“Bakı prosesi”ndən dünyaya mesaj–Özəl
10:43 Siyasət"Beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır"
Azərbaycanın regionda yaratdığı yeni reallıqlar onu qlobal problemlərin həllində əsas söz sahiblərindən birinə çevirib. Hazırda ölkəmiz sadəcə tarixi ədaləti bərpa edən güclü dövlət deyil, həm də fərqli dinlərin və mədəniyyətlərin harmoniya içində yaşadığı unikal multikulturalizm modelidir. Bu baxımdan əsası 2008-ci ildə qoyulan "Bakı Prosesi" və Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu sivilizasiyalararası etimadı bərpa edən əvəzsiz qlobal instituta çevrilmişdir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müxtəlif xalqlar, dinlər və mədəniyyətlər arasında qarşılıqlı anlaşmanın, hörmətin və əməkdaşlığın inkişafına xidmət edən beynəlxalq platformadır. Forumun əsas məqsədi mədəni müxtəlifliyin qorunması, sivilizasiyalar arasında dialoqun gücləndirilməsi və dünyada sülhün təşviq edilməsidir. Azərbaycanın ev sahibliyi etdiyi bu forum ölkəmizin beynəlxalq mədəniyyətlərarası dialoq prosesində iştirakını və bu sahədə həyata keçirdiyi təşəbbüsləri nümayiş etdirir. Forumun əsas əhəmiyyəti onun sülhün və təhlükəsizliyin möhkəmləndirilməsinə xüsusi töhfə verməsidir. Çünki, Foprm müxtəlif xalqlar və dinlər arasında dialoq münaqişələrin qarşısının alınmasına, anlaşılmazlıqların aradan qaldırılmasına və sülh şəraitində birgəyaşayışın təşviqinə kömək edir. Mədəni müxtəlifliyin qorunmasına gəldikdə isə Forum xalqların dilinin, adət-ənənələrinin, dini inanclarının və mədəni irsinin qorunmasının vacibliyini özündə ehtiva edir. Dözümlülük və qarşılıqlı hörmətin inkişafı baxımındsn isə insanların fərqli mədəniyyətləri tanımasına, stereotiplərin və ayrı-seçkiliyin aradan qaldırılmasına şərait yaradır. Sadalanan amillər sözssüz ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinə şərait yaradır. Forum dövlətlərin, beynəlxalq təşkilatların, alimlərin və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək qlobal problemləri müzakirə etməsinə imkan verir. Heç şübhəsiz ki, Form Azərbaycanın beynəlxalq nüfuzunun artırılmasında əhəmiyyətli rol oynayır. Bu səbəbdən də Bakı Prosesi çərçivəsində keçirilən forum Azərbaycanı mədəniyyətlər və sivilizasiyalar arasında dialoqun təşviq olunduğu beynəlxalq platformalardan birinə çevirib.
Məlum olduğu kimi Azərbaycan coğrafi mövqeyinə, tarixi ənənələrinə və mədəni müxtəlifliyinə görə Şərq və Qərb arasında əlaqələrin inkişafında mühüm yer tutur. Bakıda keçirilən forum müxtəlif ölkələrin nümayəndələrinə fikir mübadiləsi aparmaq, ortaq problemləri müzakirə etmək və əməkdaşlıq imkanlarını müəyyənləşdirmək üçün şərait yaradır. Elə Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun mövzusu da bu əhəmiyyəti əks etdirir: "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması". Təsadefi deyil ki, Prezident İlham Əliyeb Formda çıxışı zamanı qeyd etdi ki, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub: "Biz Avropa ilə Asiya arasında yerləşirik. Əsrlər boyu Azərbaycan Asiya ilə Avropa arasında mədəniyyət körpüsü olub. Multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk. Azərbaycanın uğurlu və sabit inkişafının təməlində dayanan əsas səbəblərdən biri isə cəmiyyətimizdəki ahəngdarlıqdır. Bütün etnik qrupların, dinlərin nümayəndələrinin Konstitusiyamıza uyğun olaraq, nəinki bərabər hüquqları var, onlar, həmçinin bir ailə kimi yaşayırlar. Biz həmrəylik, qarşılıqlı hörmət və anlaşmanın ən yüksək səviyyəsini həqiqətən hiss edirik. Hamımız milli ideyalar ətrafında birləşirik. Onlardan biri azərbaycançılıqdır. O, Azərbaycandakı bütün xalqları bir araya gətirir. Bu birlik müstəqillik tariximizin ən ağır vaxtlarında özünü göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, həmçinin İkinci Qarabağ müharibəsi zamanı bütün etnik və dini qrupların nümayəndələri özünəməxsusluğumuzu qorumaq, ədaləti müdafiə etmək və ərazi bütövlüyümüzü bərpa etmək üçün Qələbəmizin rəmzi olan "Dəmir yumruq" kimi vuruşdular. Beləliklə, birliyin bu cür böyük təzahürü bir daha cəmiyyətimizin durumunu göstərir. Bir daha deyirəm ki, əgər bizdə - Azərbaycanda yaşayan bütün xalqlar arasında qarşılıqlı hörmət, əhatəliliyin real platforması olmasaydı, biz heç zaman uğur qazana bilməzdik. Çox fərəhlənirik ki, həmin dəyərləri əsrlər boyu qoruyub saxlaya bilmişik".
Azərbaycanın yaratdığı bu reallıqlar bir sıra məkirli dairələrin yuxusunu ərşə çəkib. Elə bu səbəbdən də ölkəmizə qarşı təzyiq və təhdid dolu münasibət sərgilənir. Azərbaycanın qlobal problemlərin həllinə verdiyi töhfə və təşəbbüslər dəstəklənmək əvəzinə, ikili standatrların şahidi oluruq. Hətta ölkəmizə qarşı əsassız sanksiyaların tətbiqinə rəvac verilir. Dövlət başçısının qeyd etdiyi kimi ətrafımıza baxanda hər yerdə sanksiyalar görürük: "Azərbaycandan şimala və cənuba baxdıqda yüzlərlə sanksiyanın tətbiq olunduğunu görürsünüz. Lakin Ermənistana qarşı sanksiya tətbiq edilmədi. Bu isə ikili standartlar məsələsidir. Bu, ikili standartlardan başqa bir şey deyil. Biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq. Bu, xarici siyasətimizin mühüm istiqamətlərindən biridir. Çünki biz ikili standartlardan əziyyət çəkmişik və hələ də onların təsiri ilə üzləşirik. Əlbəttə, indiki vəziyyətimizlə bağlı "əziyyət çəkmək" ifadəsi bəlkə də çox sərt səslənir. Əslində, biz artıq əziyyət çəkmirik. Çünki istədiyimizə nail olmuşuq və öz torpağımızda azad yaşayırıq. Bununla belə, beynəlxalq siyasətdə ikili standartlar siyasəti tamamilə aradan qaldırılmalıdır. Cəmiyyətimiz ikili standartları qətiyyətlə rədd edir". Göründüyü kimi, Azərbaycan hesab edir ki, müasir dünyada sülhün, təhlükəsizliyin və beynəlxalq əməkdaşlığın təmin olunması dövlətlər arasında qarşılıqlı hörmətin, bərabərliyin və ədalətin qorunmasından birbaşa asılıdır. Beynəlxalq münasibətlər sistemində bütün dövlətlərə eyni hüquqi və siyasi prinsiplərlə yanaşılması, beynəlxalq hüququn hamı üçün bərabər tətbiq edilməsi dayanıqlı sülhün əsas şərtlərindəndir. Məhz bu baxımdan, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu müasir dünyada sülhün, qarşılıqlı anlaşmanın və mədəni müxtəlifliyin qorunmasının vacibliyini ön plana çıxarır. Forumun əhəmiyyəti yalnız müzakirələrin aparılması ilə məhdudlaşmır. Onun əsas məqsədi dialoqu real əməkdaşlığa çevirmək, xalqlar arasında etimadı gücləndirmək və daha dinc, ədalətli dünya qurulmasına töhfə verməkdir. Bu baxımdan forum həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan üçün mühüm əhəmiyyət daşıyır.
Alim Hüseynli