BMT qlobal münaqişələrin həllinə töhfə verməlidir - Miroslav Layçak
12:38 SiyasətBirləşmiş Millətlər Təşkilatı qlobal münaqişələrin həllinə töhfə verməlidir, çünki məhz o, sülh yolu ilə nizamlanmanın hüquqi bazasını təmin edir.
Olaylar.az xəbər verir ki, bunu BMT Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Layçak XII Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Sülhə aparan yol" mövzusunda panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, dünyanın bu gün şahidi olduğu faciələr, İkinci Dünya müharibəsindən sonra yaradılan çoxtərəfli sistemin təkamülünün göstəricisidir.
"Hər şeydən əvvəl münaqişələrin mahiyyəti dəyişib. Bu gün biz hibrid müharibə, kiberhücumlar, dezinformasiya kampaniyaları ilə qarşılaşırıq. Bu hallar BMT Nizamnaməsində qeyd olunmayıb, lakin bu o demək deyil ki, onları görməzdən gəlməliyik. Əksinə, yanaşmamızı uyğunlaşdırmalıyıq", deyə Miroslav Layçak bildirib.
O vurğulayıb ki, dayanıqlı və ədalətli sülhə nail olmaq üçün beynəlxalq ictimaiyyət beynəlxalq hüquqa, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və Beynəlxalq Məhkəmənin qərarlarına əsaslanmalıdır.
"BMT həll yollarının formalaşmasında iştirak etməlidr, çünki o lazımı hüquqi bazanı təmin edir. Bizə çoxsəviyyəli yanaşma, təhdidlərə qarşı mübarizə üçün müasir texnologiyalar, həmçinin informasiya müharibəsində qalib gəlmək bacarığı lazımdır, çünki sosial şəbəkələr müasir münaqişələrdə tamdəyərli aktora çevrilib", - deyə o əlavə edib.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu 13-15 mart tarixlərində keçirilir. Forum Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən "Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi" şüarı altında təşkil olunub.
Tədbir çərçivəsində qlobal geosiyasi dəyişikliklər, çoxtərəfli yanaşma, qlobal səhiyyə böhranı, bərpa və dünyanın regional sabitliyi, COP29 və digər vacib qlobal məsələlər müzakirə olunacaq.
Forum 60-dan çox ölkədən 300-dən artıq dünya liderini bir araya gətirəcək. Onların sırasında həmçinin 25-dən çox sabiq prezident, 15-dən çox keçmiş baş nazir, BMT və beynəlxalq agentliklərin təxminən 10 rəhbəri, həmçinin 25-dən çox keçmiş nazir və nazir müavini yer alacaq.