Rusiya Aİİ ölkələrinin beynəlxalq sürücülərinə qoyulan məhdudiyyətləri aradan qaldıra bilər – ÖZƏL

Rusiya Federasiyasında Aİİ ölkələrindən (Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus) olan beynəlxalq yükdaşıma sürücülərinə tətbiq edilən qalma müddəti məhdudiyyətlərinin ləğvi müzakirə olunur. 

Olaylar.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan nəşrinə Avrasiya İqtisadi Komissiyasından (AİK) məlumat verilib.

2025-ci il yanvarın 1-dən Rusiyada qüvvəyə minmiş "Xarici vətəndaşların hüquqi vəziyyəti haqqında" federal qanuna (№115) edilən dəyişikliklərə əsasən, vizasız rejimlə gələn əcnəbilər, əgər miqrasiya kartında məqsəd kimi "iş" göstərilməyibsə, artıq il ərzində yalnız 90 gün Rusiya ərazisində qala bilərlər. Əvvəllər bu müddət hər 180 gün üçün 90 gün idi.

AİK bildirib ki, məsələ Komissiyanın diqqət mərkəzindədir və problem iki istiqamətdə həll olunur.
Birinci istiqamət - beynəlxalq avtomobil daşımaları həyata keçirən Aİİ ölkələri sürücülərinə tətbiq edilən inzibati tədbirlərin aradan qaldırılmasıdır.
İkinci istiqamət isə - həmin sürücülərə yeni qanunun qalma müddəti ilə bağlı tələblərinin şamil edilməməsidir.

Komissiyanın məlumatına görə, məsələni operativ həll etmək üçün üzv ölkələrin səlahiyyətli qurumları və biznes nümayəndələrinin iştirakı ilə xüsusi qərargah yaradılıb. Qərargah beynəlxalq daşımalar zamanı miqrasiya prosedurları ilə bağlı hallar barədə məlumat toplayır və Rusiya orqanlarına təqdim edir.

AİK vurğulayıb ki, çoxşaxəli əməkdaşlıq sayəsində bir sıra hallarda sürücülərlə bağlı problemlər operativ şəkildə həll olunub. Komissiya vəziyyəti daimi olaraq izləyir və sistemli həll yolları üzərində işləyir.

Qeyd edək ki, "Erməni Karitası" təşkilatının miqrasiya proqramı eksperti Tatevik Bejanyan bir neçə erməni yükdaşıyıcısının Rusiya ərazisində qalma müddətini aşdığı üçün ölkəyə giriş qadağası ilə üzləşdiyini bildirmişdi. Bu səbəbdən sürücülər hökumət qarşısında etiraz aksiyaları keçirmiş, iqtisadiyyat naziri Gevork Papoyan isə məsələnin Aİİ səviyyəsində fəal şəkildə həll olunduğunu açıqlamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31