Avropa İttifaqının Ermənistan sevdası

Aİ-nin müşahidə missiyası sülh danışıqlarına hansı töhfəni verə bilər?

Dünyanın yenidən düzənlənməsi məsələsi gündəmə gəldikdən sonra Avropa İttifaqı Şurasının Ermənistandakı müşahidə missiyası fəallığını artırıb. Müşahidə mandatını və fəaliyyət tezisini Avropa koalisiyasından alan missiya üzvləri Azərbaycanla Ermənistanın şərti sərhədlərində tez-tez peyda olur. Şübhəsiz ki, məqsəd hazırda hökm sürən xaotik vəziyyətdə Cənubi Qafqazı Qərbin nəzarətində saxlamaqdır.  Ancaq məlumdur ki, kəşfiyyat xarakterli müşahidələr aparan missiya mütəmadi olaraq Brüsselə hesabat verir. Belə fəaliyyət hələ iki il davam edəcək. 
Əslində sözügedən missiyanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının intensivləşməsinə heç bir aidiyyatı yoxdur. Sərhədlərin də delimitasiya və demarkasiya məsələsi ilə bağlı işçi qrupları yaradılıb və qarşılıqlı razılaşma yolu ilə proses davam etdirilir. Belə halda, missiyanın yeri gəldi-gəlmədi "yuyulmamış qaşıq" kimi proseslərə müdaxiləsi tərəflər arasında qıcıq yaradır. Elə Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritterin "Armenpress" agentliyinə müsahibəsi də buna bariz nümunədir. 

"Cənab" Markus Ritter  müsahibəsində qeyd edir ki, Avropa İttifaqı Şurasının Ermənistandakı  müşahidə missiyasının mandatını uzatması Brüsselin missiyanın Cənubi Qafqazda sabitliyə töhfə verən faydalı bir alətidir. Guya, missiyanın Ermənistan-Azərbaycan sərhədində fəaliyyətə başladığı ilk gündən etibarən iki ölkə arasındakı sərhəd insidentlərinin sayı əhəmiyyətli dərəcədə azalıb: "Aydındır ki, 23 fevral 2023-cü ildə Ermənistana gəldiyimiz gündən etibarən sərhəd boyunca və Ermənistan ilə Azərbaycan arasındakı təmas xəttində insidentlərin sayı əhəmiyyətli dərəcədə azalıb. Əminəm ki, bu azalma bizim təsirimiz, sərhəd boyunca patrul xidmətimiz və ümumiyyətlə, bölgədəki mövcudluğumuz sayəsində baş verib. Yalnız biz deyil, həmçinin siyasi şərait, Ermənistan və Azərbaycan arasındakı danışıqlar da insidentlərin azalmasına səbəb olur. Əminəm ki, bizim mövcudluğumuz bu ümumi prosesə dəstək verir". Maraqlıdır, Azərbaycan tərəfinin razılığı olmadan fəaliyyət göstərən, müşahidə əvəzinə kəşfiyyat aparan missiyanın sülh danışıqlarına hansı töhfəsi ola bilər? Missiya rəhbərinin Azərbaycan tərəfinin etirazını ittiham adlandırması qərəzdən, ikili standartdan xəbər vermirmi? Ermənistanın istənilən yazılı, yaxud şifahi razılaşmaya baxmayaraq ardıcıl olaraq atəşkəsi pozmasını kimin ayağına yazaq?  İşğalçı dövlətin təkcə Qarabağda deyil, eləcə də Naxçıvanla sərhəddə törətdiyi təxribatlar görəsən  hesabatda yer alıbmı?

Təbii ki missiya Ermənistanın istəyi və dəvəti ilə ərazidə yerləşdirilib. Bu qərarın özü  Avropa İttifaqının Ermənistan sevdasından irəli gəlir. Müşahidə missiyasının rəhbəri isə qeyd edir ki, "bu razılaşmaya və ya Avropa İttifaqı ilə Ermənistan hökuməti arasındakı razılığa əsasən,  biz daha iki il burada qalmalıyıq. Bu, bizə müsbət münasibət olduğunu göstərir". Belə halda missiyanın hesabatının birtətəfli olacağı heç kimdə şübhə doğurmur. Azərbaycan dəfələrlə bəyan edib ki, heç kimin torpaqlarında gözü yoxdur və hazırki dövrdə heç bir hərbi müdaxilədən söhbət gedə bilməz. Markus Ritter  isə deyir ki, "insanlar özlərini daha təhlükəsiz və qorunmuş hiss edirlər. Bu, faktdır və bu, bizim işimizin bir hissəsidir". Müşahidə missiyası fəaliyyətini mandatına uyğun qurmaq əvəzinə, hədə-qorxu ilə dolu fikirlər səsləndirir: "Biz əvvəllər nə etmişiksə, indi də eyni şeyi edirik və bunu heç vaxt dəyişməyəcəyik. Biz sərhəd və təmas xəttində açıq şəkildə patrul xidməti həyata keçiririk. Biz heç vaxt gizlənmirik və gizlənməyəcəyik. Biz bunu ilk gündən belə etmişik və indi də eyni şəkildə davam edirik. Bu o deməkdir ki, Azərbaycan tərəfi bizi çox asanlıqla görə və harada olduğumuzu bilə bilər, çünki biz gizlənmək istəmirik". Belə məlum olur ki, missiya hələ uzun müddət regionda qalmağı planlaşdırır. Ona görə eyham vurur ki, "qapıdan qovsanız da pəncərədən girəcəyik".  

Maraqlı məqamlardan biri də odur ki, fəaliyyət göstərdiyi müddət ərzində müşahidə missiyası sülh razılaşmasına hansı töhfəsini verib? Gün kimi aydındır ki, Ermənistanın belə bir razılaşmaya getməsinin başlıca səbəbi Azərbaycanın təklif etdiyi sülh sazişinin bağlanma müddətini uzatmaqdır. Elə Avropa İttifaqı da bu niyyətdən öz məqsədi üçün istifadəyə cəhd edir. 
Bunu missiyanın rəhbərinin fikirlərindən də aydın sezmək mümkündür: "Hər halda, biz hər iki tərəf üçün "narahatlıq doğururuq", çünki bu münaqişə zonasına beynəlxalq perspektiv gətiririk. Bu həm Ermənistan, həm də Azərbaycan üçün o deməkdir ki, onlar heç nəyi elə-belə başlaya bilməzlər, çünki biz - beynəlxalq ictimaiyyət və xüsusilə Brüssel - orada baş verənlərdən xəbərdar olacağıq". Sual yaranır, elədirsə, niyə Ermənistan mütəmadi olaraq sərhəddə təxribat törədir?  Belə məlum olur ki, ya  Ermənistan müşahidə missiyasını heçə sayır, ya da təxribatları Avropa İttifaqının xeyir-duası ilə törədir. Əks halda, Avropa İttifaqı müşahidə missiyasının "aşıq" və "şəffaf" fəaliyyəti ilə Azərbaycan tərəfini də tanış edərdi. 

Bunun əvəzinə Azərbaycan tərəfinin Aİ müşahidə missiyasının Ermənistan-Azərbaycan sərhədindən çıxarılması tələbini özü istədiyi kimi yozur. Missiya rəhbəri bildirir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşərək məsələni müzakirə edib. Bəlli olub ki, söhbət missiyanın bölgədən çıxarılmasından getmir: "Söhbət bizim sərhəddən çıxarılmağımızdan getmir. Söhbət ondan gedir ki, artıq razılaşdırılmış, demarkasiya olunmuş və dəqiq müəyyən edilmiş sərhəd bölgələrində bizə ehtiyac yoxdur. Bizim artıq sərhəd bölgəsində olmağımıza ehtiyac yoxdur, lakin bu, o demək deyil ki, biz kəndlərdə və ya başqa yerlərdə fəaliyyətimizi dayandırmalıyıq. Biz sadəcə sərhəddən bir qədər kənarda patrul xidmətimizi davam etdirəcəyik". Çox maraqlı açıqlamadır ki, müşahidə missiyasının sərhəddən çıxarılmasını Azərbaycan tərəfi tələb edir, müzakirələr isə Nikol Paşinyanla aparılır. Hətta qərar verilir ki, missiyanın patrul xidməti davam etdirilsin. Birmənalı şəkildə qeyd edilməlidir ki, elə  Aİ-nin Ermənistandakı müşahidə missiyasının rəhbəri Markus Ritter  Avropa İttifaqının mövqeyini ortaya qoyub. Bu mövqe nəinki Azərbaycanın maraqlarına uyğun deyil, həm də Ermənistan-Azərbaycan arasında gözlənilən sülh sazişinin uzadılmasına xidmət edir.

Alim Hüseynli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31