"Türkiyə-Azərbaycan müttəfiqliyi regionda sülhün və təhlükəsizliyin qarantıdır" – ÖZƏL

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycan Prezidentinə və Azərbaycan xalqına ünvanladığı təbrik, ilk növbədə, iki qardaş ölkə arasındakı münasibətlərin nə qədər möhkəm siyasi və mənəvi təməllərə söykəndiyini bir daha nümayiş etdirir. Burada diqqət çəkən məqam təkcə diplomatik təbrik deyil, həm də bu təbrikin verildiyi məkan və siyasi kontekstdir. Ərdoğanın Azərbaycan hava məkanından keçərkən bu müraciəti ünvanlaması özlüyündə rəmzi və səmimi məna daşıyır. Bu o deməkdir ki, iki dövlət arasında münasibətlərə üçüncü qüvvə müdaxilə edə bilməz. Məlumdur ki, Türkiyə-Azərbaycan münasibətləri adi diplomatik tərəfdaşlıq çərçivəsini çoxdan geridə qoyub. Bu münasibətlər ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada və strateji maraqların uzlaşmasına əsaslanır. Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın siyasi iradəsi nəticəsində bu əlaqələr müttəfiqlik səviyyəsinə yüksəlib. Şuşa Bəyannaməsi isə həmin müttəfiqliyin hüquqi-siyasi əsaslarını daha da möhkəmləndirib".

Bu fikirləri Səs qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev Olaylar.az-a açıqlamasında deyib. Ekspert qeyd edib ki, Ərdoğanın Zəfər Günü münasibətilə təbriki həm də Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbəyə və regionda formalaşdırdığı yeni geosiyasi reallıqlara verilən siyasi dəstəyin ifadəsidir. Türkiyə bütün bu proseslərdə Azərbaycanın yanında olduğunu dəfələrlə nümayiş etdirib. Bu, sadəcə qardaşlıq münasibətlərinin deyil, həm də beynəlxalq münasibətlər sistemində etibarlı müttəfiqliyin göstəricisidir. Digər tərəfdən, mövcud regional proseslər Türkiyə-Azərbaycan əməkdaşlığının əhəmiyyətini daha da artırır. Cənubi Qafqazda sülhün təmin olunması, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, nəqliyyat-kommunikasiya xətlərinin açılması və Orta Dəhlizin inkişafı yeni geosiyasi reallıqlar yaradır. Bu reallıqlar fonunda Ankara ilə Bakının koordinasiyalı siyasəti regional təhlükəsizliyin mühüm amilinə çevrilir.

"Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyə ilə Azərbaycanın güclü müttəfiqliyi hər hansı üçüncü dövlətə qarşı yönəlmiş siyasət deyil. Əksinə, bu əməkdaşlıq regionda güc balansının qorunmasına, xarici müdaxilə risklərinin azalmasına və dövlətlərin suveren hüquqlarına hörmət əsasında dayanıqlı sülhün formalaşmasına xidmət edir. Eyni zamanda, Türkiyənin Cənubi Qafqazda artan siyasi və iqtisadi mövcudluğu Azərbaycanın regional mövqelərini gücləndirir. Enerji, nəqliyyat, müdafiə sənayesi və təhlükəsizlik sahələrində əməkdaşlıq iki ölkənin imkanlarını genişləndirməklə yanaşı, bütövlükdə türk dünyasının geosiyasi çəkisini artırır. Hesab edirəm ki, bu gün Türkiyə-Azərbaycan münasibətləri təkcə iki dövlətin milli maraqları baxımından deyil, həm də daha geniş regional təhlükəsizlik arxitekturası baxımından strateji əhəmiyyət daşıyır. Ərdoğanın Zəfər Günü təbriki də bu siyasi xəttin davamlılığını və qarşılıqlı müttəfiqliyə verilən yüksək önəmi təsdiqləyən növbəti mesajdır", - deyə B.Quliyev əlavə edib.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31