İranın Cənubi Qafqazdakı strateji oyunu: Geosiyasi maraqlar və yeni həmlələr
17 Fevral 2025 19:14 SiyasətErmənipərəst iranlı siyasi şərhçi Ehsan Müvəhhedian bildirib ki, Zəngəzurda neft emalı zavodu tikilməsi layihəsi, gündə 100 min barrel İran neftinin əlavə xərclərsiz və endirimsiz satılmasını, sanksiya riskinin azaldılmasını, həmçinin Ermənistanın enerji təhlükəsizliyinin və İrandan asılılığının təmin olunmasını hədəfləyir. Layihə, regionda Amerika, NATO və İsrailin təsirini zəiflətməklə yanaşı, Avro-5 markalı benzinin istehsalı və yanacaq tranziti xərclərinin sıfırlanmasını da nəzərdə tutur. Təklifin əsas xarakteri isə siyasi istiqamətlidir.
Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova Olaylar.az-a bildirib ki, İran Cənubi Qafqazda, xüsusilə Azərbaycan və Türkiyə ilə münasibətlərdə öz maraqlarını qorumağa çalışır və Ermənistanı dəstəkləməklə regiondakı güc balansına təsir etməyə cəhd edir:
"Regionda baş verən bütün hadisələri son illərdə biz izləyirik və görürük ki, İran bu regiondakı vəziyyətə tamamilə bir başqa həmlə ilə yanaşır. İranın regionda gedən proseslərə, ən əsas da Azərbaycan və Türkiyəyə olan münasibətləri biz götürsək, Azərbaycanın 30 illik işğalı və ondan sonrakı 44 günlük müharibəsi, birinci və ikinci Qarabağ müharibəsi nəticəsində İranın regionda ermənilərə dəstək verdiyini və kiminlə daha çox ünsiyyətdə olduğunu, kimə daha yaxin olduğunu biz hər zaman görmüşük. Türkiyə- Azərbaycan tandemi baş verdikdən sonra regionda gedən bütün hadisələrdə İran artıq tək Azərbaycanla deyil, Türkiyə- Azərbaycan, Azərbaycan- Türkiyə tandeminə bir növ düşmənçilik aparmağa başladı. Çünki iki dövlətin bir- biri ilə bu qədər yaxın olması və Azərbaycanın ermənilər üzərində qələbə çalması bir növ İran bunu həzm edə bilmədi. Regionda iqtisadi və siyasi baxımdan güclü olan Azərbaycanla İranın düşmənçiliyi, sırf ermənilərə dəstək verməsi, proksi qüvvələri ilə din baxımından və ümumiyyətlə siyasi baxımdan Azərbaycanda bir qarışıqlıq yaratması və ermənilərə böyük maddi- mənəvi dəstək verməsidir. Bunu da Azərbaycan çox gözəl bildiyinə görə,Türkiyə- Azərbaycan cütlüyündə bu məsələdə İranı bir növ geri çəkməyə başladılar. Yəni İran məsələlərdən geridə qaldı və son "3+3" formatına gələnə qədər və İrana təklif olundu ki, İran tərsinə regionda bir yaxın dövlət olaraq iştirak eləsin. Rusiya və Türkiyə ilə bərabər böyük bir dövlət olaraq o da qoşulsun. Logistik və ümumiyyətlə bütün proyektlərdə İranın əli olsun. Ancaq buna baxmayaraq, bu görüşlər keçirildi, Zəngəzur dəhlizinin açılması məsələsi də gündəmə gəldikdən sonra İran yenə də öz əməllərindən geri çəkilmirdi. İran Ermənistana yenə də dəstək verirdi və bu tandem ilə əlaqəli çox böyük narahatçılıqlar yaradırdı. Biz bunu da bilirik ki, İran Azərbaycanın içində də nə qədər dini icmalara dəstək verməklə Azərbaycanda qarışıqlıqlar yaratmaq istəyib və istəyir".
Politoloq qeyd edib ki, Zəngəzur dəhlizinin açılması və iqtisadi layihələrdə iştirak imkanları İran üçün yeni perspektivlər yaratsa da, Tehran hələ də geosiyasi maraqlarını qorumaq üçün fərqli strategiyalar həyata keçirir.
"Zəngəzur dəhlizinin açılmasında Ermənistan icazə vermir və o yola getmirdi. Təbii ki, bunun təklifini Azərbaycan İran tərəfinə verdi və biz gördük ki, İran tərəfi bundan heç də narazı olmadı. Zəngəzur dəhlizinin açılması İranın bir növ bütün proyektlərdə və regionda yenidən canlanmasına gətirib çıxardı. Amma buna baxmayaraq, Zəngəzur dəhlizinin açılması Ermənistan tərəfindən müsbət qarşılanmadığına görə, İranın da öz istəkləri və bu məsələdə öz qoyacağı məsələlər var ki, buna görə də Zəngəzur dəhlizinin açılmasında bir az problemlər yaranır. İran bugünkü gündə Zəngəzur dəhlizinin açılmasıyla belə, Ermənistana tərəf bir addım ataraq, Ermənistana bu məsələdə yardım etməyə çalışır. Zavodun tikilməsi də elə bununla bağlıdır ki, bugünkü gündə iranlılar Ermənistanı Rusiyanın asılılığından azaldaraq daha çox özünə yaxınlaşdırması və ümumiyyətcə Ermənistanın Qərbə yaxınlaşması məsələsini də nəzərə alırlar. Ona görə də bu zavodun tikilməsi, bu həmlələrin getdikcə böyüməsi Ermənistanı Rusiyadan həm uzaqlaşdırmaq, həm regionda, guya ki, güc sahibi eləmək və təbii ki, özünün də İranın üzərindən artıq illərdə olan sanksiyalarının bir növ geri çəkilməsi və Rusiya kimi yəni, bu gün Ermənistan üzərindən qızıllarını, mallarını Avropaya, xaricə satırsa, eyni qaydada da İran öz neftini, qazını Ermənistan üzərindən hansısa Avropa dövlətlərinə, Qərb dövlətlərinə sata bilər. Bu da təbii ki, sanksiyaların azalmasına gətirib çıxarar və ümumiyyətlə İranın gələcəyinin iqtisadi baxımdan dirçəlməsinə, yüksəlməsinə gətirib çıxarda bilər. Geopolitik baxımdan da İranın burada rolunu artıraraq, İranın söz sahibi olmasına nəzərdə tutulan addımlardan biridir. Ona görə də bugünkü gündə İran tərəfi Ermənistana daha çox dəstək verməklə Ermənistanı bu məsələyə sövq etmək istəyirlər".
Ramiyə Məmmədova əlavə edib ki, Azərbaycan- İran münasibətlərində əsas qərarı İran tərəfi verməlidir.
"İranın getdikcə hər tərəfdən Yaxın Şərqdə, Qafqaz regionunda gedən proseslərdə gücünün azalması İranı narahat etdiyinə görə bu cür həmlələrə əl atır. İkinci bir tərəfdən də artıq Azərbaycan İrana qarşı müsbət addımlar da atıb. Hikmət bəyin İranla görüşləri, İran rəhbərliyi ilə olan görüşlərini nəzərə alsaq, təbii ki, İran bugünkü gündə Azərbaycanla, Azərbaycan da İranla daha yaxşı münasibətlərə bir addım irəliləməyə doğru gedir. Amma yenə də hər şey İrana bağlıdır. Çünki İran Azərbaycana qarşı düzgün münasibət göstərsə, İranın burda çıxarı və rolu daha böyük olacaq".
Səidə Ramazanova