Üçrəngli bayrağımız azadlıq ideallarına sadiqliyimizi bütün dünyaya bəyan edir-Özəl
11:14 Siyasət"Müstəqil Azərbaycan dövlətinin suverenliyini, xalqımızın milli kimliyini, azadlıq məfkurəsini və əsrlər boyu yaşatdığı dövlətçilik ənənələrini özündə ehtiva edən ən müqəddəs atributumuz məhz üçrəngli dövlət bayrağımızdır. Ümummilli Lider Heydər Əliyevin dediyi kimi: "Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin." "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Anar Məmmədov deyib: "Hər il ölkəmizdə böyük qürur və coşğu ilə qeyd olunan 9 Noyabr - Dövlət Bayrağı Günü xalqımızın öz tarixinə, milli dəyərlərinə və gələcəyinə olan sadiqliyinin nümayişidir. Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla təsis edilən bu əlamətdar gün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinə əsasən qeyri-iş günü olan bayramların siyahısına daxil edilmişdir.
Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli dövlət bayrağımızın şanlı tarixi birbaşa Cümhuriyyət dövrü ilə bağlıdır. 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilən bu bayraq ilk dəfə Nazirlər Şurasının binası üzərində qaldırılmış və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Dövlət bayrağımızın təməlində dayanan rənglər XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın prinsiplərini əks etdirir. Görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadənin müəllifi olduğu "Türkçülük, müasirlik və islamçılıq" düsturunu özündə birləşdirən üçrəngli bayrağımız azadlıq ideallarına sadiqliyimizi bütün dünyaya bəyan edir.
Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının rəsmi şəkildə yenidən ucaldılması Naxçıvan Muxtar Respublikasının Ali Məclisində, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmişdir. 1990-cı il noyabrın 17-də hələ Sovet hakimiyyətinin və Kommunist Partiyasının mövcud olduğu bir dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında Naxçıvanın adından "Sovet Sosialist" sözləri çıxarılmış və 1918-ci il Cümhuriyyət bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qaldırdığı vəsatət əsasında 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında" Qanun qəbul edərək onu yenidən respublikanın Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də qəbul olunan "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə ölkəmiz Xalq Cümhuriyyətinin varisi kimi dövlət rəmzlərini, o cümlədən bayrağımızı qəti olaraq bərpa etdi".