Ukraynanın təhlükəsizlik zəmanətləri: Yeni mexanizm, yoxsa növbəti Budapeşt Memorandumu?-ÖZƏL

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoffun "X" hesabında verdiyi məlumata görə, amerikalı danışıqçılar bu həftə Brüsseldə Böyük Britaniya, Almaniya, Fransa, Aİ və NATO nümayəndələri ilə görüşəcəklər. Məsləhətləşmələrdə Kiyevə yardım, müharibədən sonrakı təhlükəsizlik zəmanətləri, Avropanın təhlükəsizlik arxitekturası və Ukraynanın bərpası üçün iqtisadi imkanlar müzakirə olunacaq.

Avropa ABŞ-nin təklif etdiyi təhlükəsizlik modelini qəbul edəcəkmi? Əbu-Dabi məsləhətləşmələrində Rusiya və Ukraynanın kompromisə gəlmək ehtimalı nə qədər yüksəkdir?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:

"  ABŞ nümayəndəsi Stiv Uitkoffun Böyük Britaniya, Almaniya və Fransa nümayəndələri ilə görüşündə, təbii ki, əsas müzakirə mövzusu Ukrayna məsələsi olacaq. Nəzərə alsaq ki, bu ayın 10-11-də Əbu-Dabidə üçtərəfli görüş keçiriləcək və həmin görüşə qədər ABŞ nümayəndələri Rusiya və Ukrayna ilə ayrı-ayrılıqda danışıqlar aparırlar, Avropa ölkələri də bu prosesdə müəyyən formada iştirak etməyə çalışırlar.
Stiv Uitkoffun qeyd etdiyinə görə, görüş zamanı yardım və gələcək təhlükəsizlik zəmanətləri ilə bağlı məsələlər müzakirə olunacaq. Şübhəsiz ki, Avropa ölkələri də bu danışıqlar masasında yer almağı və öz mövqelərini ABŞ tərəfinə çatdırmağı düşünürlər.
Ukraynanın gələcək təhlükəsizlik arxitekturasına gəldikdə isə bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir və hazırda ən ciddi müzakirə mövzularından biri də məhz budur. Ukrayna hesab edir ki, Rusiya ilə müharibə başa çatdıqdan sonra onun təhlükəsizliyinin təmin olunması üçün real təminatlar, zəmanətlər verilməlidir. Bu baxımdan, Ukraynanın NATO-ya üzvlüyü məsələsi, demək olar ki, qapanmış hesab olunur. Bir çox NATO üzvü, o cümlədən ABŞ Ukraynanın Alyansa qəbul edilməyəcəyini açıq şəkildə ifadə edir. Lakin real təhlükəsizlik zəmanətləri verilərsə, bu zəmanətlər 1994-cü ildə imzalanmış Budapeşt Memorandumunda nəzərdə tutulan təhlükəsizlik təminatlarından fərqlənərsə və Rusiya da bu mexanizmin iştirakçısı olarsa, həmin mexanizmləri etibarlı hesab etmək mümkün ola bilər.
Əks halda, beş ildən sonra gələcəkdə növbəti Budapeşt Memorandumu kimi bir təhlükəsizlik zəmanəti sənədi ilə üzləşmək təhlükəsi yarana bilər. ABŞ-ın keçirəcəyi görüşlərdə Rusiya və Ukraynanın kompromisə gəlmək imkanlarına gəldikdə isə düşünürəm ki, tərəflər hələlik kompromisə hazır deyillər. Onların mövqeləri bir-birindən ciddi şəkildə fərqlənir, hətta diametral ziddiyyət təşkil edir. Bu baxımdan, hələlik bir görüş nəticəsində ciddi irəliləyişin əldə olunması real görünmür".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31