynəlxalq hüquqa söykənən siyasəti uğurlara yol açır-Özəl
10:44 Siyasət"Azərbaycanın ədalətə və beynəlxalq hüquqa söykənən müstəqil siyasəti daim davamlı uğurlara yol açır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Malik Həsənov deyib: "Azərbaycan Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bütün hədəflərə ardıcıllıqla nail olur. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasının yaratdığı yeni reallıqlar regionda dayanıqlı sülhü və təhlükəsizliyi şərtləndirir. Əməkdaşlığın coğrafiyasının genişləndirilməsində bu amil əsasdır. Azərbaycan postmünaqişə dövründə sülh gündəliyinin müəllifi kimi çıxış edərək beynəlxalq platformalar vasitəsilə dünyaya sülh, təhlükəsizlik, əməkdaşlıq mesajlarını verir. "Ortaq gələcək naminə dialoq" çağırışını edən və üç gün davam edəcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın qlobal miqyasda humanitar əməkdaşlıq, tolerantlıq və dialoq mərkəzi kimi strateji mövqeyini növbəti dəfə bütün dünyaya nümayiş etdirir. Tədbir, eyni zamanda, fərqli mədəniyyətlər və sivilizasiyalar arasında körpülərin qurulmasında Bakının əvəzolunmaz rolunu təsdiqləyir. Forum çərçivəsində aparılan müzakirələr təkcə mövcud problemlərin aradan qaldırılmasına deyil, həm də gələcək nəsillər üçün daha təhlükəsiz, inklüziv və ədalətli dünya nizamının qurulmasına yönələn ortaq fəaliyyət planlarının müəyyənləşdirilməsinə xidmət edir".