Misir BMT-də Qəzzaya beynəlxalq qüvvələrin göndərilməsi ilə bağlı qətnamə layihəsi hazırlayır - ÖZƏL

Misir Xarici İşlər Nazirliyi bildirib ki, Qəzzadakı vəziyyətin tənzimlənməsi istiqamətində növbəti addım BMT Təhlükəsizlik Şurasında beynəlxalq qüvvələrin yerləşdirilməsinə dair qətnamə layihəsinin hazırlanması olacaq.
Olaylar.az xəbər verir ki, bu barədə Misirin xarici işlər naziri Bədr Abdel Aty Hindistanın paytaxtı Nyu-Dehlidə keçirdiyi brifinqdə məlumat verib. Nazir qeyd edib ki, "HƏMAS Qəzza ilə bağlı sülh planının bütün bəndlərini qəbul edib. Növbəti mərhələ Nyu-Yorka - BMT Təhlükəsizlik Şurasına gedərək beynəlxalq qüvvələrin legitimliyini təsdiqləyəcək qətnamə layihəsini hazırlamaqdan ibarətdir. Bu qüvvələr planın icrasına nəzarət baxımından son dərəcə vacibdir". Abdel Aty əlavə edib ki, Misir bu sənədlə beynəlxalq qüvvələrin mandatını və fəaliyyət istiqamətlərini müəyyən etməyə çalışır: "Bizim məqsədimiz qətnaməni hazırlamaq, bu qüvvələrin legitimliyini təmin etmək və onların fələstinlilərə tam dəstək verməsini təmin etməkdir."
Qeyd edək ki, bazar ertəsi Misirin Şarm əl-Şeyx şəhərində Qəzzada atəşkəsin əldə olunması və israilli girovların azad edilməsi ilə bağlı sülh sammiti keçirilib. 
Misir Prezidentinin Administrasiyasının məlumatına görə, görüş iştirakçıları Trampın Qəzza planının növbəti mərhələlərinin həyata keçirilməsinə, o cümlədən idarəçilik, infrastrukturun bərpası və siyasi nizamlanma məsələlərinə dair çağırış ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31