Dövlət başçımızın çıxışları ən güvənilir istinaddır
13 Yanvar 17:16 Siyasət"Cənab Prezident İlham Əliyev yeni ilin ilk günlərində yerli televiziya kanallarına müsahibə verdi. Müsahibə demək olar ki, daxili və xarici siyasətimiz qədər regional və qlobal siyasətə də işıq tutdu. Təsadüfi deyil ki, müsahibə zamanı səsləndirilən fikirlər bir çox media resurslarında başlıqlara da çıxarıldı. İlk dəfə deyil ki, Cənubi Qafqazla bağlı reallıqların öyrənilməsi, dəqiq hesablamaların aparılması baxımından dövlət başçımızın çıxışları ən güvənilir istinaddır".
Bu fikirləri siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova Olaylar.az-a açıqlamasında bildirib:
"Çünki Azərbaycan müstəqil siyasət yürüdən, dar deyil geniş maraqlardan çıxış edən, reallıqlarını öz gücünə yaradan dövlətdir. Buna görədir ki, dövlət başçımız güc amili reallığını xüsusilə vurğuladı. Azərbaycan bu reallıqdan çıxış edərək hərbi və təhlükəsizlik xərclərini artırır. Buna görə də Ermənistanın bizimlə rəqabət aparması mümkün belə deyil. Silahlanmaya gəldikdə isə burda da disbalans, ədalətsizlik var. Ermənistana silahlar ya pulsuz ötürülür, ya da müəyyən zamandan sonra kreditlər silinir. Məqsədini və məramını sülh adı altında pərdələyən fond isə bu işlərin başında dayanır. Ermənistanın havadarları hər nə qədər danışıqlar formatına özlərini salmağa çalışsalar da, Azərbaycan maksimum çalışır ki, ikitərəfli danışıqlar formatı saxlanılsın. Tarixə qovuşan münaqişənin həlli boyu da bu cür olub. Bir tərəf Ermənistana pulsuz silahlar verib, qalan iki tərəf isə siyasi və mənəvi dəstək verib. Azərbaycan isə düzgün siyasət quraraq bütün planları alt-üst etdi. Müsahibənin ən maraqlı hissələrindən biri Fransanın, onun hazırki rəhbərinin şəxsiyyət amili üzərindən müqayisəli olaraq təhlili, acizliyinin üzə çıxarılması idi. Burada lider amili, onun bacarığı, bacarıqsızlığı bir daha məlum və təsdiq oldu. Dövlət başçımız hətta onu da vurğuladı ki, Fransada konsensus o zaman əldə olunur ki, yetər ki, orada azərbaycanafobiya olsun. Özünü dünyanın ən güclü dövlətlərindən biri sanan Fransa Cənubi Qafqazda 10 milyon əhaliyə malik bir dövləti özü üçün təhlükə bilir. Deməli, Emmanuel Makron özünü elə özü kimi, özü qədər cılız bilir. Azərbaycan isə sadəcə sərt güc amili baxımından güclənmir. D-8 kimi geniş bir coğrafiyanı əhatə edən təşkilata üzvlüyümüz, hədəf kimi müəyyənləşdirilən yürüdüləcək fəal siyasətimiz ondan xəbər verir ki, Ermənistan heç bir halda bizimlə rəqabət apara bilməz. Dünyanın fərqli bucaqlarında Ermənistanın ümid etdiyi kəslər də, rejimlər də tarixə qovuşur. Odur ki, regional aktorlarla münasibətləri normallaşdırmadan siyasət yürütmək demək olar ki, mümkünsüzdür".
Zeynəb Rzayeva