Gələcək perspektivə köklənən MÜSAHİBƏ

Ölkə Prezidenti cənab İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibəsində bir sıra məqamlara toxunmaqla önəmli mesajlar verdi. Qarşıda duran vəzifələr barəsində detallı açıqlamalarla zəngin müsahibə yaxın gələcəkdə ölkəmiz və region üçün böyük ictimai maraq kəsb edir.

Müsahibədə əsas diqqət çəkən məqam yeni dünya nizamında Azərbaycanın yeri və rolu barəsindədir. Bu yöndə suala cavab verən Prezident İlham Əliyev qeyd etdi ki, bu proses artıq başlayıb və Azərbaycan prosesin fəal iştirakçısı olacaq: "Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir və məsuliyyət baxımından da xüsusi çəkiyə malikdir. Yeni nizam ədalətli olmalıdır və bu, Azərbaycanın uzun illər apardığı siyasətə də uyğundur. Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti suverenlik, müstəqillik, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək kimi prinsipial əsaslar üzərində qurulmuşdur. Ölkəmiz öz siyasətilə, sərmayə qoyuluşu ilə Cənubi Qafqazda faktiki olaraq, yeni nəqliyyat və energetika xəritəsini yaratmışdır. Bir tərəfi Xəzər üzərindən Orta Asiyaya, bir tərəfi Avropaya uzanan bu böyük coğrafiyada Azərbaycan faktiki olaraq əvəzolunmaz ölkəyə çevrilir. Bu gün müstəqil siyasət aparmaq iqtidarında olan ölkələr çox deyil. Buna görə də, möhtərəm dövlət başçımızın dediyi kimi, yeni dünya nizamı tam formalaşma prosesinə düşəndə Azərbaycanın mövqeyi də ən azı Cənubi Qafqazda və Xəzər hövzəsində nəzərə alınacaq və biz buna hazır olmalıyıq".

Azərbaycanın dünyada yüksək nüfuza sahib olan D-8 İslam ölkələri birliyinə üzv qəbul edilməsi məsələsinə toxunan dövlət başçısı bunu ölkəmizin növbəti uğuru kimi dəyərləndirdi: "Məlumdur ki, ölkəmiz bir sıra beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir, həmin təşkilatların üzvüdür və bu proses də davam edir. Keçən ilin dekabr ayının 19-da isə Azərbaycan D-8-ə üzv qəbul edildi. Bununla da həmin təşkilat demək olar ki, 30 ildən sonra Azərbaycanla öz sırasını genişləndirdi. Cənab Prezident bununla bağlı səsləndirilən sualı cavablandırarkən birmənalı olaraq vurğuladı ki, bu, bizim üçün növbəti uğurlu addım oldu. Çünki Azərbaycanın bu təşkilata qəbul edilməsi ölkəmizin nüfuzunu bir daha göstərir. D-8 müsəlman ölkələrini birləşdirən ən böyük təşkilatdır. Azərbaycan həmişə müsəlman aləminin dəyərli üzvü olmuşdur. O cümlədən, İslam Əməkdaşlıq Təşkilatının rəhbərlərinin açıqlamalarından da hər zaman bu qənaətə gəlmək olur ki, bu təşkilat da bütün dövrlərdə Azərbaycanla bağlı çox müsbət fikirdə olub. Azərbaycan daim bir çox müsəlman ölkələrinə yardımlar edib".

Azərbaycanın iqtisadi potensialı barəsində danışan Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf yolları və bu istiqamətdə atılacaq növbəti addımlara aydınlıq gətirdi: "Nəzərə alsaq ki, artıq uzun illər iqtisadi inkişafla bağlı əsas hədəflərimizdən biri sənaye istehsalının artırılmasıdır, qeyri-neft sənaye sektorunda artım daha da yüksəkdir. Bu, 7 faizdən çoxdur. Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanır. Bu göstəricilər, sadəcə olaraq, keçən ilin məhsulu deyil. Uzun illər aparılan iqtisadi islahatlar, şəffaflıq, inhisarçılığa qarşı mübarizə, investisiyaların cəlb edilməsi, investisiya iqliminin yaxşılaşdırılması nəticəsində beynəlxalq aparıcı reytinq agentliklərinin Azərbaycana olan münasibətində müsbət dəyişiklik görürük. Bütün bunlar onu deməyə əsas verir ki, iqtisadi sahədə dayanıqlı inkişafa nail ola bilmişik, bu il və gələn illərdə bu dinamika saxlanılacaq. Büdcə parametrləri də hər bir ölkənin iqtisadi potensialını əks etdirir. Bu ilin büdcəsi rekord səviyyədədir. Büdcə xərcləri 41 milyard manatdan çoxdur. İcmal büdcə isə 48 milyard manatı ötüb. Azərbaycan tarixində bu qədər böyük büdcə olmayıb".

Mətanət Səfərli

YAP Nəsimi Rayon Təşkilatının əməkdaşı

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31