Azərbaycan müxtəlif dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlığı təşviq edir
29 Noyabr 16:23 Siyasətİstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.
Azərbaycan müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Azərbaycanın tarixi inkişafının xüsusiyyətləri, coğrafi mövqeyi, əhalisinin etnik tərkibi bu ərazidə müxtəlif dinlərin mövcudluğuna şərait yaratmışdır. Ayrı-ayrı dövrlərdə bütpərəstlik, zərdüştilik, iudaizm, xristianlıq, islam və bir çox başqa dini cərəyanlar ölkədə bu və ya digər dərəcədə yayıla bilmiş, bir-birinə qarşılıqlı təsir göstərmişdir. Bu baxımdan, multikulturalizm və tolerantlıq tarixən azərbaycanlıların həyat tərzi olub. Bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilib. Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir. Multikultural və tolerant dəyərlər ümumbəşəri xarakter daşıyır. Azərbaycan kimi multikultural bir dövlətdə dinlərarası və mədəniyyətlərarası dialoqa hər zaman böyük önəm verilir.
Azərbaycanda min illər öncə formalaşmış tolerantlıq ənənələri zaman keçdikcə yeni xüsusiyyətlər qazanmış və bu coğrafiyada yaşayan insanların başlıca keyfiyyətinə çevrilmişdir. Müxtəlif mədəniyyət və sivilizasiya nümayəndələri arasında körpülərin qurulması, birgəyaşayışı əks etdirən dəyərli tarixi təcrübəyə, örnək tolerantlıq modelinə malik Azərbaycan dövləti bu ideyanı aşılamaqda israrlı görünür. Azərbaycanda tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. Məlumat üçün qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə ölkəmizdə "Bakı Prosesi", sivilizasiyalararası dialoqun inkişafına yönəlmiş Qlobal Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Beynəlxalq Humanitar Forumu, Dünya Dini Liderlərinin Zirvə toplantıları, eləcə də BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu və Bakı Beynəlxalq "Dinlərarası və mədəniyyətlərarası əməkdaşlıq" Konfransı kimi mötəbər tədbirlər keçirilib. Dünyanın müxtəlif regionlarından olan xristian, müsəlman, yəhudi, hinduist, buddist və digər din və inanc nümayəndələrinin müasir dünyanı təhdid edən problemlərlə bağlı vahid və yekdil mövqe bildirmək üçün bir araya gəldikləri buna bənzər dinlərarası tədbirlərin mütəmadi keçirilməsi ölkəmizdə ənənə halını alıb.
Dünya dini liderlərinin I və II Ümumdünya sammitlərinə ev sahibliyi etmiş Azərbaycanda COP29 çərçivəsində keçirilən budəfəki III Sammit bəşəri əhəmiyyət daşıyan, planetimizin gələcəyi üçün həyati önəm kəsb edən konkret problemin - iqlim dəyişmələri probleminin mənəvi dəyərləndirilməsi işinə real töhfələr vermək məramı daşıyırdı. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti xüsusi çəkiyə malik idi. Tədbirin yekun sənədi kimi qəbul edilən Bakı Bəyannaməsi mühüm əhəmiyyətə malikdir. Ona görə ki, sözügedən tədbirdə Bakıya cəmləşən dini liderlər bəşəriyyətin üzləşdiyi fəlakətin aradan qaldırılması üçün vahid mövqe nümayiş etdirdilər.
Bu gün Azərbaycanda yalnız kilsə və sinaqoqlar deyil, eyni zamanda bir çox xristian, yəhudi dini tədris müəssisələri sərbəst, heç bir maneə olmadan fəaliyyət göstərir və onlara dövlət tərəfindən qanun çərçivəsində lazımi dəstək verilir. Çünki dinlərə və dini fəlsəfi cərəyanlara münasibətdə tolerantlığı ilə seçilən Azərbaycan xalqı bu spesifik keyfiyyətinə görə nəinki Şərqdə, hətta bütün dünyada fərqlənmiş və bu gün də fərqlənməkdədir. Azərbaycanda müxtəlif dini konfessiyalar tərəfindən ibadət evlərinin tikintisinə və bərpasına fərqli dini icmaların nümayəndələrinin maddi və mənəvi dəstək verməsi, ianələr toplaması tarixi keçmişimizdən qalan mütərəqqi ənənədir. Bu ənənənin əyani sübutu olaraq 16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə Bakıda Tolerantlıq Evinin açılışı olub. Təsadüfi deyil ki, bu bina Azərbaycanın tolerantlıq tarixini əks etdirən nümunələrlə zəngindir. Tolerantlıq Evində 3 ənənəvi dinin atributları, müqəddəs dini kitablar, etnoqrafik eksponatlar, dini liderlərə aid təltiflər, şəxsi hədiyyələr, dövlət mükafatları, xarici dövlətlərdən hədiyyə olunmuş əşyalar nümayiş etdirilir. Tolerantlıq Evində nümayiş olunan əşyalar Azərbaycanda tolerantlıq mühitinin yüksək səviyyəsini əyani şəkildə göstərir. Açılış mərasimində çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə bildirib ki, Azərbaycanda tolerantlıq ənənələri dünyaya nümunədir: "Tolerantlıq Evinin özü də bir nümunədir. Dünyada bəlkə də bunun analoqu yoxdur. Tolerantlıq Evi elə bir alovdur ki, bu, bütün dünyaya bir işıq saçır. Gün gələcək bütün dünya bunun mahiyyətini anlayacaq".
Mərasimdə iştirak edən Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri, nümayəndələri Tolerantlıq Evinin açılışını yüksək qiymətləndiriblər. Azərbaycandakı Dağ yəhudiləri icmasının sədri Melix bildirib ki, Tolerantlıq Evinin açılması Azərbaycanda hökm sürən tolerantlıq və multikultural mühitin bariz nümunəsidir: "Tolerantlıq Evinin yaradılması gələcəkdə ölkəmizə gələcək bütün qonaqlara Azərbaycanın nə dərəcədə tolerant ölkə olduğunu nümayiş etdirməyə imkan verəcək". Rus Provaslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəbhəri Yepiskop Aleksiy Bakıda Tolerantlıq Evinin açılışını təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün unikal hadisə adlandırıb: "Azərbaycanda bütün xalqlar və dinlərin nümayəndələri sülh şəraitində yaşayırlar. Dünya bunu təbii qarşılasa da, dinlər və xalqlar arasında fikir ayrılıqlarının çoxaldığı indiki dövrdə buna nail olmaq xüsusilə əhəmiyyətlidir. Azərbaycanda dini liderlərin mövqeyi dünyaya bir daha göstərir ki, müsəlmanlar, xristianlar və yəhudilər bu torpaqlarda birgə, sülh şəraitində yaşaya bilirlər". Katolik Kilsəsinin ölkəmizdəki apostol prefekti yepiskop Valdimir Fekete, Bakıdakı Avropa Yəhudiləri dini icmasının sədri Aleksandr Şarovski çıxış edərək Tolerantlıq Evinin fəaliyyətə başlamasını mühüm hadisə adlandırıblar.
Sadalanan faktlar deməyə əsas verir ki, Azərbaycan müxtəlif dinlər arasında qarşılıqlı hörmət və əməkdaşlığı təşviq edərək dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndirən ölkədir. Ölkəmiz tərəddüd etmədən bəşəri dəyərlərə hörmət, mərhəmət və qayğını təbliğ edir ki, bu da dünya dinlərinin aparıcı ideoloji xətti hesab olunur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Azərbaycanda uğurlu inkişafın, sabitliyin bərqərar olması istiqamətində atılmış bütün addımların arxasında dini və milli dözümlülük, tolerantlıq və multikultural dəyərlər dayanır. Dövlət başçısının bu fikri Azərbaycanda dinlərarası dialoqun yüksək səviyyədə olduğunun göstəricisidir. Ümumilikdə, ölkəmiz dinlərarası dialoqun vacibliyini yüksək qiymətləndirir. Bu səbəbdən də müxtəlif dinlərin təmsilçilərinin birgə fəaliyyəti üçün çoxsaylı platformalar təşkil edilib.
Onu da qeyd edək ki, Azərbaycan hökumətinin din siyasətinin prioritet istiqamətlərindən biri məhz tolerantlıqla bağlıdır. Belə ki, xalqımızın minilliklər boyu formalaşmış tolerantlıq ənənələrini qoruyub saxlamaq, inkişaf etdirmək, yerli və beynəlxalq səviyyədə təşviq və təbliğ etmək dövlətin din siyasətinin əsas hədəfləri sırasındadır. Dövlətin tolerantlıq prinsiplərinə yanaşmasını həm dini konfessiyalara, müxtəlif dinlərin nümayəndələrinə, tarixi-dini abidələrin bərpasına, həm bu istiqamətdə təşkil etdiyi beynəlxalq konfranslara münasibətdə, həm də milli qanunvericiliyin mahiyyətində açıq- aydın görmək mümkündür. Hazırda Azərbaycanın dünyaya təqdim etdiyi model bir çox mütərəqqi dövlətlər tərəfindən rəğbətlə qarşılanır və nümunə kimi tətbiq edilməkdədir. Bu model tarixi köklərə bağlı olduğu üçün daha dayanıqlıdır.
Alim Hüseynli
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap edilmişdir.